azia.az
azia.az

İşıqların sönməsi haqda pyes

16-10-2018, 08:17


“Məncə, tibb inkişaf edir. Gəncliyimdə həkimə gedəndə həmişə soyunmaq lazım gəlirdi. İndi dilimi göstərmək bəs edir”.

(Faina Ranevskaya)

Azərbaycandan nə qədər uzağa qaçsan çempion olmaq ehtimalın artır. Türkiyə bayrağı altında qaçış üzrə Avropa çempionu olan yerlimiz Ramil Quliyev bunu növbəti dəfə isbat elədi. O cümlədən SOCAR-ın ən böyük xarici investisiyalarından birinin Türkiyədə qoyulması, 7-8 milyard dollarlıq “Star” neftayırma zavodunun tikintisini alqışlamaq lazımdır. Şəkillərinə baxırsan, heç bizim özümüzdə o boyda neftayırma zavodu tikməmişik. Təki bizim neftin xeyrini görənlər elə türk qardaşlarımız olsun. Hərçənd, biz Türkiyəni özümüzdən heç ayırmarıq, ora da bizim dövlətdir. Yəni bəlkə Ramil bəy bir az da uzaq ölkəyə qaçsa, indiyə olimpiya çempionu olmuşdu.

Nəticə çıxartmaq, təbii, heç zaman gec deyildir. İşıq qəzasından sonra camaat şikayətlənir, deyirlər guya işıq pulu çox gəlməyə başlamışdır. Halbuki işıq idarəsinin sayğacları bir-bir fırladıb çox pul yazması, ya da bunu məsafədən ümumi formada eləməsi texniki baxımdan mən biləni mümkünsüzdür. Deməli, ya camaat qəzadan sonra görməmişliyə düşüb çox işıq işlətməyə başlayıbdır, ya da indiki işıq nəsə bahalı işıqdır. Axı deyirlər bunu biz ruslardan alırıq, hələlik Mingəçevir tam işə düşməyibdir (hətta versiya var, ümumiyyətləb ora işləmir, bağlayıblar, sökəcəklər. Nə biləsən. Bu yaxında xarici ekspertlərin qəza haqda araşdırmasının başa çatdığı da deyildi, ancaq yekun rəy camaata açılmadı). Rusun işığı isə həmişə, tarix boyunca bizə baha başa gəlibdir. Bir qramlıq yaxşılıq edəndə, bir tonluq pislik ediblər. Başımızı yarıb, ətəyimizə qoz töküblər. Sözgəlişi, dünən Rusiya XİN-in Xəzərin statusu haqda gülünc açıqlamasını oxuduq. Deyir, belə qərara gəlmişik, Xəzər nə dəniz, nə göl sayılsın, nəsə başqa şey olsun. Bunların imperiya ambisiyaları, şovinizmi o qədər güclüdür ki, bütün dünyanın müəyyən elədiyi coğrafi anlayışları da tanımaq istəmirlər. Putin bir səhər səhv böyrü üstdə oyanıb, göydəkinin Günəş yox, Medvedevin ördəyi olduğunu bəyan eləsə, bütün rus xalqı alqışlayacaqdır, deyəcəklər, bəli, çar sağ olsun, göydən bizə işıq salan Ördəkdir.

Tovuz rayonunda bir kafe yiyəsinin göstərirdilər, qardaşımız meşədə balaca su arxının üstündə mini-SES düzəldib ərazini işıqlandırırdı. Deyir, bütün respublikanın işığı sönəndə mənim ərazimdə lampışkalar par-par yanırdı. Əhsən. Necə uzaqgörəndir. Bizə belə təşəbbüskar insanlar lazımdır. Birimiz elektrik stansiyası, başqamız maşın, üçüncü vertolyot, dördüncü metro qatarı, beşinci də nəsə bir şey düzəltsə hökumətə güc düşməz. Yalnız məmur, deputat, rəis-filan düzəltməyə cəhd eləməyək, bunları biz bacarmarıq, bunlar üçün xüsusi qabiliyyət, Allah vergisi, istedad lazımdır, o da ancaq hökumətdə olur. Nə isə, siyasətə qarışmayaq. Qayıdaq qaranlığa.

Azərbaycan Yazıçılar Birliyinin üzvləri də işıq terroru hadisəsini öz bədii əsərlərində əks etdirməyə, bundan müəyyən ədəbi nəticələr çıxartmağa hazır olduqlarını göstərmişlər. Məsələn, Fikrət Qoca kəskin tənqidi şeir yazmışdır: “Yenə işıqlar sönüb, Hamilə qadın liftdədir”. Anar müəllim “Sən yanmasan, mən yanmasam, necə çıxar Pirverdiyev ortalığa” poemasında əmək qəhrəmanlarının obrazını yaratmışdır. Ən maraqlı əsərlərdən birini isə Elçin müəllim yazıbdır. Hazırda onu baş nazirin müavini qoymayıblar, bu da qələmi itiləməyə, asudə vaxtdan səmərəli istifadəyə gətiribdir. Baş nazirin müavini olmadığı qısa müddətdə Elçin müəllim “Pulun hökmü”, “Bağda ərik mövsümü”, “Mahmud və Müavin” kimi olduqca maraqlı əsərlər yazmış, hətta yaradıcılıq baxımından təkadlı sənətkarlarımızdan Anar müəllimi bir növ azca qabaqlamışdır. Onun ən maraqlı pyesi isə “Ədəbiyyat qəzeti”ndə çıxıbdır. Bu əsərdə Elçin müəllim işıqların sönməyini maraqlı formada tənqid edibdir.

“Şeytan əməli” adlı pyesin qəhrəmanları kişi və onun arvadıdır. Bunlar səhər çarpayıda oyanırlar, ancaq görürlər hər yan qaranlıqdır. Ora-bura zəng vururlar, məlum olur hər yanda gün çıxıb, işıqdır, yalnız bunlar qaranlıqda qalıbdır. Arvad fəlsəfi sualları ilə kişinin beynini xarab edir: “Şeytanı yaratmaq Allahın nəyinə gərək idi?” Təsəvvür elə. Camaat yeməyə çörək tapmır, sən Sokratdan danışırsan - təxminən bu cür vəziyyətdir. Təbii ki, kişi bu suallara dözməyib ölür, arvad da buna baxıb ölür. Elçin müəllim qəhrəmanları soyqırıma uğradandan sonra pərdəni salır. Mingəçevir İES-də qəzanın nəticələrini araşdıran komissiyanın rəyini gözləmədən Elçin müəllimin belə əsər yazması, bir növ, Azərbaycanda vəziyyətin qaranlıq olmasına işarə vurması məncə yazıçının ədəbi qəhrəmanlığından xəbər verir. Sovet vaxtı Süleyman Rüstəmin Vyetnama, Rəsul Rzanın Mozambikə, Qabilin Nəsiminin soyulmasına aid əsərləri də əslində bu cür üsyan ruhlu idi, dolayısı ilə sovet-rus-bolşevik-JEK işğalına etiraz ədəbiyyatı örnəklərindən sayılırdı. Belə versiya var ki, Rəsul Rza əslində “Lenin” poemasını Məhəmməd Əmin Rəsulzadəyə həsr edibdir. Ancaq bu başqa temadır.

Zamin HACI


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi