İlan, əqrəb, qara qurd: Mövsüm başladı, xəstəxanalara müraciətlər edilir
Azia.az: Yazın gəlişi ilə ilan sancması mövsümü də başlayıb. Artıq ilan və əqrəb sancmaları ilə bağlı xəstəxanalara müraciətlər artıb.
Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov virtualaz.org-a bildirib ki, ilan sancması diqnozu ilə 6, əqrəb sancması ilə 3 xəstə gətirilib. Müraciətlər əsasən Bakıətrafı kənd və qəsəbələrdən, eləcə də Aran bölgəsindəndir. “Hələ havalar sərin keçir. Mayın sonlarından başlayaraq müraciətlər artacaq”, - baş həkim söyləyib.
Əqrəb sancmaları ilan sancması qədər təhlükəlidir. Xüsusilə, qara əqrəbin zəhəri daha kəskin olur. Müşahidələr göstərir ki, hər il apreldən oktyabradək 100-dən çox ilan, 20-30 sarı və qara əqrəb sancması qeydə alınır.
İlan və əqrəb sancmasından başqa qara qurd sancmaları da qeydə alınır. Qara qurd hörümçəyin bir növü olan kiçik ölçülü həşəratdır, Azərbaycana əsasən xaricdən gətirilən meyvə-tərəvəz məhsulları ilə gəlir. Buna görə də kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olanlar xüsusi ehtiyatlı olmalıdırlar. Qara qurd sancan adam adətən çox böyük qorxu hissi keçirir, sancma nəticəsində şiddətli ağrı olur, qızartı nahiyəsi genişlənir, qan təzyiqi aşağı düşür, ürək ritmi sürətlənir, əvvəl taxikardiya, sonra bradikardiya əlamətləri müşahidə olunur. Zərərçəkəndə başgicəllənmə əmələ gəlir, yardım göstərilməsi gecikəndə huşunu itirmə halları da ola bilər.
Baş həkim paytaxt xəstəxanaları da daxil olmaqla bölgələrdəki tibb müəssisələrinin ilan zəhərinə qarşı zərdabla təmin olunduğunu da qeyd edib.
Ü.Xudiyeva