azia.az
azia.az

“Yaxşı oğlan” olmağın şərtləri

20-05-2019, 08:44

Sevinc TELMANQIZI
“Yaxşı oğlan” olmağın şərtləri

Yaxın bir neçə gün ərzində işimiz-gücümüz xal saymaq olacaq. “Eurovision” yarışmasında hansı ölkə bizə nə qədər xal verdi, biz onlara nə qədər xal hədiyyə etdik. Vurub-çıxıb, sonra da bölüb gələcək taleyimizi, müqəddəratımızı təxmin edəcəyik öz aləmimizdə. Ruspərəstlərin xal jestindən gözlərinin yaşardığı bir vaxtda bayrağımızı yenə tərs şəkildə tutub yelləyənlərin əlindən zəncir çeynəyəcəyik. Hə, bu arada da məğlubiyyətimizin verdiyi sevinci yaşayanlar olacaq. Heç kəs sonuncuları “düşmən dəyirmanına su tökən” adlandırmasın. Çünki orada bir təcrübə, acı yaşamışıq, tıxaclı-məhbuslu, milyonların sovrulduğu bir ev sahibliyi təcrübəmiz var. Necə deyərlər, dadı damağımızdan getməyib hələ. Bir neçə il gedəcək kimi də deyil. Ona görə də məğlubiyyət xəbərindən yallı gedənləri daşa basmasaq, daha yaxşı olar.

Amma bu məsələdə bəzi politoloqlar daxil, biz jurnalistləri də maraqlandıran məqamlar var. Məsələn, Azərbaycanı təmsil edən müğənninin işğalda olan rayonlarımızı xatırlatmaq adına, Dağlıq Qarabağı dünya ictimaiyyətinin nəzərinə bir daha çatdırmaq məqsədilə heç nə etməməsi. Tamam, ora musiqi yarışması ola bilər. Amma adı üstündə, eyni zamanda da siyasi yarışmadır. Hansı ölkə hansına nə qədər xal verir, əvəzində nə qədər xal alır - bunlar diplomatik tarazlığı müəyyənləşdirir. O zaman bir neçə cümlə, Qarabağa dair bir mahnı, klipdə bir xatırlatma... Bütün bunlar niyə olmasın, niyə olmamalıdır ki? Yarışmada məğlubiyyət tamam, barı təbliğatda uduzmayaq, bu cür böyük imkanlardan, platformadan layiqincə istifadə edək. Etmədik...

Böyük, geosiyasi məsələlərə görə baş sındıranlarla yanaşı, ölkə insanı həm də övladını intihara sürüklədiyini iddia etdiyi müəlliməyə qarşı hücuma keçən azərbaycanlının dərdini də müzakirə edir. Dünyanın o yarışa çıxdığımız inkişaf edən ölkələrinin heç birində müəllim-valideyn münasibəti belə kustar səviyyədə çözülmür, məsələn. Məktəb şurası, valideyn komitəsi, ictimai nəzarət qurumu... adlanan nəsnələr var orda. Belə böyük qalmaqallarda valideyn alnından təri axa-axa, məktəb koridorlarında yaralı aslan kimi nərildəmir. Cəza da cəza kimi olur, etiraz da etiraz kimi. Bizdə heç nəyin dozası qaydasında deyil. Ya həddən artıq çox, ya da həddən artıq az. Heç cür normanı ayarlaya bilmirik.

Norma demiş, o gün şəhərdə bir sosial eksperiment keçiriblər, gizli videoçəkiliş ediblər. Cavan bir qız yoldan keçənləri tutub xahiş edir ki, “orda sevgilimi təkləyib döymək istəyirlər, kömək edin”. Nə qədəri həqiqi, nə qədəri qurama idi, bilmirəm. Amma gördüyüm mənzərə tipik azərbaycansayağı idi. “Zəif sevgilini döymək istəyən pis oğlan”ın üstünə gələn qaqaşların biri istisna olmaqla, hamısı aqressiv idi. Ayırmaqdan, sakitləşdirməkdən daha çox əzələ nümayişi vardı ortada. “Gücün çatır, məni döy” ritorikası. Aralamaq ikinci dərəcəli idi, əsas məsələ döymək istəyəni cəzalandırmaq idi. 30 dəqiqədən artıq videorolikə səbrimi basaraq sonadək baxdım. Amma yardım üçün çağırılan qaqaşların biri də polisə müraciət etmədi, yolda bir başqasına fiziki şiddət göstərəni yaxınlıqdakı polis bölməsinə aparacağı ilə hədələmədi. Mafiya, qaqaş qanunları, tin söhbətləri... uçuşurdu havada. Bu ona deyirdi, “panyatkan” olsun, yanında qız var, görmürsən", bu biri cavab verirdi ki, “yaxşı oğlan qızın yanında özünə söz dedirtməz”. Biri də demirdi ki, ay adam, sənin nə haqqın var şəhərin ortasında birini dirəmisən divara və deyirsən ki, bu dəqiqə səni maşına basıb aparacağıq? Bunun qanunda cəzasını bilirsənmi? Yox idi bunu deyən, yox!

Düzdü, rolik yardıma gələn, laqeydlik etməyən oğlanlara təşəkkürlə bitdi. Laqeyd olmadıqları bir üstünlükdür, doğru. Amma problemi çözməyin yolları ibtidaidir, inkişaf etməmiş formadadır. Bu isə çox pisdir.

Bəli, biz problemi də bilirik, ona müdaxilə etməyə də təpərimiz, ürəyimiz var. Amma onun yolunu bilmirik. Çünki bütün qayəmiz “yaxşı oğlanın qaydalarını” pozmamaqdır.

Sevinc TELMANQIZI


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi