QH ölkələri Azəbaycanla bağlı çağırış etdi
Azərbaycan Xarici İşlər Nazirliyi Qoşulmama Hərəkatının Uqandanın paytaxtı Kampala şəhərində keçirilmiş 19-cu Zirvə Görüşünün nəticələrinə dair məlumat yayıb.
Globalinfo.az xəbər verir ki, məlumatda deyilir:
“15-20 yanvar 2024-cü il tarixlərində Uqandanın paytaxtı Kampala şəhərində Qoşulmama Hərəkatının (QH) Dövlət və Hökumət Başçılarının 19-cu Zirvə Görüşü keçirilib. Zirvə Görüşündə Azərbaycan Respublikasını xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Zirvə Görüşündə 120-ə yaxın QH üzv və müşahidəçi dövlətlər, beynəlxalq təşkilatların yüksək səviyyəli rəsmiləri iştirak edib. Tədbirə xüsusi qonaq qismində BMT Baş katibi Antonio Quterreş, BMT Baş Assambleyasının 78-ci sessiyasının sədri Denis Fransis, Afrika İttifaqı Komissiyasının Baş katibi Musa Faki Məhəmməd, Ərəb Dövlətləri Liqasının Baş katibi Əhməd Əbul Qeyt, Millətlər Birliyi təşkilatının Baş katibi Patrisiya Skotland və digər rəsmilər qatılaraq çıxışlar ediblər. Görüşdə, həmçinin mənzil-qərargahı Azərbaycanda yerləşən Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Uqanda təmsilçisi tərəfindən çıxış səsləndirilib.
Zirvə Görüşünün gündəliyinə əsasən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin QH-nin sədri qismində fəaliyyət və təşəbbüslərini əks etdirən videoçarx nümayiş olunub, daha sonra isə xarici işlər naziri Ceyhun Bayramovun Azərbaycanın Hərəkata sədrliyinin yekunlarına dair çıxışı dinlənilib.
Tədbirdə iştirak edən QH üzv dövlətləri və beynəlxalq təşkilat təmsilçiləri, o cümlədən BMT Baş Assambleyasının 78-ci sessiyasının sədri və Millətlər Birliyi təşkilatının Baş katibi ölkəmizin Hərəkata 4 illik uğurlu sədrliyini təqdir edərək, Azərbaycan Respublikasının Prezidentinə təşəkkür ifadə ediblər.
Çıxışlarda Hərəkata sədrliyimizin böyük bir hissəsinin COVID-19 pandemiyası dövrünə təsadüf etməsinə baxmayaraq, Azərbaycanın bu vəzifənin öhdəsindən nəinki uğurla gəlməsi, hətta irəli sürülən müvafiq təşəbbüslər və platformalar ilə Hərəkatı daha da gücləndirməsi və təsisatlanmasına töhfə verməsi qeyd edilib.
Tədbir çərçivəsində QH-nin 19-cu zirvə görüşünün yekun sənədi qəbul edilib. Yekun sənəddə ölkəmiz üçün bir sıra vacib məqamlar əks olunub.
Sənəddə QH üzv ölkələrinin dövlət və hökumət başçıları Azərbaycanın münaqişənin təsirinə məruz qalmış ərazilərdə həyata keçirdiyi bərpa, yenidənqurma və reinteqrasiya fəaliyyətləri xüsusunda həmrəylik ifadə edib, bu ərazilərdə partlamamış sursat və mina problemlərinin maneə yaratdığına diqqət çəkərək, beynəlxalq yardımın göstərilməsinə çağırış edib.
Üzv ölkələr Azərbaycan Respublikasının Prezidenti tərəfindən irəli sürülən QH Qadın Platformasının yaradılması təşəbbüsünə dəstək ifadə edib, bu istiqamətdə ilk addım olaraq, 2023-cü ilin noyabr ayında Bakıda keçirilmiş QH-nin qadın hüquqlarının gücləndirilməsi ilə bağlı konfransı təqdir edib.
Sənəddə QH sədri qismində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən irəli sürülmüş BMT Baş Assambleyasının COVID-19 pandemiyasına qarşı mübarizə üzrə xüsusi sessiyasının çağırılması, peyvəndlərə əlçatanlığın təmin edilməsinin təşviqinin Hərəkat çərçivəsində yeni əməkdaşlıq imkanları yaratdığı qeyd olunub.
Ölkəmizin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransının ev sahibliyinə seçilməsi QH üzv ölkələri tərəfindən yekdilliklə alqışlanıb.
Azərbaycan sədrliyi tərəfindən QH-nin institutlaşdırılması istiqamətində görülmüş işlər, xüsusilə QH Gənclər Təşkilatı və Parlament Şəbəkəsinin fəaliyyəti Zİrvə Görüşünün Yekun Sənədi ilə dəstəklənib. İnsan Hüquqları Şurasında Azərbaycan sədrliyinin fəaliyyətinin nəticəsi olaraq, ilk dəfə olaraq inkişaf hüququ üzrə hüquqi məcburedici xarakterli sənədin qəbul ediməsini tələb edən qətnamənin Şurada qəbul edilməsi yüksək qiymətləndirilib.
Zirvə Görüşü zamanı Azərbaycanın Hərəkata sədrliyi dövründə təsisatın genişlənməsi istiqamətində atdığı müvafiq addımlar nəticəsində Afrika qitəsindən yeganə üzv olmayan ölkə – Cənubi Sudan QH üzvlərinin sıralarına qoşulub və üzvlük sayı 121-ə çatıb.
Görüş çərçivəsində QH-nin sədrliyi Azərbaycan tərəfindən Uqandaya təqdim edilib, ölkəmizin bundan sonra da Hərəkatın inkişafı istiqamətində səylərini əsirgəməyəcəyi, xüsusilə QH-nin Sədrlik Üçlüyü çərçivəsində təsisatın fəaliyyətinə töhfə verməkdə davam edəcəyi diqqətə çatdırılıb”.