Qazinin çənəsini sındıran idmançı barədə qərar hər kəsi...
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı, qazi Namiq Babayevə iş vaxtı xəsarət yetirən idmançı Rəvan Nəbizadənin məhkəməsi yekunlaşıb.
Azia.az “qafqazinfo”ya istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Hakim təqsirləndirilən şəxsin həbsinə zərurət görməyib.
Hökmə əsasən, R.Nəbizadəyə 3 il 1 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası verilib. Onun üzərinə yaşadığı ünvanı axşam saat 22:00-dan səhər 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini işlək vəziyyətdə gəzdirmək öhdəliyi qoyulub.
Qeyd edək ki, sağlamlığı qaydasında olmasına baxmayaraq, əlillik dərəcəsi almaq üçün komissiyaya gələn Rəvan Nəbizadə növbədənkənar müayinəyə daxil olmağa cəhd edib. N.Babayev onu sakitləşdirmək niyyəti ilə yaxınlaşaraq izahat verən zaman R.Nəbizadə ona yumruq zərbələri ilə ağır bədən xəsarəti yetirib. N.Babayevin çənə sümüyü sınıb, dişləri qırılıb.
R.Nəbizadəyə qarşı Cinayət Məcəlləsinin 127.2.3 (Qəsdən sağlamlığa az zərər vurma) və 221-ci (Xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib. İdmançı bir müddət əvvəl ev dustaqlığına buraxılıb.
Namiq Babayev və Rəvan Nəbizadə hər ikisi Vətən müharibəsi iştirakçısı olub. N.Babayev Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib, 5 medalla təltif olunub. R.Nəbizadə isə döyüş növləri üzrə peşəkar idmançıdır.