azia.az
azia.az

Avropadan Əli Kərimlinin həbsinə reaksiya hamını heyrətləndirdi

Bu gün, 00:54

AXCP sədri Əli Kərimlinin həbsi ilə bağlı Avropa Parlamentinin, Avropa Şurasının və digər qurumların tanınmış nümayəndələrinin ardıcıl bəyanatlar və açıqlamalar verəcəyi gözlənilirdi.

Əli Kərimlinin evində 29 noyabrda axtarış olub və o, DTX-yə aparılıb, onunla bağlı 30 noyabrda istintaq hərəkətləri davam edib, 1 dekabrda isə məhkəmənin qərarı ilə barəsində 2 ay 15 günlük həbs qətimkan tədbiri seçilib; ona CM-in 278.1-ci maddəsi - hakimiyyətin zorla ələ keçirilməsi - ilə ittiham verilib.

Bu müddət ərzində yalnız iki qurum - "Amnesty International" və “Human Rights Watch” həbsi pisləyən açıqlama yayıb, bir də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Almaniyadan olan üzvü Frank Şvabe fərdi şəkildə açıqlamasında bu həbsi tənqid edib.

Hər iki qurum - "Amnesty International" və “Human Rights Watch” uzun müddətdir Azərbaycana münasibətdə qeyri-normal yanaşma sərgilədiyi üçün dəfələrlə tənqid edilib və Azərbaycan hakimiyyəti tərəfindən onların qiymətləndirmələri rədd edilib. Hər iki qurum xüsusilə 44 günlük savaşdan və 2023-cü ildəki antiterror əməliyyatından sonra ermənilərin işğal siyasətinə dəstək olan mövqeyi ilə obyektivlikləri haqda düşüncələri gömüblər. Bu qurumların bu və ya digər şəkildə erməni diasporuna həm də maliyyə baxımından bağlı olması isə onların Ermənistandan zorla çıxarılan, yurdu dağıdılan 300 min azərbaycanlı ilə bağlı heç bir ciddi mövqe sərgiləmədikləri halda ermənilərin Qarabağdan könüllü köçünü “insan haqlarını pozulması” kimi dəyərləndirməyə cəhd etmələrində üzə çıxdı. Halbuki ermənilərin könüllü köçünü əks etdirən tam video-görüntülər var.

Frank Şvabe isə artıq Azərbaycana qarşı “şəxsi düşmənçilik” apardığını az qala təkzib belə etmir. Şvabe Azərbaycanda keçirilən bütün qlobal tədbirlərə qarşı çıxır, hətta COP29-a qarşı da “barışmaz mövqe” ortaya qoydu, həmçinin 44 günlük savaşda və ondan sonra ermənilərin qatı müdafiəçisinə çevrildi. Şvabe Azərbaycanda hər kəsə bəlli olan antiazərbaycan komandanın ən parlaq üzvüdür və onun reaksiyası gözlənilən idi.

Yəni illərdir Azərbaycana qarşı olan iki qurum və bir deputatdan başqa Avropadan heç bir səs yoxdur!
Bu reaksiyalar təkcə AXCP-çiləri deyil, yəqin ki, elə hakimiyyət təmsilçilərini də təəccübləndirir: hakimiyyət nümayəndələri “pisləyənlərin” sırasında Şvabedən başqa şəxslərin də olacağını təxmin edə bilərdilər. Ən azı Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyətinə qarşı səs verənlərdən bəziləri Azərbaycan əleyhinə mövqe bildirmək fürsətini qaçırmamalıdır.

Bəs, necə oldu ki, bu proses Avropadan “0” reaksiya ilə qarşılanır?

Çünki prosesin özü xüsusi həssaslıqla aparılır: Milli Şuranın sədri Cəmil Həsənli də istintaqa dəvət edilir, ancaq izahatı alındıqdan sonra sərbəst buraxılır; AXCP sədrinin köməkçisi Faiq Əmirli, o cümlədən funksioner Ruslan Əmirov ifadə verdikdən sonra azad edilirlər və s.

