Təyyarəni tam xilas etmək mümkün imiş- ŞOK DETALLAR...
İlyas Hüseynov: “Bu faciənin qarşısını almaq mümkün idi, amma təəssüflər olsun ki, Rusiya tərəfi bunu etmədi”
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı–Qroznı reysini həyata keçirən təyyarəmizin Rusiya tərəfindən vurulması böyük insan faciəsinə səbəb oldu. Olay nəticəsində həlak olanlar arasında Azərbaycan vətəndaşlarının çoxluq təşkil etdiyi məlumdur.
Sərnişin təyyarəmizin hansı səbəbdən vurulduğu məsələsinə Rusiya tərəfi hələ heç bir aydınlıq gətirməyib. Hazırda ən çox müzakirə olunan məsələlərdən biri də məhz budur. Eyni zamanda düşündürücü suallardan biri də təyyarənin qəzadan xilas edilmək imkanının olub-olmaması ilə bağlıdır.
Yanvarın 6-da Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus, Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış “Embraer 190” tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşdə açıq bəyan edib ki, təyyarə qəzasından yan keçmək olardı, əgər qarşı tərəf lazımı tədbir görsəydi. Bu barədə Azərbaycan Prezidenti bildirib: “...Əgər Qroznı şəhəri öz ərazisində Rusiyanın hava məkanının bağlanması üzrə vaxtında tədbirlər görsəydi, yerüstü xidmətlərin bütün qaydalarına əməl olunsaydı, həmçinin Rusiya Federasiyasının silahlı qüvvələri və mülki xidmətləri arasında koordinasiya olsaydı, onda bu faciə də baş verməzdi”.
Hansı hallarda qəzadan yan keçmək olardı?
Bunun üçün Rusiya nə etməli idi?
“Rusiyanın bu istiqamətdə kifayət qədər imkanları var idi ki, bu faciə baş verməsin”
Politoloq İlyas Hüseynov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Qroznı şəhəri üzərində təyyarəmizin vurulması çox böyük bir faciədir və 2024-cü ilin sonunda baş vermiş bu faciə hələ də dünyada müzakirə olunur. “Bu faciənin baş verməsinin qarşısını almaq mümkün idi, amma təəssüflər olsun ki, Rusiya tərəfi bunu etmədi. Adətən müharibə aparan dövlət mülki təyyarələrin hərbi əməliyyatlar gedən və yaxud dron, raket hucumuna məruz qalan ərazidən kənarlaşdırılması üçün tədbirləri həyata keçirməlidir. Hava məkanının sahibi Rusiyadır. Rusiyanın bu istiqamətdə kifayət qədər imkanları var idi ki, bu faciə baş verməsin. Hətta Qroznı şəhəri üzərində Hava Hücumlarından Müdafiə sistemləri işə düşəndən sonra təyyarənin eniş etməsinə icazə verilməyib. Nəzərə almaq lazımdır ki, ətrafda kifayət qədər hava limanları var. Mahaçqala, Mineralnıye Vodı və sair hava limanlarını göstərmək olar”.
İ.Hüseynov qeyd etdi ki, Rusiya Silahlı Qüvvələri ilə mülki xdmətlər arasında koordinasiyanın olmaması bu faciənin əsas səbəblərindən biridir. İ.Hüseynovun sözlərinə görə, bu faciə baş verəndən sonra ilkin dövrlərdə istintaqın gedişini səhv yönə istiqamətləndirən mülahizələrə rast gəldik, guya təyyarənin içində okisgen balonu partlayıb, yaxud təyyarə quş dəstəsilə toqquşub. Bunların cəfəngiyyat olduğunu deyən politoloq vurğuladı ki, bunların heç bir əsası yoxdur. “Faciəni etiraf etmək, buna görə ekipaj üzvlərindən, sərnişinlərdən, onların ailə üzvlərindən üzr istəmək, onların həlak olması ilə bağlı başsağlığı vermək, Azərbaycan tərəfə təzminat ödəmək və ümumilikdə bu məsuliyyətin altına girmək önəmli idi. Rusiya tərəfi bunu etmədi. Yalnız Azərbaycan tərəfin təkidlərindən sonra Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Azərbaycan lideri ilə telefon danışığı oldu və Azərbaycan Prezidenti İlham Əliyevdən üzr istənildi. Hazırda bu prosesin davam etdirilməsi mühüm xarakter daşıyır. Amma önəmli məsələ bundan ibarətdir ki, bizim ekipaj üzvlərimizin, qəhrəman pilotlarımızın fədakarlığı nəticəsində biz həqiqəti, reallığı bilirik. Cənab Prezident həm də onları Azərbaycanın Milli Qəhrəmanı adı ilə təltif etdi. Onlar əbədi olaraq Azərbaycan xalqının ürəyində yaşayacaqlar”-deyə İ.Hüseynov vurğuladı.