"Ermənistanla Rusiya artıq müttəfiq deyil" — AÇIQLAMA
Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) tərk etməsi məsələsi yenidən gündəmdədir. Demokrat.az “Report”a istinadən xəbər verir ki, Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Kremlin KTMT ilə bağlı Ermənistanın mövqeyinə aydınlıq gətirəcəyini deyib. O bildirib ki, ölkəsi istənilən halda tərəfdaşlıq və müttəfiqlik əlaqələrini qoruyub saxlamağa ümid edir.
Politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə Ermənistanla Rusiya arasında siyasi böhran dərinləşir. O, Demokrat.az-a şərhində deyib ki, Ermənistanın avrointeqrasiya siyasəti tərəflər arasında siyasi gərginliyi tətikləyir:
“Rusiya növbəti mərhələdə Ermənistana qarşı sanksiyalar həyata keçirə bilər. Xüsusilə Ermənistanın Baş nazirinin ötən gün KTMT-dən çıxmaq barədə verdiyi açıqlama Rusiyanın qırmızı xəttinə toxunmaqdır. Ermənistan demək olar ki, KTMT-ə üzvlük haqqını dayandırıb, MDB-nin tədbirlərində də iştirak etmir. ABŞ rəsmilərinin mütəmadi Ermənistana səfəri Ermənistanın artıq Rusiya orbitindən uzaqlaşması ilə nəticələnir. Rusiyadan Paşinyana birbaşa təzyiqlər yoxdur, müxalifət tərəfindən edilən etiraz aksiyaları da Paşinyan hakimiyyətinə təsir etmədi. Rusiya Ermənistana qarşı yalnız iqtisadi sanksiyalar həyata keçirə bilər. Hesab edirəm ki, Ermənistanla Rusiya artıq müttəfiq deyil. Fikrimcə, Paşinyan öz səylərini davam etdirəcək ki, KTMT-ni tərk etsin”.
Törə Zeynallı