azia.az
azia.az

“Məhəmməd Füzuli və Şərq folkloru” mövzusunda respublika elmi konfransı keçirilib

20-04-2024, 07:31

Aprelin 19-da AMEA-nın Əsas binasında dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr olunan “Məhəmməd Füzuli və Şərq folkloru” mövzusunda respublika elmi konfransı keçirilib.

Folklor İnstitutunun təşkilatçılığı ilə keçirilən tədbirdə İraq Strateji Araşdırmalar Mərkəzinin müdiri, İraq-Azərbaycan Dostluq Cəmiyyətinin sədri doktor Mutaz Muhyi Əbdülhəmid, Türkman Mədəniyyət Mərkəzinin müdiri, “Türkmən eli” jurnalının baş redaktoru doktor Sabah Kərküklü, eləcə də Özbəkistanın ali təhsil müəssisələrinin nümayəndələri, Ədəbiyyat, Folklor və Dilçilik institutlarının əməkdaşları iştirak ediblər.

Konfransı giriş sözü ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq Akademiyada müxtəlif ölkə nümayəndələrinin iştirakı ilə böyük Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinə həsr olunan silsilə tədbirlərin təşkil olunduğunu söyləyib. O, Prezident İlham Əliyevin fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimindəki nitqi zamanı Türk dünyası ilə əlaqələri Azərbaycan cəmiyyəti üçün prioritet istiqamət kimi bəyan etdiyini vurğulayıb. Qeyd edib ki, Azərbaycan üçün əsas hədəflərdən biri Prezidentin “öz ailəmiz” adlandırdığı Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiyanın dərinləşdirilməsi və müttəfiqlik əlaqələrinin gücləndirilməsidir.

Akademik İsa Həbibbəyli son illərdə Türk dövlətləri arasında əlaqələrin bütün sahələrdə intensiv xarakter aldığını və dövrün tələblərinə, baş verən proseslərə uyğun olaraq sürətlə inkişaf etdiyini bildirib. Əlavə edib ki, Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dövlətlərinin birliyi amallarına sadiq qalacaq.

“Ölkəmizin Azərbaycanın öz suverenliyini bərpa etməsi artıq tariximizdə yeni mərhələnin başlanğıcıdır”, – deyən AMEA rəhbəri qarşımızda yeni, ciddi çağırışların dayandığını söyləyib.

AMEA prezidenti diqqətə çatdırıb ki, son illər qazanılan uğurlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyini əhəmiyyətli dərəcədə gücləndirir. O, Rusiya sülhməramlılarının vaxtından əvvəl Qarabağdan çıxarılmasının Prezident İlham Əliyevin diplomatik məharətinin ən böyük uğuru olduğunu vurğulayıb. Qeyd edib ki, bu imkanlar elmi-mədəni əlaqələri, iqtisadi münasibətləri, diplomatik səyləri daha da genişləndirməyə şərait yaradır.

Akademik İsa Həbibbəyli bugünkü konfransın Məhəmməd Füzulini yeni nəsillərə azərbaycançılıq mövqeyindən çatdırmaq, şairin yaradıcılığını daha dərindən şərh etmək və dünyaya tanıtmaq baxımından elmi əhəmiyyətini vurğulayıb.

O, görkəmli ədibin folklorla əlaqələrinin sovet dövründə dərindən öyrənildiyini deyərək, Məhəmməd Füzuli və folklor mövzusunda çoxsaylı məqalələrin çap edildiyini, dissertasiya işlərinin yazıldığını bildirib.

AMEA rəhbəri çıxışının sonunda “Məhəmməd Füzuli və Şərq folkloru” mövzusunda keçirilən tədbirin şairin bənzərsiz əsərlərinin daha geniş miqyasda tədqiqinə imkanlar yaradacağına,  Məhəmməd Füzuli ilə bağlı yeni araşdırmaların meydana çıxacağına, onun şəxsiyyətinin miqyasının yaratdığı imkanlar səviyyəsində Türk dünyası ilə, qardaş türkman və iraq xalqları elmi əlaqələrin genişlənməsinə xidmət edəcəyinə inamını ifadə edib.

Daha sonra AMEA-nın Folklor İnstitutunun direktoru akademik Muxtar İmanov görkəmli Azərbaycan şairi Məhəmməd Füzulinin ədəbiyyatımızdakı müstəsna yerindən danışıb, tədbirin ölkə başçısının “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” 25 yanvar 2024-cü il tarixli Sərəncamına əsasən keçirildiyini diqqətə çatdırıb. O, sözügedən Sərəncamın Füzuli yaradıcılığını folklor müstəvisində yenidən nəzərdən keçirməyə, ədibin irsini elmi-nəzəri baxımdan yenidən araşdırmağa imkan verdiyini bildirib.

Məhəmməd Füzulinin dünya və Şərq ədəbiyyatı qarşısında tarixi xidmətlərindən danışan alim onun Azərbaycan ədəbi dilini əlçatmaz zirvəyə çatdırdığını və bu işi xalq dilinin əsasında gördüyünü vurğulayıb. Qeyd edib ki, Füzuli yaradıcılığında Azərbaycan türkcəsinin bütün qayda-qanunları, eləcə də ideyallaşmış ifadələr sistemi qabarıq şəkildə özünü göstərir və bu, ədibin üslubuna əhəmiyyətli  təsir edir.

Akademik Muxtar İmanov Füzulinin “Kitabi Dədə Qorqud” dastanı ilə səsləşən misralarından nümunələr səsləndirərək, burada eyni üslubi yanaşmanın mövcud olduğunu və bu yanaşmanın təkcə dil səviyyəsində deyil, daha da genişlənərək bayatı, əfsanə, rəvayət, nağıl və dastan poetikası səviyyəsində özünü göstərdiyini bildirib.

İnstitut direktoru böyük söz ustadı Məhəmməd Füzulinin  bayatı poetikası, ədəbi estetikası, aşiqanə qəzəlləri, sufizmlə əlaqəsi və eşq fəlsəfəsindən bəhs edib, ədibin dünya miqyasında romantik sənətin böyük nümayəndəsi olduğunu qeyd edib.

Sonra professor Füzuli Bayat “Füzuli yaradıcılığında Orta Şərq və İslam mifləri”, Dr. Sabah Abdullah Kərküklü “Füzuli və İraq-türkman folkloru”, fil.e.d. dos. Sərxan Xavəri “Məhəmməd Füzuli: zamanın poetik “stop kadr” anı”, Özbəkistanın Ürgənc Dövlət Universitetinin professoru Nəsibə Sabirova “Füzuli və folklor” və professor Ataəmi Mirzəyev “Füzuli yaradıcılığında folklor nümunələrindən istifadənin təzahür formaları” mövzusunda məruzələrlə çıxış ediblər.  

Konfrans öz işini bölmə iclaslarında davam etdirib.

Bölmə iclaslarında Məhəmməd Füzulinin zəngin bədii yaradıcılığında folklor qaynaqlarının, milli-mənəvi dəyərlərin araşdırılmasını əhatə edən müxtəlif mövzulu məruzələr dinlənilib, geniş müzakirələr aparılıb.

AMEA Rəyasət Heyəti aparatının

İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi