"2015-ci ildə maddi vəziyyətləri pis olduğundan Sevinc metronun "Koroğlu" stansiyasının yaxınlığında yerləşən şirkətdə aşpaz köməkçisi, 2021-ci ildə evlərinin yaxınlığındakı tikiş sexində dərzi, son aylarda isə Bilgəh qəsəbəsində yerləşən fərdi evdə xadimə işləyib. Sevincin Vidadi ilə münasibəti bu illər ərzində yaxşı deyildi, daim evlərində söz-söhbət olurdu.
Qızım dəfələrlə acıq edib, evimizə gəlib. Hətta 2022-ci ilin yanvar ayında, boşanma ilə bağlı Xəzər rayonunda yerləşən Mediasiya Şurasına müraciət etsək də, Vidadi üzrxahlıq edib və arvadı ilə barışıb. Noyabrın 11-də evdə olanda oğlum bizə gəlib Vidadinin Sevinci bıçaqla vurduğunu xəbər verdi. Taksi ilə 3 saylı şəhər Kliniki Xəstəxanasına çatanda həkimlərdən qızımın öldüyünü öyrəndim".
Şahid Eldəniz Zamanov bildirib ki, noyabrın 11-də axşam evdə olanda, çöldən darvazaya nəyinsə möhkəmdən çırpıldığını eşidərək, məhəlləyə çıxıb:
"Vidadinin sağ əlində bıçaqla öz darvazasının qarşısında dayandığını gördüm. Nə baş verdiyini, niyə əlində kəsici alət saxladığını soruşduqda, Vidadi qapılarından sol tərəfdə, yerdə uzanmış Sevinci göstərib, onu öldürdüyünü dedi. Qadının xırıldadığını görüb avtomobilimi darvazadan küçəyə çıxartdım. Sevinci yerdən qaldıraraq, maşının arxa oturacağına uzatdım. Yaşayış massivindən çıxanda Təcili Tibbi Yardım maşını ilə üzbəüz gəldim. Onları saxlatdırıb, yaralanan qadının maşınında olması barədə məlumat verdim. Həkimlər də dərhal Sevinci düşürüb, öz maşınlarına keçirdilər. Təcili Yardım maşınının arxasınca xəstəxanaya getdim".
Şahid əlavə edib ki, Vidadi ilə Sevincin əvvəllər mübahisə etdiklərini və qadının əxlaqsız hərəkətlərini görməyib.
Şahid Cahid Müseyibli bildirib ki, noyabrın 10-da gecə atası sərxoş vəziyyətdə, görüntülü zəng edib və kobud danışdığı üçün, anası acıq edərək telefonu söndürüb:
"Bir qədər sonra anam mənə ismarıc yazaraq, atamın onu söyüb, təhqir etdiyini bildirdi. Mən isə cavabımda anama atamın içkili olduğunu və sözlərinə fikir verməməsini dedim. Ayın 11-də işdən çıxıb, evə gələndə qardaşım Cavidin sürdüyü "Opel" markalı avtomobilin kafenin qarşısında dayandığını gördüm. İdarə etdiyi maşını saxlayaraq kafeyə daxil olanda, atam ilə qardaşımın bir masada əyləşdiklərini gördüm. Atamın Bakıya gələcəyindən məlumatım yox idi. Salamlaşsam da, atam məni danışdırmadı. Kafedən çıxandan sonra, mənim maşınıma əyləşdilər və maşını Nardaran qəsəbəsi istiqamətində sürdüm. Yolda atamdan nə üçün gəldiyini soruşanda, o, aqressiv şəkildə mənə "maşını sür" deyə cavab verdi. Qardaşım Cavid də qorxusundan mənə heç bir söz demədi. Saat 21 radələrində məhəlləyə çatanda, atam hər ikimizin üstünə qışqıraraq "maşında oturmağımızı" bildirərək evə getdi. Mən də avtomobilin mühərrikini söndürüb, qardaşımla birlikdə telefonla oynamağa başladıq.
15-20 dəqiqədən sonra evimizin həyət qapısı çırpılanda, dərhal maşından düşdük və anamın yerə yıxıldığını gördük. Anamın əynində tünd rəngli paltar, həmçinin küçə qaranlıq və hava yağışlı olduğundan, onun bədənindən qan axdığını görmədik. Atam Vidadi "vurdum, onu öldürdüm" deyə qışqırırdı. Baş verənlər yuxu kimi gəlirdi. Keçirdiyim şok səbəbindən anamın xəstəxanaya necə aparıldığını bilmədim. Az sonra polis əməkdaşları gəlib, atamı 14-cü bölməyə apardılar.
Hadisənin hansı səbəbdən baş verdiyini sonra Caviddən öyrəndim. Qardaşımın söylədiyinə görə o, anamızın başqa şəxslə telefonla danışmasından şübhələnib. Onun otağına öz telefonunu qoyaraq səsin yazıb, sonra isə onu atama göndərib. Məhz buna görə atam telefonda anamı söyüb və növbəti gün bilet alaraq, Bakıya gəlib".
Məhkəmə iclasında Vidadi Müseyibov ittiham üzrə özünü qismən təqsirli bilib. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirib.
Məhkəmə hesab edib ki, Vidadi Müseyibovun əməli Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsindən 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilməlidir. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada həmin maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Vidadi Müseyibov 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.
Milli.Az