“Şənbə günü danışarıq…” – Zelenski Putini necə aldatdı, Qərbi necə yola gətirdi?
“Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyir ki, Kiyev Moskva ilə danışıqları şənbə gününə qədər təxirə salıb. Görünür, Qərb Ukraynaya dəstək sözü verib. Putinin görüş təklifini NATO iclasından əvvəl qəbul etməsi də Kiyevə mümkün dəstəyin verilməsindən öncə hərəkətə keçməsi idi”.
Bu sözləri siyasi şərhçi Asif Nərimanlı son prosesləri şərh edərkən deyib.
“Danışıqlar “neytral status” – Ukraynanın faktiki təslim olması üzərində aparılacaqdı və Kiyev üçün yaxşı heç nə vəd etmirdi. Zelenski “danışıqlara hazırıq” sözləri ilə Qərbə son mesajını verdi və NATO-nun silah dəstəyi ilə bağlı qərar qəbul etməsinə nail oldu”, – deyə siyasi çərhçi bildirib.
Asif Nərimanlının sözlərinə görə, Ukrayna indi iki hədəf üzərində işləyir:
“Birincisi, Qərbin vəd etdiyi dəstək gələnə qədər danışıqlar məsələsi ilə zaman qazanmaq, hücumun təzyiqini azaltmaq. İkincisi, masaya oturmağa məcbur olarsa, döyüş meydanında müəyyən üstünlüyü əldə etmək və əlini gücləndirmək. Mümkündür ki, ən ağır döyüşlər qarşıdakı 24 saatda olacaq”.
Turan Rzayev