Saray qəsəbəsində yüksək gərginlikli ELEKTRİK xəttinin dayaqları əyilib-ŞİKAYƏT
Saray qəsəbəsi, Vahab Əliyev küçəsində uzun illərdir qorxu altında yaşayan bir qrup sakinlər tərəfindən müraciət daxil olub. Əməkdaşlarımız həmin ünvanda sakinlərin problemi ilə yerində tanış olublar. Şikayətçilərdən Məmmədov Məhəmmədəli, Şükür müəllim, Vuqar Məmmədov, Xuraman Məmmədova bildirdilər ki, bu ünvanda 2010-cu ildən yaşayırlar. Onların sözlərinə görə, yolu, suyu, qazı özləri çəkiblər. Şikayətçilər dərdlərini kameraya danışdılar:
“İllərdir bu ünvanda yaşayırıq, əyər buna yaşamaq deyilirsə. Yollar bərbad, ana su borusu dağılmış vəziyyətdə, yüksək gərginlikli elektrik xətti mərkəzi yolun düz üstündə, hər an ölüm təhlükəsi ilə üz-üzəyik. Naqillərin uğultusu, xırda qığılıcımlarının gecə yarısı partlayaraq səs yayması dəhşətlidir. Yaşa görək necə yaşayırsan. Biz uzun illərdir bu qorxu və vahimə içərisində yaşayırıq. Ümid edirik ki, nə vaxtsa aidiyyatı qurumlar rəhmə gəlib bu liniyanı bizim evlərdən uzaqlaşdıracaqlar. Yəqin bizim durumumuzu görürsünüz.
Təxminnən 4 il bundan əvvəl hansısa bir qrup işçi gəlib bu dəmir dayaqları özünün əvvəlki yerindən çıxarıb, yaşayış sahəsinin, yəni evlərin düz hasarının dibində quraşdırıdılar. ONU DA ELƏ QURAŞDIRIBLAR Kİ, ƏYİLİB. Xəttin istiqamətini də dəyişdilər. Hətta dedilər ki, bunu çəkənlərə “hörmət” elədilər, onlar da xəttin istiqamətini dəyişdilər. Bu özbaşınalıq, biabırçılıq və cinayətdir. Sabah kiminsə başına bir iş gələndə onda nə baş verəcək. Kim bunun məsuliyyətini üzərinə götürəcək?
Yüksək gərginlikli naqilləri üzərində zorla saxlayan həmin dəmir dayaqlar su kəmərindən axan suyun düz içərisində qalıb, külək əsən kimi tərpənir. Hər saniyəmiz təhlükəlidir. Həmin ərazidən hər gün yüzlərlə uşaq-böyük, yaşlı, xəstə keçir. Ölümlə üz-üzə qalmışıq. Bilə-bilə bizi sanki intihara sürükləyirlər. Bu əraziyə yaxınlaşanda hamı qaçır. Ona görə qaçır ki, hər an əyilmiş dəmir dirəklərinin aşma təhlükəsi var. Prezidentimizin sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı verdiyi tapşırıqları yetkililər qulaqardına vurublar. Bələdiyyə sədri Şahlar müəllim ilkin sənədləşmə aparmır. Deyir ki, yüksək gərginlikli xəttə yaxın ərazidəsiniz, bəhanə və fürsət axtarır. Şahlar müəllim bir şeyi unudur ki, bizim evlər sözügedən dəmir dirəklərin quraşdırılmasından əvvəl tikilib. Nə isə, bizim səsimizə səs verən, poblemlərimiz həll edən yoxdur. Əlimizdə Saray icra nümayəndəliyinin notariusda təsdiqlənmiş, evimizin eskiz layihəsini təsdiq edən bələdiyyənin möhürlü sənədi var.
Qeyd edim ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin sərəncamından 39 nömrəli 05 noyabr 1999-u il çıxarışına əsasən 0.10 torpaq sahəsinin 0.015 ha torpaq sahəsini AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Abşeron rayon ərazi idarəsində qeydiyyata alınması barədə sənəd verilmişdir. Bu qanuni sənəddir. Çünki, notarial qaydada təsdiq ounub.
İllərdir torpaq vergisi də daxil olmaqla kommunal ödənişlər edirik. Bunların da faydası yoxdur. Torpaq vergisini alanlar, indi sənədləşmə olmaz deyirlər. Bizim mürazciətimiz cənab prezidentədir. Respublikada ondan başqa işinin və vəzifəsinin öhdəsindən gələn ikinci bir şəxs yoxdur”-deyə, sakinlər hər kəsi bu mənada səfərbər olmağa çağırır. Söhbət insan həyatından getdiyi üçün.
10 ildir içməli su küçəyə axıdılır
Sakinlər “Azərsu” dan da şikayət etdilər:
“Yüksək təzyiqli su turbasının üzərində olan kollektor dağılıb, sıradan çıxıb, suyun vintilləri işləmir, baxan da yoxdur. Axan su isə birbaşa əyilmiş yüksək gərginlikli dirəyin altına tökülür. Bizim fəryad və harayımızı cənab prezidentin diqqətinə çatdırın. Ailə üzvlərimiz, bütövlükdə bu yoldan istifadə edən sakinlərin hamısı həmin yolda hərəkət edərkən böyük qorxu hissi keçirirlər. Təhlükə lap qulağımızın dibindədir. Biz böyük yalvarışla həyacan təbili çalıb, xahiş edirik bizim səsimizi aidiyyatı qurumlara çatdırın. Əks halda bədbəxt hadisələr baş verə bilər. Dəmir dayaqların yerini kimlər dəyişdi? Niyə dəyişdilər? Kimlərin maraqları təmin olundu? Bu suallarımıza cavab tapa bilmirik”-deyə sakinlər bildirdilər.
Biz isə redaksiya olaraq sakinlərin problemləri ilə yerində tanış olduq. Sakinlərin böyük problemləri var. Həm yksək gərginlikli elektrik xəttinin problemi, həm də evlərin sənədləşməsi.Yazını tədbir görülməsi üçün Azərenerji ASC-yə, Azərişıq ASC-yə ünvanlayırıq.
(davamı var)
Azia.az bloqunun araşdırma qrupu