azia.az
azia.az

“AzerGold” QSC Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Göygöl və Daşkəsəndə səyyar tamaşalar təşkil edib

Bu gün, 10:00

“AzerGold” QSC Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Göygöl və Daşkəsəndə səyyar tamaşalar təşkil edib

 “AzerGold” QSC-nin təşkilatçılığı, Göygöl və Daşkəsən Rayon İcra Hakimiyyətlərinin dəstəyi ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Göygöl və Daşkəsən şəhərlərində səyyar kukla tamaşaları təşkil olunub.

Göygöl şəhərində açıq hava şəraitində keçirilən tədbirdə 300 uşaq iştirak edib. Peşəkar yaradıcı teatr heyəti tərəfindən rus yazıçısı Korney Çukovskinin məşhur nağılı əsasında səhnələşdirilmiş “Milçək-Vizilçək” tamaşası nümayiş olunub. Rəngarəng personajlar və maraqlı süjet xətti ilə seçilən tamaşa uşaqlara dostluq, cəsurluq və xeyirxahlıq kimi dəyərləri aşılayıb.

Daşkəsən Rayon Mədəniyyət Mərkəzində təşkil olunan növbəti tamaşada dramaturq Vüqar Haqverdiyevin “Qarınqulu ayı balası” pyesi əsasında hazırlanmış səhnə əsəri təqdim edilib. 350 uşağın izlədiyi tamaşa sadəlik, təvazökarlıq və qənaətçillik kimi müsbət mənəvi keyfiyyətləri təbliğ edərək iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirlər çərçivəsində nağıl qəhrəmanlarının iştirakı ilə müxtəlif əyləncəli proqramlar təşkil olunub, uşaqlar üçün interaktiv oyunlar və maraqlı çıxışlar təqdim edilib. Tamaşalarda şəhid ailələrinin övladları, müharibə iştirakçıları və müharibə nəticəsində sağlamlığını itirmiş şəxslərin ailə üzvləri, eləcə də “AzerGold” QSC-nin fəaliyyət göstərdiyi mədənlərin ətrafında yerləşən kəndlərdə yaşayan uşaqlar iştirak ediblər.

“AzerGold” QSC-nin regionlarda həyata keçirdiyi bu mədəni-maarifləndirici təşəbbüs şirkətin korporativ sosial məsuliyyət fəaliyyəti çərçivəsində uşaqların fərdi inkişafına və dünyagörüşünün genişləndirilməsinə yönəlmiş layihələrinin tərkib hissəsidir. Tədbirlərin əsas məqsədi uşaqların asudə vaxtının səmərəli təşkili, onların mədəni istirahət imkanlarının artırılması və bayram sevincinin daha yaddaqalan olmasıdır.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi