“Bütün gün telefonda vaxt keçirən valideyn uşaqdan bunun əksini tələb edə bilməz…” — Psixoloq
İnternet dünyası uşaq və yeniyetmələr üçün hər keçən gün daha təhlükəli yerə çevrilir. Demək olar ki bütün cəmiyyətlərdə bu problem yaşanır. Uşaq və yeniyetmələr internet dünyasında müxtəlif təhlükələrlə üz-üzədirlər. Valideynlərin çoxu bu vəziyyətə nəzarət edə bilmir. Bir çoxu uşaqlarını gözləyən təhlükələrdən xəbərsizdirlər. Azyaşlılar əllərindəki telefonlarda, kompüterlərdə təhlükəli insanlarla tanış ola, qruplara qoşula, onları asılı hala salacaq və psixologiyalarına mənfi təsir edəcək videolara, oyunlara baxa bilərlər. Beləliklə, zərərli çağırışların təsirinə düşmək ehtimalı qaçılmaz olur. Bütün bunlar sonda zorakılığa, şiddət göstərməyə meyilli insan yetişməsinə, hətta gənc yaşda intihara qədər gətirib çıxara bilər.
Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov rəqəmsal dünyanın inkişafının insanların həyata baxışlarını dəyişdiyini deyib. R.Nəcəfov Demokrat.az-a açıqlamasında qeyd edib ki, heç nə əvvəlki kimi deyil və olmamağı da normaldır:
“Yaranmış mənzərə qəbul edilməlidir. Rəqəmsal resurslar müsbət imkanlarla yanaşı mənfi tendensiyalar da yaradıb. Bəlkə də insanlar bunu mənfi olaraq qəbul edirlər. Uşaqlar üçün rəqəmsal imkan və resursların genişlənməsi həm yaxşıdır, həm də pis. Yaxşıdır ona görə ki, uşağın dünya görüşü davamlı inkişaf prosesindədir. Pisdir ona görə ki, uşaq real həyatdan qopur. Reallıq və virtuallıq arasında şəxsiyyət pozuntusu formalaşmamalıdır. Şəxsiyyət rəqəmsallaşmamalıdır. Rəqəmsal dünyada uşaqların fəallığının artması ailədəki mühitlə bağlıdır. Valideynlər övladlarına əvəzləyici "rəqəmsal valideyn" veriblər. Rəqəmsal valideynlər günümüzdə həyatımızın meyarına çevrilmiş “ağıllı telefon”lar və digər müasir elektron cihazlardır”.
Psixoloq bildirib ki, uşaqları rəqəmsal dünyadan uzaq tutmaq olmaz, amma onların rəqəmsal dünya ilə əlaqəsini nizamlamaq lazımdır:
“Rəqəmsal asılılığa düçar olmuş uşaqlar valideynlərinə bənzəyirlər. Bütün günü telefonda vaxt keçirən valideynlər uşaqlarından bunun əksini tələb edə bilməzlər. Uşaqlar ailədəki düşüncənin əksidir, ailədəki psixoloji mühitin necə olduğunu ifadə edirlər. “Ağıllı telefon”lar və digər müasir elektron cihazlardan istifadə edərkən parametrlər yaşa uyğunlaşdırılmalıdır. Parametrləri yaşa uyğunlaşdıraraq riskləri minimuma endirmək olar. Ailədə uşaqların suallarına cavablar verilməlidir. Böyüklər uşaqların suallarını cavablandırmasalar, rəqəmsal dünya daha cəlbedici, daha sonra isə etibarlı mənbə olacaqdır. Uşaqların rəqəmsal dünyada keçirdikləri zamana məhdudiyyət qoyulmalıdır. Məhrumiyyətlər əvəzlənməlidir ki, məhdudiyyətlər olsun. Uşaqların istək və maraqlarına uyğun davranış sərgilənməlidir. Ailənin bütün üzvləri arasında ünsiyyət və birlikdə zaman keçirmək sağlam psixoloji mühiti formalaşdırır”.
Törə Zeynallı