“Yaşıl enerji”yə keçid: “Qlobal istiləşməni məhdudlaşdırmağa kömək edir”
““Yaşıl enerji”yə keçid ekoloji çirklənmənin qarşısının alınması üçün vacibdir. Bu, həm də enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır".
Bunu “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli "Cebheinfo.az"-a açıqlamasında deyib.
O bildirib ki, Azərbaycan qlobal iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması istiqamətində mühüm addımlar atır, beynəlxalq təşkilatlara dəstək verir:
"2021-ci ilin fevralında “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri” qəbul edilib. Sənəddə 5 milli prioritetindən biri də təmiz ətraf mühit və yaşıl artım müəyyən edilib. Bərpa olunan enerji sektorunun yaradılması ölkəmiz üçün prioritet məsələyə çevrilib.
Çünki Azərbaycan Paris sazişinə (BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına əsasən 2020-ci ildən atmosferdəki karbon dioksidin azaldılmasına dair tədbirləri tənzimləyən bir razılaşma) imza atıb və öhdəlik götürüb.
Öhdəlik ondan ibarətdir ki, 2050-ci ilə qədər karbon emissiyası 40 faizə qədər azaldılmalıdır. Azərbaycanda külək və günəş enerjisi əsasən elektrik enerjisinin istehsalı üçün potensial var.
Azərbaycanın bərpaolunan enerji potensialı, quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir".
Həmsöhbətimiz vurğulayıb ki, Azərbaycan 3 böyük regionunu - Şərqi Zəngəzur, Qarabağ və Naxçıvan Muxtar Respublikasını “yaşıl enerji” zonası elan edib:
"Bəs yaşıl enerji niyə bu qədər vacibdir? “Yaşıl enerji”yə keçid iqlim dəyişikliyini azaltmağa və qlobal istiləşməni məhdudlaşdırmağa kömək edir.
“Yaşıl enerji” sektorunun inkişafı nəticəsində yeni iş yerləri yaranır. Bu da davamlı inkişaf üçün vacib amillərdən biridir. Bu amil ölkəmiz üçün xüsusi əhəmiyyətə malikdir.
Çünki ölkəmizin 20 faizi işğaldan yenicə azad olunub. Qarşımızda müharibə və 30 illik işğal nəticəsində darmadağın edilmiş regionların minalardan təmizlənməsi və yenidən qurulması hədəflənib. Sonra əraziləri məskunlaşdırmaq və insanları iş yeri ilə təmin etmək problemi var".
Onun sözlərinə görə, “yaşıl enerji”yə keçid ölkəmiz üçün çox vacibdir:
"Çünki dünyanın inkişaf etmiş ölkələri artıq bu istiqaməti müəyyən edib. Ekspertlərin fikrincə, 2030-cu ilədək bərpaolunan mənbələrdən və yaxud “yaşıl enerji”dən alınan elektrik enerjisi dünyada elektrik enerjisi istehsalının 65 faizini təmin edəcək.
Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin hesablamalarına görə, 2050-ci ilədək dünyada elektrik enerjisinin 90 faizi bərpaolunan və yaxud “yaşıl enerji” mənbələrindən əldə edilə bilər.
Artıq Qaradağda Cənubi Qafqazın ən böyük günəş elektrik stansiyası istifadəyə verilib. Ölkənin bir sıra bölgələrində külək turbinləri quraşdırılıb. Azərbaycanın “yaşıl enerji” potenasialı zəngindir və ən əsası ölkəmizdə karbon emissiyasının azaldılmasına sağlam yanaşma var. Ölkəmiz karbohidrogen ehtiyatları ilə zəngin olsa da, “yaşıl enerji”yə keçiddə maraqlıdır.
Hətta COP29-da Azərbaycanın təşəbbüsü ilə zəif inkişaf etmiş ölkələrdə bərpaolunan enerji resurslarının istismarına dəstək məqsədilə ayrıca fondun yaradılacağı gözlənilir. Bu tədbirdə Azərbaycan özünün karbon emissiyasının azaldılmasına yönəlik töhfələrini təqdim edəcək”.
Elmir Mustafa