AXCP üzvləri ən sərt bəyanatlarla çıxış edir, məhkəmə önündən açıqlama yayır və siyasi mövqelərini ifadə edirlər; onların məhkəmə önündə toplaşmasına maneə yoxdur, öz iradələrini açıq ifadə edə bilirlər, sosial şəbəkədə etirazlarını yayırlar. Buna görə də prosesin “müxalifətə təzyiq” kimi təqdimatı çətindir. Bunu çətin deyil, mümkünsüz edən isə həbsin Ramiz Mehdiyevin dövlətə xəyanət və hakimiyyətin zorla ələ keçirilməsində ittiham edilərək, istintaqının aparılması çərçivəsində baş verməsidir. 25 ildən çox hazırkı iqtidarın əsas fiqurlarından sayılan, bu ölkənin ən yüksək mükafatlarını alan və hazırda 88 yaşını tamamlamaqda olan bir şəxsin dövlətə xəyanəti çərçivəsində aparılan istintaqdan söhbət gedir və bu, qətiyyən sıradan hadisə deyil. Məsələ müxalifətdə deyil, hakimiyyətin zorla ələ keçirilməsi ilə bağlı “Rusiya ssenarisi”ndədir.

2013-cü ildə Rusiya Gürcüstanda “Rusiyada külli miqdarda kapitala sahib” şəxsi komandası ilə birgə hakimiyyətə gətirə bildi. Eyni ssenari Azərbaycana da aid idi, ancaq “Azərbaycanlı İvanişvili” tapılmadı və yaxud bu ssenarinin qarşısını 2012-13-cü illərdə Azərbaycan hakimiyyəti ala bildi. “Bu, Azərbaycan hakimiyyətinə nələrə başa gəldi” sualının cavabı yəqin ki, illər sonra üzə çıxacaq. Ancaq həmin ssenaridə yer alanlar sırasında Milli Şuranın da olduğu artıq heç kim üçün sirr deyil.

Sahib Kərimlinin xatirəsinə inansaq, Rüstəm İbrahimbəyov bu ssenarinin qarşısının alınmasında Ramiz Mehdiyevin rol oynadığını deyib. Belə görünür ki, rusyönlülərin təmizlənməsindən sonra R.Mehdiyev “çevriliş planı” təşəbbüsü ilə şəxsən çıxış edib. 2013-cü il ssenarisi ortada olduğu üçün Ramiz Mehdiyevin belə bir təşəbbüsə cəsarət etməsi ehtimalı da yüksəkdir - o vaxt qarşısını almışdı, indi “önünü açır”.

Bu məqamda 2024-cü ilin 25 dekabrında AZAL təyyarəsinin vurulması da xatırlatmalıyıq.

Həssas vaxtdır və hazırda dünyanın, dəhlizlərin, sərvətlərin, torpaqların, resursların bölüşdürülməsi prosesi davam edir, hələ heç bir dəqiq konturlar müəyyən edilməyib. Bu məqamda “Tramp yolu” Rusiyanın maraqlarına “uyğun olmaya” bilər və yaxud daxildən kimlərsə Rusiyaya “daha sərfəli” ssenari təqdim etməyə çalışar...

Bu baxımdan “dövlətə xəyanət”, “hakimiyyətin zorla ələ keçirilməsi” və buna hakimiyyətin içindən çıxmış bir şəxsin - Ramiz Mehdiyevin rəhbərlik etməsi Azərbaycanda maraqlı olan qüvvələrin də diqqətini cəlb edir. Prosesi hər kəs bu kontekstdə izləyir və dəyərləndirmə də bunun üzərindən aparılır.

Yəni, Əli Kərimlinin həbsi 147, 148 deyil, 278.1-dir, həm də hakimiyyətdə olmuş, milyardlara sahib olan və “Rusiyanın bir nömrə adamı” sayılan şəxsi ilə birgə...

Azər Məlikli



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi