DEPUTATIN bu açıqlaması niyə tənqid edilir? - İLGİNC FAKTLAR
Mən məntiqi çaş-baş salmışam. Dostlar, bəlkə siz mənə yardımçı olasınız. Deputatımız təzə terminlər ixtira edib. Onlardan biri də “Homohibritikus” terminidir. Axı termin yaratmaq patent predmeti ola bilməz! Millət vəkili belə bir absurd fikrə necə gəlib?! Məncə, onun bu açıqlaması təkcə dilçilik və elm ictimaiyyəti üçün deyil, ümumilikdə hüquqi savadlılıq baxımından da ciddi narahatlıq yaratmalıdır.
Termin yaratmaq necə olur ki, patentləşdirilə bilən ixtira kimi təqdim edilir?
Əvvəlcə əsas məsələni dəqiqləşdirək. Patent nədir və nəyə verilir? Patent hüququ texniki xarakterli ixtiralara şamil olunur. Beynəlxalq patent hüququna (o cümlədən Ümumdünya Əqli Mülkiyyət Təşkilatının WIPO prinsiplərinə) əsasən patent texniki həllə malik olmalı, yeni olmalı, sənayedə tətbiq edilə bilməli, ixtira səviyyəsinə malik olmalıdır. Termin isə nə texniki qurğudur, nə mexanizm, nə də texnoloji proses. Termin dilin və elmin anlayış sisteminin bir hissəsidir, yəni məna vahididir. Terminlər patent yox, açıq ictimai dəyərdir. Dünyanın heç bir inkişaf etmiş hüquq sistemində yeni terminə görə patent verilmir, elmi anlayışlara mülkiyyət hüququ tanınmır, sözlər və anlayışlar inhisarlaşdırılmır. Əks halda, elm və bilik mübadiləsi mümkünsüz olar. Təsəvvür edin ki, biri “süni intellekt”, digəri “gen redaktəsi”, üçüncüsü “kvant hesablama” terminlərinə patent alsın. Bu halda alimlər bu terminləri işlədə bilməz, dərsliklər hüquqi riskə düşər, elmi inkişaf dayanardı. Bu səbəbdən terminlər ictimai intellektual mülkiyyət sayılır.
Bəs dünyanın hansı yerində belə presedent var? Qısa cavab: heç yerdə.
Nə ABŞ Patent Ofisi (USPTO), nə Avropa Patent Ofisi (EPO), nə də digər ölkələrin patent qurumları termin, anlayış və ya sözə görə patent vermir. Ən yaxşı halda termin lüğətlərdə müəlliflik hüququ ilə qoruna bilər (amma termin özü yox, lüğətin strukturu), brend adı kimi əmtəə nişanı qeydiyyatdan keçirilə bilər (amma bu da termin deyil, kommersiya nişanıdır). Yaxşı, bəs həşəmətli deputat nə demək istəyib? Onun bu “dahiyanə” açıqlaması iki ehtimal doğurur: Deputat məsələnin ya hüquqi mahiyyətini düzgün anlamır, ya da terminlə metod, proqram və ya məhsul anlayışını qarışdırır. Hər iki halda problem ciddidir. Çünki deputatın dili ilə səslənən fikir ictimaiyyətdə yanlış təsəvvür yaradır, hüquqi savadsızlığı normallaşdırır, elmin mahiyyətini kommersiya predmeti kimi təqdim edir. Babaoğlu başa düşmür ki, termin üzərində mülkiyyət iddiası təhlükəlidir. Ən azından deputat bilməlidir ki, terminlər üzərində “patent” iddiası elmi azadlığa ziddir, ifadə azadlığını məhdudlaşdırır, biliyə ironik yanaşma cəhdidir. Əlbəttə, qısaca desək, yanaşma elmi deyil, bəsit təfəkkürün məhsuludur.
Cənab Babaoğlu, termin yaratmaq alqışlanmalı elmi fəaliyyətdir, amma elmi olana. Əsl alim bunu təşviq etməlidir. Bu baxımdan patentləşdirmək ancaq və ancaq saxta alimlərin ağlına gələ bilər. Bu məsələni qabardan deputata gəlincə, o, ya fikrini aydınlaşdırmalı, ya da yanlış ifadəyə görə izahat verməlidir. Çünki elm, dil və hüquq populizmi sevmir. Bəli, termin patent deyil, ümumi dəyərdir.
Tanrıkut ifadəsi ilə populyarlaşan Babaoğlu daha nə istəyir, görəsən?
Videonu təqdim edirik:
Fadil Paşayev, Əməkdar jurnalist