"Uşaqlar evdə gördüyü davranışları cəmiyyətdə təkrar edirlər"
Bu gün sosial şəbəkələrdə valideynlərin övladlarının yanında etik olmayan davranışları və təhqir ifadələrini işlətdikləri müşahidə olunur. Uşaqlar valideynlərini ideal hesab etdikləri üçün bu davranışları cəmiyyətdə də tətbiq edirlər. Sosial şəbəkələr bu davranışların təbliğində də rol oynayır. Bunların hamısı azyaşlıların gələcəyinə mənfi təsir göstərən amillərdir.
Mövzu ilə bağlı AzEdu.az-a danışan psixoloq Gülnar Orucova qeyd edib ki, tərbiyə daha çox ailədən görülür və götürülür:
“Uşaq ailənin güzgüsüdür və onlar evdə gördüyü davranışları cəmiyyətdə təkrar edirlər. Valideyn övladına mərhəmət və sevgi verirsə, uşaq da bunu cəmiyyətdə göstərəcək. Lakin aqressiya, gərginlik və təhqir ifadələrinin hakim olduğu bir ailədə böyüyən uşaq bu davranışları cəmiyyətə daşıyacaq.
Bəzən uşaqlar arasındakı davalarda ifadə olunan hər bir xoşagəlməz söz, ailədə istifadə edilən sözlərdir. Valideynlər övladlarına düzgün tərbiyə verməli və onların davranışlarına nəzarət etməlidirlər"..