azia.az
azia.az

“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş elmi konfrans keçirilib

24-09-2024, 21:28


 AMEA-nın Kimya Elmləri Bölməsi və Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun (KQKİ) birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş elmi konfrans keçirilib.

Əvvəlcə Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İnstitutda gerçəkləşən tədbiri giriş nitqi ilə AMEA-nın vitse-prezidenti, KQKİ-nin baş direktoru akademik Dilqəm Tağıyev açaraq iştirakçıları salamlayıb, tədbirin 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında ökə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamının işığında keçirildiyini vurğulayıb. O, konfransı sözügedən Sərəncamın müddəalarından irəli gələn vəzifələrin yerinə yetirilməsinə ziyalıların və alimlərin töhfə verməsi istiqamətində təşəbbüslərindən biri kimi dəyərləndirib.

Akademik Dilqəm Tağıyev Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edildiyini söyləyib, ölkəmizdə ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində köklü işlərin aparıldığını vurğulayıb.

Hazırda Azərbaycanda 10 milli parkın, 11 dövlət təbiət qoruğunun fəaliyyət göstərdiyini deyən vitse-prezident meşə ilə örtülü sahələrin, “yaşıl zona”nın respublika ərazisinin 11,8 faizini əhatə etdiyini diqqətə çatdırıb. O, işğal dövründə ermənilərin vandalizm cinayətlərinə məruz qalmış Azərbaycanın meşə fondu sahəsində hazırda meşələrin bərpa edildiyini, yeni yaşıllıq sahələrinin salındığını bildirib.

Daha sonra akademik Dilqəm Tağıyev institutun əməkdaşı Günel Əzimovanın Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlərinə görə “2023-cü ilin peşəkar gənci” mükafatı ilə təltif olunduğunu, həmçinin müəssisənin alimlərinin Ümumrusiya Elmi-Tədqiqatlar Cəmiyyətinin keçirtdiyi müsabiqədə 3-cü yerə layiq görüldüklərini nəzərə çatdırıb.

Konfransda çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli ölkə başçısının müvafiq Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin əhəmiyyətini qeyd edib. O, leksikamıza yaşıl dünya ilə bağlı “yaşıl zona”, “yaşıl iqtisadiyyat”, “yaşıl texnologiya”, “yaşıl enerji”, “yaşıl sintez” kimi müxtəlif yeni anlayış və baxışların, yeni istiqamətlərin daxil olduğunu diqqətə çatdırıb. AMEA rəhbəri bildirib ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən tədbirlər Azərbaycanın ən müxtəlif sahələrinin daha da inkişaf etməsinə, müasirləşməsinə səbəb olacaq, eyni zamanda ölkəmizdə dünyanın qlobal çağırışları ilə səsləşən proseslərin sürətlənməsi üçün yeni perspektivlər açacaq.

Akademik İsa Həbibbəyli “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı AMEA-da müxtəlif tədbirlərin təşkil olunduğunu söyləyib. Alim, həmçinin Azərbaycanın dünya üzrə ən böyük və mötəbər dövlətlərarası tədbirlərdən biri olan COP29-a ev sahibliyi etməsinin ölkəmizin “yaşıl” texnologiyalar ölkəsinə çevrilməsi istiqamətində, cənab Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin icrasında əhəmiyyətli rola malik olduğunu qeyd edib.

Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 19-da imzaladığı “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncamını xatırladan akademik İsa Həbibbəyli bu sənədi ölkəmizin ictimai-siyasi həyatında əlamətdar tarixi hadisə kimi dəyərləndirib. Bildirib ki, bundan öncə Azərbaycan iki dəfə dövlət müstəqilliyini elan etmişdir. 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası tərəfindən İstiqlal Bəyannaməsi tərtib olunaraq imzalanmışdır. 1991-ci il oktyabrın 18-də isə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunmuşdur. Qeyd edib ki, bu, məzmununa və mahiyyətinə görə İstiqlal Bəyannaməsinin, müstəqillik aktının davamı olub, onu yekunlaşdıran, bir daha təsdiq edən sənəddir.

“Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi Heydər Əliyevin “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir” sözünün  isbatıdır”, - deyən AMEA rəhbəri hazırda ölkəmizin bütün ərazisində Azərbaycan Bayrağının dalğalandığını vurğulayıb, 44 günlük Vətən müharibəsi, lokal xarakterli antiterror tədbirləri və həyata keçirilən digər proseslərin Azərbaycana özünün suverenliyi gününü dövlət səviyyəsində qeyd etməyə imkan verdiyini bildirib. O, bunun Prezident İlham Əliyevin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət müstəqilliyimizin möhkəmləndirilməsi uğrunda apardığı mübarizəsinin zirvəsi olduğunu deyib.

Bu gün AMEA-da dövlət başçısının çağırışlarına və müasir dünya elminin prioritet istiqamətlərinə uyğun tədqiqatların aparıldığını söyləyən akademik İsa Həbibbəyli Elmlər Akademiyasının 4 nüfuzlu beynəlxalq elmi quruma üzv seçildiyini xatırladıb.

Çıxışının sonunda AMEA rəhbəri  Azərbaycanın dayanıqlı, innovativ inkişafı, ekoloji problemlər, ətraf mühitin mühafizəsi  və digər aktual mövzularda aparılan tədqiqatların nəticələrinin təqdim ediləcəyi konfransın işinə uğurlar arzulayıb, məruzələr ətrafında maraqlı elmi müzakirələrin aparılacağına əminliyini bildirib.

Tədbirdə Neft-Kimya İnstitutunun baş direktoru akademik Vaqif Abbasovun “Qlobal ekoloji problemlər, səbəblər, həll yolları. Yaşıl enerji”, Aşqarlar Kimyası İnstitutunun baş direktoru akademik Vaqif Fərzəliyevin “Ekoloji problemlərin həllinə yönələn elmi tədqiqat işləri”, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri k.ü.f.d. Elmir Babayevin “Zərərli istehsalatdan davamlı və yaşıl sintezə gedən yol xəritəsi” və Polimer Materialları İnstitutunun aparıcı elmi işçisi k.ü.f.d., dosent Türkan Quliyevanın “Ətraf mühitin kimyəvi çirklənməsi kontekstində qloal iqlim dəyişiklikləri” mövzusunda məruzələri dinlənilib.

Məruzələrdə qlobal ekoloji problemlərlə qarşılaşan müasir dünyamızda yeni, ekoloji cəhətdən təmiz enerji mənbələrinin tətbiqi, yaşıllıqların mühafizəsi və artırılması, bərpa olunan alternativ enerji mənbələrinin mənimsənilməsi kimi mühüm məsələlərə toxunulub, Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin bütün dünya üçün qlobal çağırış olduğu qeyd edilib.

Sonda akademik Dilqəm Tağıyev tədbirə yekun vuraraq bildirib ki, hazırki dövrdə kimyaçıların qarşısında duran əsas prioritetlərdən biri yaşıl enerji, suyun parçalanmasından hidrogenin iqtisadi cəhətdən daha səmərəli üsulla alınması, onun saxlanılması və daşınması, eləcə də Günəş enerjisindən istifadənin yeni yollarının araşdırılması, tullantılardan təkrar emal üçün yeni texnologiyaların hazırlanması və s. olmalıdır. O, bu istiqamətdə aparılan elmi-tədqiqat işlərinin intensivləşdirilməsinin önəmini qeyd edib.

AMEA Rəyasət Heyəti aparatının

İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi