Tanınmış idmançı, dünya çempionu və sahibkar Ələkbər Həbibov sabiq məmurun onu icarəyə götürdüyü obyektdən qanunsuz olaraq çıxarmasından şikayət edir.
E-huquq.az-a müraciət edən sahibkar deyir ki, sözügedən obyektin faktiki sahibi Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin sabiq rəisi, ədliyyə generalı İlqar Məmmədovdur. O, həmin obyekti İlqar Məmmədovdan 2017-ci ildə icarəyə götürüb.
"Onunla aylıq 11 min manat icarə haqqı ödəmək barədə razılığa gələrək həmin yeri icarəyə götürdüm. Sahəsi 1000 kvadrat metrdən çox olan və uzun müddət istifadəsiz qalan obyektin təmiri, bərpası, möhkəmləndirilməsinə, həmçinin mebel, avadanlıq və xüsusi quraşdırılmış texnikaya təxminən 2,5 milyon manata yaxın vəsait xərclədim. İlqar Məmmədov məni əmin etmişdi ki, heç bir halda məni oradan çıxarmayacaq. Mən də onun sözünə güvənərək bu qədər xərc çəkdim. Obyektin faktiki sahibi İlqar Məmmədov olsa da, obyekt rəsmi olaraq onun dayısı Mahmud Kərimovun adına rəsmiləşdirilib. Bizim aramızda icarə müqaviləsi 2018-ci ildə bağlanıb. İlkin mərhələdə müqavilə 1 illik imzalanmışdı və hər il müddəti uzadılacaqdı. 2018-ci ildə 11 min manat olan aylıq icarə haqqı 2021-ci ildə 15 min manata, 2024-cü ildə isə 18 min manata qaldırılmışdı. Qoyduğum investisiyadan hələ heç bir xeyir götürmədiyim halda mülkiyyətçiyə 1 milyon manatdan çox icarə haqqı ödəmişəm. İndi isə heç bir səbəb olmadığı halda məndən tələb edir ki, məkanı boşaldıb oradan çıxım. Bugünə dək aramızda heç bir narazılıq olmayıb, amma birdən-birə müqaviləyə xitam vermək qərarına gəlib”, - deyə Ə.Həbibov bildirib.
O deyib ki, restoranın yerləşdiyi bina 1896-cı ildə tikilib, icarəyə götürülən zaman tamamilə yararsız və qəzalı vəziyyətdə olub: “Hətta daha öncə burada yanğın hadisəsi baş verdiyinə görə məkan tanınmaz hala düşmüşdü. Buna baxmayaraq, mən buranı icarəyə götürdüm və 1 il 2 ay müddətində burada təmir-bərpa işləri apardım. Əlbəttə, söhbət elə-belə az xərc tələb edən təmirdən getmir. Sahəsi təxminən 1000 kvadrat metrdən çox olan bu obyektin indiki vəziyyətinə gəlib çatması üçün çox böyük işlər görülüb və təmir-bərpa, quraşdırılma, bərkitmə işlərinə külli miqdarda xərc çəkmişəm. Obyektin zirzəmisində də böyük həcmli bərkitmə işləri aparılıb. Təmir-bərpa və s. işlərlə yanaşı, obyektdə xüsusi dizayn-interyer işləri də görülüb, xüsusi sifarişlə avadanlıqlar, texnika və mebel dəstləri alınıb. Yəni, bu məkan mənim zəhmətim hesabına bu vəziyyətə gəlib çıxıb, dəyər qazanıb. İndi də min bir əziyyətlə ərsəyə gətirdiyim yerdən məni qanunsuz olaraq çıxarmaq istəyirlər. Deyirəm heç olmasa, bura çəkdiyim xərcin bir hissəsini kompensasiya olaraq ödəyin, ona da razılaşmırlar”.
