Azəravtoyol əməkdaşı Bərzanini dəstəkləyib? – Açıqlama
Azəravtoyol ASC tərəfindən qurumun İstehsalat Təmir-Tikinti Birliyinin 2 saylı şöbəsində çalışan Vüqar Bəndalı oğlunun separatçı Kürdüstanın "müstəqillik" referendumuna açıq dəstək nümayiş etdirməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirilib.
Bu barədə Azəravtoyol ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Teleqraf.com-a açıqlama verib.
Onun sözlərinə görə, yayılan məlumatlar həqiqəti əks etdirmir: “Ötən gün bəzi informasiya saytlarında guya "Azəravtoyol" İstehsalat Təmir-Tikinti Birliyinin 2 saylı şöbəsində çalışan Vüqar Bəndalı oğlunun separatçı Kürdüstanın "müstəqillik" referendumuna açıq dəstək nümayiş etdirməsi ilə bağlı xəbərlər yayılıb. Təəsüflər olsun ki, bu cür məlumatın yayılmasına baxmayaraq, onu tirajlayan heç bir media qurumu “Azəravtoyol”la məlumatın doğru olub-olmadığını dəqiqləşdirməyib. Halbuki bununla da həm o məlumatı yazan jurnalist, həm də onu yayan media qurumu birbaşa olaraq Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikası Jurnalistinin Peşə Etikası Kodeksini və Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarını kobud şəkildə pozub. Rəsmi olaraq bildirmək istəyirik ki, yayılan məlumatlar həqiqəti əks etdirmir, Azəravtoyol ASC-nin İstehsalat Təmir-Tikinti Birliyi adında müəssisəsi və Vüqar Bəndalı oğlu adlı əməkdaşı yoxdur”.
Anar Nəcəfli qeyd edib ki, bundan sonra Azəravtoyol ASC ilə bağlı olan hər-hansı bir məlumat yayımlanmamışdan öncə dəqiqləşdirilməlidir:
“Yalnız rəsmi mövqeyimiz olduqdan sonra həmin məlumatı verərsiniz. Əks halda qanunvericiliyə uyğun addımlar atılacaq”.
Qeyd edək ki, ötən gün Laçın rayon sakini, "Azəravtoyol" İstehsalat Təmir-Tikinti Birliyinin 2 saylı şöbəsində çalışan Vüqar Bəndalı oğlu separatçı Kürdüstanın "müstəqillik" referendumuna açıq dəstək nümayiş etdirilməsi ilə bağlı xəbərlər yayılıb.