azia.az
azia.az

AMEA-nın İnkişaf Konsepsiyası və Yol Xəritəsi layihəsi

20-02-2025, 22:36


 Fevralın 20-də keçirilən AMEA-nın Ümumi Yığıncağında İşçi qrupun rəhbəri, AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri “AMEA-nın İnkişaf Konsepsiyası və Yol Xəritəsi layihəsi” haqqında çıxış edib.

Qeyd edib ki, müzakirəyə təqdim edilən “Azərbaycan Milli Elmlər Akademiyasının 2025-2030-cu illər İnkişaf Konsepsiyası və Yol Xəritəsi” iki əsas bölmədən ibarətdir. 

Birinci bölmədə dünyanın qlobal çağırışları, dünya elminin yeni inkişaf meylləri, ictimai və humanitar elmlərin yeni inkişaf trendləri, konsepsiyanın əsaslandırılması, hədəfləri, məqsəd və vəzifələri, Akademiyanın tarixi inkişaf xronikası və yeni hüquqi statusu, elmi-təşkilati fəaliyyəti üzrə Yol Xəritəsinin əsas istiqamətləri yer alıb. Bunlardan əlavə, Konsepsiyanın icrası üzrə zaman ardıcıllığı, icra və icraya nəzarət mexanizmləri, monitorinq sistemi, nəticə indiqatorları da burada əksini tapıb. O vurğulayıb ki, bütövlükdə konsepsiyanın birinci bölməsini yaxın beş il müddətində Akademiyada inkişaf proseslərini effektiv və davamlı təşkil etmək üçün elmi-fəlsəfi çərçivə sənədi kimi dəyərləndirmək mümkündür.

S.Xavəri bildirib ki, konsepsiyada onun hazırlanması və icrası zərurəti qlobal, regional və lokal səviyyələrdə olmaqla 3 mühüm amillə izah olunur.

Birinci amil müasir dünyanın qlobal inkişaf tendensiyaları ilə bağlıdır. Dördüncü Sənaye inqilabı, süni intellekt, Big Data və rəqəmsal texnologiyaların yeni reallığa çevrilməsi, yaşıl çağırışların, humitar dəyərlərə, xüsusilə praktiki humanitar alətlərə dönüşün bəşəriyyətin mövcudluq şərtinə çevrilməəsi müasir dövrün əsas reallıqları kimi özünü göstərir. Belə bir şəraitdə elm xüsusi strateji əhəmiyyət və məzmunu kəsb edir ki, konsepsiyanı dünyada gedən bu proseslərə adekvat reaksiya və rezonans kimi dəyərləndirmək mümkündür. 

İkinci amil ölkəmizin və regionun yeni geosiyasi reallıqları ilə bağlıdır. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağda tarixi Zəfərdən sonra Azərbaycan regionda və dünyada yeni geosiyasi reaallıqlar yaradaraq öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Bu mərhələdə ölkəmizin əsas hədəfləri qüdrətli dövlət, kreativ millət və modern cəmiyyət quruculuğudur. Bu hədəflər isə ən çox elm qarşısında  mühüm vəzifələr müəyyənləşdirir. Bu hədəflər konsepsiyanın da hazırlanmasını şərtləndirir.

Üçüncü amil respublikada elmin yeni inkişaf mərhələsi ilə bağlıdır. Məlumdur ki, 2022-ci ilin sonlarından AMEA-da akademik İsa Həbibbəylinin ideya müəllifliyi və bilavasitə icraçılığı ilə çoxşaxəli islahatlara başlanılmışdır. Artıq islahatların birinci mərhələsi tamamlanmış,  növbəti mərhələyə keçid üçün əlverişli zəmin hazırlanmışdır. Konsepsiya həm də bu zəmin mərhələsindən sonra islahatların növbəti dalğasının ideya-fəlsəfi və inzibati-təşkilati platformasını təşkil edir. 

Məruzəçi qeyd edib ki, konsepsiyada çoxsaylı və çoxçeşidli fəaliyyət istiqamətləri, məqsədlər, vəzifələr, onların icrası üçün tədbirlər əks olunub və onları üç əsas hədəf üzrə ümumiləşdirmək mümkündür: “Birinci hədəf ən modern nəzəri-metodoloji səviyyədə araşdırmaların aparılması ilə Akademiyanı fundamental araşdırmaların əsas mərkəzinə çevrirməkdir. İkinci hədəf ictimai və humanitar elmi müəssisələrin fəaliyyət göstərdiyi Akademiyada əsas vəzifələrdən biri bu istiqamətdə fəaliyyətin dövlətin mədəni-mənəvi, ideoloji sahədəki inkişafına yönəldilməsidir. Üçüncü hədəf respublika üzrə elmi koordinasiya sahəsindəki mərkəzi funksiyasını yeni keyfiyyətdə və yeni səviyyədə həyata keçirməsinə funksional olaraq nail olmaqdır”. 

Məruzədə qeyd olunub ki, bu hədəflər öz hüquqi əsasını cənab Prezidentin təsdiq etdiyi Akademiyanın yeni Nizamnaməsindən, mənəvi, əxlaqi cavabdehlik səlahiyyətini isə Akademiyanın 80 illik tarixindən və bu tarix ərzində Azərbaycan xalqının sosial tərəqqisində, ictimai fikir tarixində oynadığı müstəsna roldan götürür. 

S.Xavəri bildirib ki, konsepsiyanın ikinci bölməsi “Yol Xəritəsi”dir və burada Akademiyanın inkişafı ilə bağlı müəyyənləşdirilən hədəflərə çatmaq üçün çoxsaylı və çoxçeşidli tədbirlər əksini tapıb.

“Konsepsiyanın əsas fəlsəfi platformasını forsayt, gələcəyi görmə metodologiyası təşkil edir. Konsepsiyada bu metodologiyaya əsaslanaraq yaxın beş ildə elmin inkişafı üzrə mümkün ssenarilər araşdırılmış, onlara hazır olmaq üçün strategiyalar müəyyənləşdirilmiş, onların icrası mexanizmləri hazırlanmışdır. Konsepsiyanın və Yol Xəritəsinin icrasına Akademiyanın 6 elmi bölmə, 2 regional bölmə, 10 elmi tədqiat müəssisəsi, 2 regional elmi mərkəzi, 4 təşkilat, 16 Rəyasət Heyəti şöbəsi olmaqla cəmi 40 qurumu icraçı qismində cəlb olunmuşdur”, - deyə alim diqqətə çatdırıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi