azia.az
azia.az

Mina Axtaran İt 2018-ci ilin qalibi oldu

26-10-2018, 14:27

 Mina Axtaran İt 2018-ci ilin qalibi oldu

ANAMA-nın Mina Axtaran İti (MAİ) minatəmizləmə və insanların həyatının xilas edilməsi fəaliyyətində fərqləndiyinə görə 2018-ci ilin qalibi seçilmişdir

ANAMA-nın Mina Axtaran İtlər (MAİ) Qrupunun MAİ bələdçisi Vahid Məmmədov və ESGİMO-Rocket adlı MAİ Amerika Birləşmiş Ştatlarının Marşal İrsi İnstitutu (MLİ) tərəfindən hər il keçirilən yarışmada minatəmizləmə və insanların həyatının xilas edilməsi fəaliyyətində fərqləndiyinə görə 2018-ci il üzrə qalib seçilmişdir.
ESGİMO-Rocket 2014-cü ildən indiyədək Azərbaycanın Ağcabədi, Ağdam, Tərtər, Füzuli, Goranboy, Ağstafa və Cəbrayıl kimi müxtəlif regionlarında 166 373 kvadrat metrdən çox ərazini yoxlayıb, onlarla piyada əleyhinə mina, tank əleyhinə mina və partlamamış hərbi sursat aşkar etmişdir.
2018-ci il 24 oktyabr tarixində ANAMA Direktoru cənab Qəzənfər Əhmədovun başçılıq etdiyi nümayəndə heyəti (ESGİMO-Rocket daxil olmaqla) ABŞ-ın Vaşinqton şəhərində keçirilən “Cığırın Təmizlənməsi” adlı Qala gecəsinin 21-ci ildönümündə iştirak etmişlər.
 Mina Axtaran İt 2018-ci ilin qalibi oldu

WUSA 9 News kanalının aparıcısı və məşhur televiziya jurnalisti xanım Andrea McCarrenin aparıcılıq etdiyi qala gecəsində ABŞ Dövlət Departamentinin Hərbi-Siyası Bürosunun Silahların İxtisarı və Ləğvi bölməsinin rəis müavini cənab Steven Kostner, ABŞ Müdafiə Departamentinin Sabitlik və humanitar məsələlər üzrə müdafiə katibinin müavini cənab Mark Svayne, ABŞ-ın Senatoru Mayk Enzi, Bosniya və Hersoqovinanın, Sarayeva şəhərinin meri cənab Abdulah Skaka, Marşal İrsi İnstitutunun prezidenti cənab Perri Baltimor, Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Səfirliyinin əməkdaşları, ABŞ konqresmenləri, ABŞ-da akkreditə olunmuş xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatların nümayəndələri, eləcə də humanitar mina aksiyasına maliyyə yardımı ayıran bir çox donor ölkələr və təşkilatların nümayəndələri iştirak etmişlər.
Tədbirdə Agentliyin həm ölkə, həm də ölkə xaricindəki fəaliyyəti yüksək qiymətləndirilib, regionda minatəmizləmə üzrə lider statusuna və güclü nüfuza malik olması qeyd olunmuşdur.
Agentlik 2005-ci ildən başlayaraq indiyədək ABŞ-nın Marşal İrsi İnstitutu ilə əməkdaşlıq edir. ABŞ Dövlət Departamentinin və fərdi donorların dəstəyi ilə Marşal İrsi İnstitutu Azərbaycan minatəmizləmə proqramına 36 minaaxtaran it hədiyyə etmiş və təlim keçmişdir.
Qeyd etmək istərdik ki, ABŞ-nın Marşal İrsi İnstitutu tərəfindən 2013-cü il üzrə aparılan seçimdə ANAMA-nın MAİ bələdçisi Mansur Aslanov və onun Niko adlı minaaxtaran iti qalib seçilmişdir.

ANAMA Mətbuat Xidməti


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi