QHT sədrinin bank HESABI YAĞMALANDI
Son günlərdə artan bank kartı dolandırıcılığı hadisələri, insanların təhlükəsizliyi ilə bağlı narahatlığına səbəb olur. Belə qurbanlardan biri də Pediatrik Kardiologiya və Revmotologiya Ictimai Birliyinin sədri olub. O başına gələn pis hadisəni QHT.az-a danışdı.
QHT.az- a açıqlama verən Sveta Rəfiyeva bildirib ki, yaxın vaxtlarda bank kart hesabından pul çəkilib. Dolandırıcılar, bank kartı məlumatlarını ələ keçirərək QHT sədrinin hesabından böyük bir çətinlikə pul köçürməyə cəhd ediblər. O, yaşadığı bu hadisənin detallarını bölüşərək qeyd edib ki, guya Kapital Bankdan əlaqə saxlayıblar və hesabının təhlükəsizliyini qorumaq üçün tədbirlər görmələrinin vacib olduğunu bildiriblər: “İşə gələn kimi mənə zəng gəldi ki, bəs sizi Kapital Bankın təhlükəsizlik xidmətindən Rəfael Novruzov narahat edir. Kartınızı itirmisiniz, sizin kartınızda bankomatdan pul çıxartmağa cəhd ediblər. Ona görə də təcili olaraq məlumatları verin, bank kartınızı bloklayaq. Mən tez kartlarımı axtardım. Bir təsadüf o kartı tapmadım, hansı ki, kartdakı pul var idi, onu tapa bilmədim. Ona görə də narahat oldum ki, doğrudan da kimsə ona pul çıxartmaq istəyir. Burda da xəstələr, uşaqlar səs- küy salırdı, ağlayırdı. Dedim, siz deyin mən özüm bloklayım. Dedi siz bloklasanız, biz orda iş görə bilmərik. Elə məni gipnoz elədi ki, kartın bütün məlumatlarını dedim. Dedi siz Kapital Bankın baş ofisi Füzuli küçəsinə yaxınlaşarsınız. Doğrudan da Bankın baş ofisi Füzuli küçəsində yerləşir. Dedim, yaxşı, özüm yaxınlaşaram və bir də yadıma düşəndə ki, mənim parklama üçün balansımda pul yoxdu, yenə mən həmin problemi yaşayacam, yenə mənə ştraf gələcək. Bütün məlumatları soruşdu. Dedim ki, mənə inanmıram. Dedi sizə gələn zəngin nömrəsinə baxın. Axırına baxdım, gördüm. Bankın qaynar xəttidir. Məni inandırdı. Sonra dedi ki, baxın Kapital Bankdan SMS gəlib. Doğrudan da açdım, gördüm əvvəl orda 1300 neçəsə manat pul var idi. 200 manatlıq gəlib, amma SMS-də "Təhlükəsizlik dələduzlardan uzaq durun, bu kodu heç kimə verməyin" deyə heç nə yazılmamışdı. Hə, baxdım gördüm 200 manat orda gəlib, amma 200 manatı çıxartmamışdı. Baxmayaraq ki, mən ona dörd rəqəmli kodu dedim, ikinci dəfə isə adı nədir. Yəni ikinci dəfə. Bir də mənə zəng elədi ki, dörd rəqəmli kodu deyim. Mən dörd rəqəmli kodu deyəndən sonra o söz ora yazıldı ki, dələduzlara inanmayın. Əvvəl o söz yox idi. Dedim mənə necə tələb eləyə bilərsiniz ki, burada yazılıb ki, bu kodu başqa heç kim vermə. Mən zəngi söndürdüm, sonra bir nəfərdən zəng gəldi. Elə bil gözümün qabağına pərdə çəkiblər. Mən nömrənin əvvəlinə baxa bilməmişəm. Mənə yığdığı nömrə 102 idi. Bu dəfə dedi sizi təhlükəsizlik xidmətindən mayor Mahir Əliyev narahat edir. Sizin kartınızdan pul çıxarıla bilər, sizə kömək etmək istəyirik, Siz də hələ bir səsinizin tonunu qaldırıb danışırsınız və sairə. Bizə mane olmayın, biz öz işimizi görək. Pulunuzu çıxardanda bizim üstümüzə gələcəksiz. Yəni o pulumu Azərbaycanda çıxardıblar. Mən 102 yə zəng elədim, 22 nömrəli polis bölməsindən məni çağırdılar. Getdim ərizə yazdım və orda soruşdum ki, siz mənim pulumu tapa biləcəksiz. Başlarını yellədilər ki, mənasız şeydi, vəssalam”.
QHT sədrinə qəribə gələn odur ki, bu yalnız Kapital Bankla bağlıdır: “Mən heç eşitməmişəm ki, kartında pulu olmayanın başına bu hadisə gəlsin. Elə həmişə kartında pul olan adamlardan çıxardırlar yəqin ki, bunun da bir izinə düşmək lazımdır ki, bu nə deməkdir. Belə zənglər ancaq kapital bankda olur. Çox təəssüf ki, həm əmək haqqım idi, əlilliyə görə pensiyam, hamısı getdi. Bu ay ərzində pulsuz qalası oldum”.