azia.az
azia.az

AMEA-da “Qızılbaş ensiklopediyası: 1001 termin və xüsusi ad” kitabının təqdimat mərasimi keçirilib

Dünən, 23:32

AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutu və Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının (ABİA) birgə təşkilatçılığı ilə Şah İsmayıl Xətainin vəfatının 500-cü ildönümünə həsr olunmuş ikicildlik “Qızılbaş ensiklopediyası: 1001 termin və xüsusi ad” kitabının təqdimat mərasimi keçirilib.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında baş tutan tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, ABİA-nın İdarə heyətinin sədri Elçin Əsgərov, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar üzrə səfiri Elşad İskəndərov, Milli Məclisin deputatı Naqif Həmzəyev, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, AMEA-nın Tarix və Etnologiya İnstitutunun, eləcə də Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının əməkdaşları, həmçinin Azərbaycan elmi ictimaiyyətinin nümayəndələri və gənclər iştirak ediblər.

Əvvəlcə Qızılbaşlığın Azərbaycan tarixində rolunu əks etdirən qısa sənədli filmə baxılıb, daha sonra Şah İsmayıl Xətainin süni intellekt proqramı ilə yaradılmış avatarının gələcək nəsillərə videomüraciəti nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli son iki il ərzində Azərbaycan Milli Elmlər Akademiyasında həyata keçirilən yeniləşmə islahatları ilə paralel olaraq Azərbaycançılıq ideologiyasının dərinləşdirilməsi, ədəbi-tarixi şəxsiyyətlərin öyrənilməsi istiqamətində də geniş tədqiqatların aparıldığını diqqətə çatdırıb. Qeyd edib ki, SSRİ rəhbərliyinin xalqların milli keçmişini unutdurmaq, “vahid sovet xalqı” təfəkkürünü formalaşdırmaq siyasətinə uyğun olaraq əsasən həmin dövrdə tarixi hadisələr öyrənilir, tarixi şəxsiyyətlər isə tədqiqatlardan kənarda qalırdı. Akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, SSRİ illərində Azərbaycan Atabəylər dövləti, Səfəvilər dövləti haqqında araşdırmalar aparılsa da, dövlətin qurucuları Şəmsəddin Atabəy və Şah İsmayıl Xətai barəsində, eləcə də Nadir şah Əfşar haqqında heç bir tədqiqat aparılmamışdır. AMEA rəhbəri bildirib ki, sovet rəhbərliyinin bu siyasətinə ilk etiraz edən isə “Gün var əsrə bərabər” romanında “manqurtlaşmanı” dilə gətirməklə dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatov olmuşdur.

AMEA prezidenti Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra görkəmli dövlət xadimlərimizin, tarixi şəxsiyyətlərimizin öyrənilməsinə başlanıldığını bildirib. Qeyd edib ki, Azərbaycanın tarixi şəxsiyyətlərinə ən yüksək dəyəri Prezident İlham Əliyev vermiş, ölkəmizdə “Nəsimi ili”, “Nizami Gəncəvi ili”, “Heydər Əliyev ili”nin elan olunması ilə tarixi ədəbi-siyasi şəxsiyyətlərimiz bir çox aspektlərdən öyrənilmişdir.

Akademik İsa Həbibbəyli Azərbaycan tarixinin iftixar ediləsi səhifələrinin, o cümlədən Qızılbaşlıq tarixinin araşdırılaraq geniş oxucu kütləsinə və gənc nəslə çatdırılmasının xüsusi əhəmiyyət daşıdığını qeyd edərək bu sahədə AMEA əməkdaşlarının iştirakından məmnunluğunu ifadə edib. Bildirib ki, AMEA-nın Tarix və Etnologiya İnstitutu buna qədər Bakı Şəhər İcra Hakimiyyəti ilə birgə “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabını ərsəyə gətirib. Yeni kitab isə Azərbaycan dövlətçiliyinin intibah səhifəsi olan Səfəvilər dövlətini bütövlükdə əks etdirən ensiklopedik mənbə rolunu oynayır. Akademik İsa Həbibbəyli kitabda geniş coğrafiyanı əhatə edən Səfəvilər dövləti haqqında ilk dəfə bir çox tarixi faktların ictimaiyyətə təqdim edildiyini bildirib.

