Almaniya Rusiyaya qarşı sanksiyaları faydasız hesab edir
Almaniyanın “Leuchtstoffwerk Breitungen” kimya şirkətinin rəhbəri Volfqanq Ayzenberq dünyanın əhəmiyyətli hissəsinin sanksiyalara qoşulmaması səbəbindən Rusiyaya qarşı sanksiyaların işə yaramadığını bəyan edib.
“Hindistan nefti endirimlə əldə edə bildiyi üçün xoşbəxtdir. Bu, həqiqətən, məsələnin düzgün həll yoludurmu? Biz sanksiyalarla özümüzü zəiflətməməliyik. Amma qaz embarqosu tətbiq olunarsa, məhz bu baş verəcək”, – deyə Ayzenberq qeyd edib.
Onun sözlərinə görə, Rusiya qazı olmasa, onun şirkəti işıqsız qala bilərdi, eyni zamanda hasilatı ən azı üçdə bir qədər, maksimum 50 faiz azaltmaq lazım gələ bilərdi.
“İşçilər embarqonun şirkət və iş yerləri üçün kəsb etdiyi anlam barədə əmin deyillər. İnsanlarımızı mütəmadi olaraq məlumatlandırırıq, amma çox şey haqqında məlumatlı deyilik. Biz hamımız ümid edirik ki, daha pisi olmayacaq”, - deyə şirkət rəhbəri vurğulayıb.
Avropa Komissiyası hesab edir ki, Rusiya Aİ-nin istehlak etdiyi qazın 40 faizini, neftin 25 faizindən çoxunu və kömürün təxminən 50 faizini təmin edir.
Avropa Komissiyasından daha əvvəl bildirilmişdi ki, bu il qaz istehlakını üçdə iki həddə azaltmağı və “2030-cu ildən daha tez” bir müddətdə Rusiyadan tədarükdən tamamilə imtina edilməsini mümkün hesab edirlər. AK Rusiya Federasiyasından tədarükün üçdə birinin ABŞ və Qətərdən gələn mayeləşdirilmiş təbii qazla əvəz oluna biləcəyini düşünür.
Almaniyanın “E.On” enerji konserninin rəhbəri Leonard Birnbaum isə bir müddət əvvəl bildirmişdi ki, yaxın gələcəkdə Rusiya qazından imtina etmək mümkün deyil və bu, təxminən üç il çəkə bilər.//Oxu.az