Güclü külək bəzi məktəblərə ziyan vurdu
Ötən həftənin sonu ölkənin bəzi ərazilərində müşahidə olunan güclü külək bir sıra rayon və kənd təhsil müəssisələrinə ziyan vurub.
Xəbər verilir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Güclü külək bir sıra bağça və məktəblərin dam örtüyünün bir qismini sıradan çıxarıb, ağaclar aşıb, bəzi binalarda pəncərələrin şüşələri sınıb. Ziyan dəymiş bağça və məktəblərə baxış keçirilib, təmir-bərpa işlərinin aparılması üçün lazımi tədbirlər görülüb.
Qeyd olunub ki, Abşeron rayonu və Bakı şəhəri üzrə fəaliyyət göstərən təhsil müəssisələrində külək nəticəsində hər hansı bir fəsad müşahidə edilməyib.
Yaranmış vəziyyət tədris prosesinin davamlılığına təsir etməyib, hazırda təhsil müəssisələri öz fəaliyyətini davam etdirir.
Agentlikdən, həmçinin bildirilib ki, bağça və məktəblərdəki mövcud vəziyyət diqqət mərkəzində saxlanılır.