Qeyd edib ki, Azərbaycan dövlətçiliyinə, tarixşünaslığına mühüm töhfə olan, tarixi şəxsiyyətlərimizə ehtiramın ifadəsini əks etdirən yeni ensiklopedik nəşr müəlliflər tərəfindən yalnız böyük zəhmət hesabına deyil, eyni zamanda Azərbaycançılıq təfəkküründən irəli gələrək hazırlanıb.

Akademik İsa Həbibbəyli çıxışının sonunda vahid Azərbaycan dövləti ideologiyası ilə dövlətçilik tariximizdə mühüm yer tutan Səfəvilər dövləti və Şah İsmayıl Xətai haqqında kitabın ərsəyə gəlməsinin milli kimliyimizin dərki, qorunması və güclənməsinə öz töhfəsini verəcəyini bildirib.

ABİA idarə heyətinin sədri Elçin Əsgərov isə öz çıxışında 8 bölümdən və 1001 başlıqdan ibarət olan ensiklopediyada Qızılbaş şahları və şeyxləri, Səfəvi xanədanlığı, Qızılbaşlığı təşkil edən türkman tayfaları, Səfəvi dövrünün daxili və xarici siyasəti, Qızılbaş inanc və Səfəvi hərbi-siyasi sistemi, Qızılbaşlığın təsiri altında Səfəvi dövründə formalaşmış mədəniyyət, incəsənət və din, Qızılbaşlıq haqda tarixi mənbələrlə bağlı məlumatların bu kitabda öz əksini tapdığını bildirib, ensiklopediyanın hazırlanması haqda qısa məlumat verib. E.Əsgərov Qızılbaşlığın sırf azərbaycanlıların yaratdığı tarixi miras olduğunu xüsusi vurğulayıb.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar üzrə səfiri Elşad İskəndərov isə çıxışında mərkəzləşdirilmiş Azərbaycan dövlətçiliyinin bu dövrdə öz inkişafının pik nöqtəsinə çatdığını və müasir Azərbaycan xalqının formalaşmasında Səfəvi dövlətinin aparıcı rolu olduğunu nəzərə çatdırıb.

AMEA-nın Tarix və Etnologiya İnstitutunun direktoru professor Kərim Şükürov Qzılbaşlığın Azərbaycan tarixində və tarixşünaslığında xüsusi əhəmiyyət kəsb etdiyini bildirərək, bu fenomenin Azərbaycan identikliyini geniş şəkildə işıqlandırmaq baxımından elmi tədqiqatların genişləndirilməsinin önəmini vurğulayb.

Milli Məclisin deputatı Naqif Həmzəyev, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov və AMEA-nın Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi tarix elmləri doktoru Tofiq Nəcəfli isə çıxışlarında Qızılbaşlığın Azərbaycanın dövlətçilik tarixində, milli kimliyinin formalaşmasında və mədəni intibahında rolu haqda düşüncələrini bölüşüb.

Çıxışlardan sonra Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının İdarə heyətinin sədri Elçin Əsgərov yeni nəşri AMEA-nın Mərkəzi Elmi Kitabxanasına hədiyyə edib, kitabları direktor texnika elmləri doktoru Hüseyn Hüseynova təqdim edib.

Təqdimat mərasimində yekun söz söyləyən akademik İsa Həbibbəyli “Qızılbaş ensiklopediyası: 1001 termin və xüsusi ad” kitabının təqdimatının tarixi və əlamətdar gündə baş tutduğunu söyləyib, adını Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinə qızıl hərflərlə yazmış, ərazi bütövlüyümüzü və dövlət suverenliyimizi tam bərpa etmiş, bütün ölkə ərazisində Dövlət Bayrağımızı ucaltmış Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin ad gününü tədbir iştirakçıları və Akademiya kollektivi adından təbrik edib, xoş arzularını çatdırıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi