Qurbanlıq qoç neçəyədir?
İcra hakimiyyətinin qərarı ilə Qurban bayramı günlərində (22-23 avqustda) heyvanların kəsimini yalnız xüsusi olaraq ayrılmış yerlərdə həyata keçirmək mümkün olacaq.
Bakıda heyvanların kəsimi üçün nəzərdə tutulmamış yerlər artıq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ləğv edilib. Hüquq-mühafizə orqanları isə Qurban bayramı günlərində ət satılan bütün obyektlərə nəzarət edəcəklər.
Xırda və iribuynuzlu heyvan satanlar virtualaz.org-a bildiriblər ki, qurbanlıq üçün ən münasibi bir illik, təxminən 12 kq ət verən heyvanlardır. Onların diri çəkisi adətən 24-25 kq gəlir və elə heyvanları fermada və ya bazarda kiloqramı 5 manata və daha yuxarı qiymətə almaq olur.
Bəzən elə olur ki, heyvan satanlar və ya alanlar qurbanlığın çəkisini gözəyarı təyin edirlər. Belədə qurbanlığın kilosu Bakıda 11, bölgələrdə isə 9 manata satılır.
Beləliklə, bu il qurbanlıq quzunun-qoçun qiyməti 140- 200 manat arasında olacaq.
İslam qanunlarına görə, yalnız sağlam olan qoyunu, öküzü və ya dəvəni qurban kəsmək olar. Azərbaycanda müsəlmanlar, bir qayda olaraq, qoyunu seçirlər. Qurbanlıq öküzün yaşı iki-üç il, dəvəninki isə ən çoxu 5 il olmalıdır.
Bir illik qurbanlıq quzunun təmiz çəkisi, adətən, 12-14 kq təşkil edir.
Qurbanlıq ət üç hissəyə bölünməlidir: birini evdə saxlayır, ikincini qohumlara və tanışlara verir, üçüncünü isə ehtiyacı olanlara paylayırlar.
Allah qurbanınızı qəbul etsin!
Virtualaz.org