Ermənilər Qarabağda “prezident” seçkisini müzakirə edir – Azərbaycan hücuma hazırdır
“Müəlliflərin fikrinə görə, “Dağlıq Qarabağda”yaxın gələcəkdə siyasi sistemin və dövlət idarəçiliyi sisteminin gücləndirilməsinə yönəlmiş mühüm dəyişikliklər gözlənilir. O cümlədən, söhbət “Konstitusiya”ya dəyişiklikdən gedir.
Bir az irəli nəzər salaraq qeyd edirik ki, qarşıdan gələn islahatlar Dağlıq Qarabağın başçısı Arayik Arutyunyanın tezliklə istefaya getməsi ilə bağlı şayiələr və söz-söhbətlərə səbəb olub. Lakin sonradan onun mətbuat katibi Lusine Avanesyan bu şayiələri təkzib edib”.
Azia.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu fikirlər Sputnik Ermənistanın nəşr etdiyi bir məqalədə yer alır. Yazıda daha sonar deyilir:
“Avanesyan bir müddət əvvəl Sputnik-in müxbirinə müsahibəsində Qarabağda konstitusiya islahatları prosesinin başlandığını elan etdiyini və bunun bir sıra suallara cavab verəcəyini bildirib. Və bu proses başa çatana qədər rəsmi “Stepanakert”in nümayəndəsi bütün digər müzakirələrə münasibət bildirməkdən çəkinir.
Siyasi strateq Vigen Akopyanın fikrincə, Dağlıq Qarabağda elan edilmiş konstitusiya islahatlarının əsas ideyası prezident seçkilərinin Milli Assambleyaya seçkiləri ilə “əlaqəsini kəsmək”dir. Mövcud Konstitusiyaya görə, onlar sinxron şəkildə keçirilir ki, bu da bir çox dövlət inzibati xarakterli problemlərə səbəb olur.
“Mövcud Konstitusiyaya görə, Qarabağ parlamenti və prezident institute, obrazlı desək, “siam əkizləri”dir. Prezidentin istefası avtomatik olaraq parlamentin buraxılması ilə nəticələnir və əksinə. Bundan sonra parlament və prezident seçkiləri eyni vaxtda keçirilir. Müharibədən sonrakı hazırkı reallıqlarda parlamentin buraxılması və prezidentin istefası “defolt olaraq” Qarabağı heç olmasa bir legitim instituta malik olmaq imkanından məhrum edir. Bu, korrektə edilməlidir”, – Akopyan Sputnik Ermənistan-a müsahibəsində bildirib.
Əsas Qanuna dəyişikliklər adıçəkilən qurumlardan birinin istefaya getdiyi və ya ləğv edildiyi halda onun saxlanılmasına imkan verəcək. Ekspert həmçinin hesab edir ki, Moskvanın mühüm rolu, sülhməramlılar amili və s. nəzərə alınmaqla, islahat prosesi böyük ehtimalla həm Ermənistan hakimiyyəti, həm də Rusiya tərəfi ilə razılaşdırılıb.
Arutyunyanın hipotetik istefasına gəlincə, siyasi strateq hesab edir ki, bu halda Dağlıq Qarabağ ətrafında mövcud geosiyasi vəziyyəti nəzərə alaraq yeni seçkilərin təyin edilməsi və keçirilməsi çox problemli olacaq.
“Müxtəlif güc mərkəzlərinin geosiyasi maraqları Qarabağ ətrafında bir-birinə qarışıb. İstisna etmirəm ki, bu ziddiyyətlər son nəticədə seçki prosesini poza bilər. Odur ki, siyasi sistem üçün gələcək streslərin qarşısını almaq üçün Konstitusiyanı indi təkmilləşdirmək daha yaxşıdır”, – Akopyan bildirib.
Öz növbəsində, politoloq Yervand Bozoyan Dağlıq Qarabağ rəhbərinin istefası ilə bağlı söhbətləri təhlükəli hesab edir. “Sputnik Ermənistan”a şərhində Bozoyan hazırkı prezidentin gedişinin Azərbaycanın müdaxiləsi üçün səbəb olacağını vurğulayıb. Bakı artıq Dağlıq Qarabağın daxilində olan bəzi məsələləri həll etmək üçün mövqeyini sərtləşdirəcək və şərtlərini diktə etməyə başlayacaq.
“Dağlıq Qarabağ ətrafında vəziyyət onsuz da çox kövrəkdir, Ermənistan və Türkiyə münasibətləri normallaşdırmaq üçün danışıqlar prosesinə başlayıb və Bakıdan hər cür bəyanatlar və təhdidlər eşidilir. Hər şey onu göstərir ki, Ankara-Bakı tandemi münasibətləri sərtləşdirməyə çalışır. Rusiya ilə Qərb arasında gərginlikdən istifadə etmək də daxil olmaqla, Ermənistanın ətrafında həlqəni sıxmaq. Belə şəraitdə yeni seçkilər bizim üçün əsl çağırış olacaq”, – Bozoyan bildirib.
Ekspertin nöqteyi-nəzərindən indi vəziyyət 2020-ci ildəki 44 günlük müharibədən əvvəlki vəziyyətdən köklü şəkildə fərqlənir. O zaman Ermənistan Dağlıq Qarabağın təhlükəsizliyinin tam hüquqlu təminatçısı idi. Amma hətta o cür şəraitdə belə tanınmamış respublikada keçirilən seçkilər beynəlxalq ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. İndi Azərbaycan mümkün qədər çox geosiyasi dividendlər çıxarmaq üçün müxtəlif təxribatlara əl ata bilər və ya Rusiya tərəfinə təzyiqləri artıra bilər.
Bozoyan özünü Arutyunyanın tərəfdarı hesab etmir, lakin onun istefası və yeni seçkilər zamanı itkilərin qarşısını almaq mümkün olmadığını iddia edir. Türkiyə və Azərbaycan sadəcə olaraq yeni eskalasiya üçün əlavə səbəb gözləyirlər. Bu mənada yeni seçkilər onlar üçün “hədiyyə” olacaq”.