Sahibkarın sözlərinə görə, o, icarə müqaviləsinin icrasının təmini və kompensasiyanın verilməsi üçün Bakı Kommersiya Məhkəməsinə müraciət edib: “İcarə müqaviləsində göstərilir ki, ona yalnız tərəflərin qarşılıqlı razılığı ilə xitam verilə bilər. Lakin mənim razılığım olmadan müqaviləni birtərəfli qaydada pozmaq istəyirlər ki, bu da tamamilə qanunsuzdur. İcarə müqaviləsinə ya hər iki tərəfin razılığı ilə xitam verilə bilər və ya məhkəmənin qərarı ilə. Bir tərəfli qaydada müqaviləyə xitam verilə bilməz. Ona görə də məhkəməyə müraciət etdim. Məhkəmə qərar çıxardı ki, işin mahiyyəti üzrə yekun qətnamə çıxarılana qədər mülk sahibi məni obyektdən çıxara bilməz. Lakin qarşı tərəf Bakı Apellyasiya Məhkəməsinə müraciət edib və yuxarı instansiya məhkəməsi Bakı Kommersiya Məhkəməsinin bütün haqlı qərarlarını ləğv edib. Bundan başqa, qarşı tərəfin "Haven" restoranının fəaliyyətinin qadağan edilməsi ilə bağlı müraciəti təmin edilib. Bakı Apellyasiya Məhkəməsi faktiki olaraq mənim qanuni fəaliyyətlə məşğul olmağıma qadağa qoyub. Əsas problem odur ki, Bakı Apellyasiya Məhkəməsinin hakimləri Elnur Həsənov, Təranə Mahmudova və Ziya Şirinov faktiki olaraq işin mahiyyətini həll etdilər, bu isə prosesual qanunvericiliyə ziddir. Yəni, hal-hazırda birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxıldığı üçün belə qərarların verilməsi tamamilə qanunsuzdur. Apellyasiya məhkəməsinin belə qərar qəbul etməsi yanlış məhkəmə təcrübəsi yaratdı, bu, ümumən məhkəmə təcrübəsinə ziddir. Eyni zamanda, bu, digər analoji işlərdə də belə qanunsuz və ədalətsiz qərarların verilməsi üçün zəmin yaradır. Mən təcrübəli vəkillərlə də bu iş barədə danışmışam, hamısı apellyasiya məhkəməsinin qərarının qanunsuz olduğunu deyirlər”.
Sahibkar cavabdehin məhkəmə qərarına qanunsuz müdaxilə etdiyini iddia edir: “İlqar Məmmədovun bu işə qanunsuz müdaxilə etmək üçün kifayət qədər geniş əlaqələri var. Məndə olan məlumata görə, məhkəmədə işə baxan tərkibdə yer alan hakim Elnur Həsənovun İlqar Məmmədovla sıx münasibəti var. İşə rəsmi olaraq hakim Təranə Məmmədovanın sədrliyi ilə baxılsa da, hadisələrin gedişatı göstərir ki, əslində prosesə Elnur Həsənov rəhbərlik edib”.
Ələkbər Həbibov hakim Elnur Həsənovla bağlı tədbir görülməsini istəyir: “Mən məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı kimi cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimova, Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərova müraciət edərək xahiş edirəm ki, bu məsələ ilə bağlı qanunsuz və ədalətsiz çıxarılan qərardadlara görə həmin hakimlərin barəsində araşdırmalar aparılsın, intizam icraat qaydasında iş başlanılsın, neqativ və korrupsiyanın əlamətləri olmasına kifayət qədər əsaslı şübhələrim olduğu səbəbindən barələrində cinayət işi qaldırılsın, mənə dəymiş zərərin ödənilməsi hissəsində qanuni tədbirlər görülsün. Mən, hesab edirəm ki, bu işdə korrupsiya elementləri var. Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə, Baş Prokuror Kamran Əliyevə üz tutaraq bu işin ciddi araşdırılmasını xahiş edirəm. Hakim Elnur Həsənov və işə baxan digər hakimlərin fəaliyyəti yoxlanılmalı və ciddi araşdırılmalıdır. Onların çıxardığı qərarıların qanuniliyi və əsaslılığı yoxlanılmalıdır. Çünki işlə bağlı tam qanunsuz və ədalətsiz qərar qəbul edilib. Qeyd etmək istəyirəm ki, Bakı Apellyasiya Məhkəməsinin icraatında müvəqqəti təmin tədbiri ilə bağlı 3 iş var idi. 17 dekabra iki iş üzrə iclas təyin edilərək yekun məhkəmə aktı qəbul edilsə də, 3-cü iş üçün iclas təyin edilmədən qərardad qəbul edilib. Bu da Elnur Həsənovun və işə baxan digər hakimlərin qərəzli münasibətini göstərir”
“Mən bir sahibkar kimi hüquqlarım bərpa olunmasını, bu özbaşınalığa son qoyulmasını istəyirəm. Restoranda ailələrini dolandıran 40-dan çox işçi çalışır. Restoranın bağlanması təkcə mənim üçün deyil, onlar üçün də zərbə olacaq”, - deyə sahibkar qeyd edib.
Qeyd edək ki, tanınmış idmançı karyerası dövründə bir çox uğurlara imza atıb. Müxtəlif idman növləri üzrə dəfələrlə respublika birincisi olub. O, 2009-cu ildə pankrationun aqon növü üzrə qızıl medal qazanaraq dünya çempionu olub. Hazırda boks idman növü ilə məşğuldur. Ə.Həbibov tanınmış heykəltaraş İbrahim Zeynalovun nəvəsidir.