azia.az
azia.az

"Karbon bazarları bəşəriyyət üçün ən yüksək fayda verə bilər"

5-10-2024, 10:39

ADA Universitetində Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində “Karbon emissiyalarının azaldılması və bazar mexanizmləri” mövzusunda dəyirmi masa keçirilib.

 Modern.az xəbər verir ki, COP29-un İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai COP29 sədrliyi olaraq Azərbaycanın məqsədinin vizyonunun ambisiyaları artırmaq, tədbirləri gücləndirmək olduğunu bildirib. Qeyd olunub ki, qlobal istiləşməni 1,5 dərəcə səviyyəsində saxlamaq cəhdlərinə nail olmaqda bütün dövlətləri iştirak etməlidirlər. Məqsədə nail olmaq üçün yaşıl keçidin önəmini vurğulayan N.Arpadarai buna görə trilyonlarla dollar vəsait lazım olduğunu da deyib. Odur ki, COP29-da iqlim maliyyəsi məsələsinin qabardıldığı bir daha diqqətə çatdırılıb.

 

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fergus Auld karbon bazarlarının bəşəriyyət və insanlar üçün ən yüksək fayda verə biləcəyini deyib: “Karbon bazarları maliyyəni cəlb edə, ölkələrə kömək edə, ətraf mühitə müsbət təsir göstərə bilər. 2030-cu ilə qədər karbon bazarında qiymətlər 100 milyarda bərabər ola və 17 milyon iş yeri aça bilər. Karbona qiymət qoymaq fundamental məsələdir. Xərc baxımından yaxşı yol tapmaq və özəl sektoru bura cəlb etmək əsasdır. Bu sahəyə maliyyə ayırmaq qarşımızda duran çağırışdır. COP29 danışıqları yeni pilləyə qaldıra bilər və növbəti addımları atmaq üçün şərait yarada bilər".

 

Energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanovun sözlərinə görə, bəzən karbon bazarları və qiymətlərlə bağlı birtərəfli addımlar atılır ki, bu da müəyyən problemlər yarada bilər. Çünki birtərəfli addımlar təsirin yumşaldılması baxımından qısamüddətli kömək etsə də, amma digər ölkələr üçün sual yarada bilər. 

"6-cı maddə COP üçün ən önəmli məsələlərdəndir, çünki burada iqlim maliyyələşməsindən söhbət gedir. Ən səmərəli yol karbon emissiyalarını azaltmaqdır. Düşünürük ki, uyğunlaşma təsirin azaldılması üçün də önəmlidir. Çünki karbon və istixana qazlarının emissiyalarını aradan qaldırmasaq, problemlər dərinləşəcək. Azərbaycanda karbon, istixana qazları emissiyalarının azaldılması kontekstində müəyyən tədbirlər həyata keçirilir. Hazırda 6-cı maddə ilə bağlı danışıqlar aparılır. Bununla bağlı daha çox tənzimləyici və qanunvericilik bazasını qurmağa davam edir, texniki infrastrukturu yaradırıq. Çünki bu iki məsələ təmin etmək istədiyimiz keyfiyyət üçün vacibdir. Qanunvericilik bazası prinsipcə hazırdır. İqtisadiyyat Nazirliyi də bu istiqamətdə çox ciddi iştirakçıdır, kreativdir, prosesə töhfə verir. İnfrastruktur baxımından müəyyən sistemlər mövcuddur. 6-cı maddə ilə bağlı hər kəsin dəstəyinə ehtiyac var”, - deyə COP29-un baş icraçı direktoru vurğulayıb.

 

Çıxışı zamanı ekoloji mədəniyyətin formalaşmalı olduğu bir dövrdə yaşadığımızı vurğulayan Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib ki, su ehtiyatlarından səmərəli istifadə edilməsi, qlobal istiləşmənin fəsadlarının minimuma endirilməsi əsas məqsədimiz olmalıdır. O qeyd edib ki, qlobal istiləşmənin son 30 ildə daha da artması vəziyyətin kifayət qədər gərgin olduğunun sübutudur: “Qlobal istiləşmənin təsirləri gələcək dövrlərdə daha çox arta bilər. Bu problemin qarşısını almaq üçün hər kəs bir addım atmalıdır”.

 

 

 

Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva isə Paris sazişi çərçivəsində ölkələrdən üçdə ikisinin mili hədəfləri müəyyən etdiklərini və karbon qiymətlərinin 2030-cu ilə qədər iqlim dəyişikliklərinin təsirlərini 32 faiz azalda biləcəyini diqqətə çatdırıb: “Mitiqasiya tədbirlərində ən güclü alətlərdən biri karbona qiymət qoyulması mexanizmlərinin hazırlanmasıdır. Azərbaycanda karbona xüsusi qiymətqoyma mexanizmləri, o cümlədən effektiv qiymətqoyma alətləri mövcuddur. Karbona qiymət qoyulması üçün sistemlər üzərində işləyir və ekspressiv qiymət qoymağa çalışırıq. Azərbaycan karbona qiymətqoyma mexanizmlərini genişləndirir. Milli İqlim Dəyişikliyi Strategiyası üzərində çalışır, mexanizmlərin həm fərdi qaydada, həm də hibrid formada genişləndirilməsi üzərində işləyirik. Biz hələ daxili karbon bazarını yaratmamışıq. Karbon bazarı ilə bağlı çox təcrübəmiz yoxdur. Ölkə, Dövlət Vergi Xidməti olaraq müxtəlif bazar mexanizmlərini öyrənirik. Müxtəlif yollarla - karbon kreditləri və karbona qiymətqoyma vasitəsilə emissiyaların azaldılması məsələsini nəzərdən keçiririk”.

 

Dəyirmi masa təqdimat və müzakirələrlə davam edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi