azia.az
azia.az

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli beynəlxalq elmi-praktik konfransda çıxış edib

11-10-2023, 10:14


 

Oktyabrın 7-8-də Naftalan şəhərində “Naftalan–Sağlamlıq və Turizmin Sinerji mənbəyi. Beynəlxalq Turizm Mərkəzinin inkişaf strategiyası” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

Tədbirdə bir sıra dövlət və hökumət orqanlarının nümayəndələri ilə yanaşı, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli də iştirak edib.

Konfransın birinci günü iştirakçılar tərəfindən Heydər Əliyev parkının ərazisində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.

İştirakçılar dünyada müalicəvi xüsusiyyətlərinə görə unikal Naftalan nefti ilə yaxından tanış olub.

Konfrans çərçivəsində iştirakçılar şəhərin Qaşaltı Qaraqoyunlu kəndi ərazisində AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu tərəfindən eneolit, tunc və orta əsrlər dövrünə aid unikal çoxtəbəqəli yaşayış yerində aparılan arxeoloji qazıntı işləri ilə tanış olublar, qazıntılar zamanı aşkar edilmiş eksponatlar nümayiş etdirilib. Bu da Naftalanda alternativ turizm imkanlarının yaradılmasına öz töhfəsini verəcək.

Daha sonra kənd ərazisindəki Nar bağına səfər edilib, qonaqlara kəndin turizm potensialı haqqında ətraflı məlumat verilib.

Konfrans iştirakçıları Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş Talış kəndinə və Suqovuşan qəsəbəsinə səfər edərək, oranın turizm potensialı və ərazidə yenidənqurma və bərpa işləri ilə tanış olub, qəsəbədə şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edib, önünə gül dəstələri düzərək ehtiramlarını bildiriblər.

Akademik İsa Həbibbəyli Suqovuşanda televiziyalara müsahibə verib. Qeyd edib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində Naftalanda sağlamlıq turizmi potensialının inkişaf etdirilməsi istiqamətində irimiqyaslı işlər aparılıb. Burada mövcud maddi mədəniyyət nümunələri əsasında Azərbaycan alimlərinin elmi-tədqiqat işlərinin aparılması üçün də geniş imkanlar açıldığı diqqətə çatdırılıb.

Konfransın ikinci günü konfrans öz işini plenar iclası və panel müzakirələri ilə davam etdirib.

Tədbirdən əvvəl iştirakçılar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb və əziz xatirəsini dərin ehtiramla anıblar. Sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və yaradıcılığını əks etdirən stendlərə baxış keçirilib.

Naftalan haqqında videoçarx nümayiş etdirildikdən sonra konfransın plenar iclası işə başlayıb.

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov çıxış edərək qeyd edib ki, beynəlxalq elmi-praktik konfrans işgüzarlığı və səmərəliliyi ilə qarşılıqlı əlaqələrin qurulmasına, tibbi turizmin beynəlxalq səviyyədə inkişafına öz dəyərli töhfəsini verəcək.

Sonra AMEA-nın prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli çıxış edib. Qeyd edib ki, Naftalan nefti Azərbaycanın ən qiymətli təbii sərvətlərindən biri sayılır. Ulu Öndər Heydər Əliyevin və onun siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər sayəsində artıq Naftalan və onun qiymətli təbii sərvəti öz keçmiş şöhrətini qaytarmaqdadır. Naftalanda ekoturizmin inkişafı ilə yanaşı Azərbaycan elminin və tarixinin təbliği baxımından da yeni imkanlar açılmışdır. Belə ki, AMEA tərəfindən Naftalanda ilk dəfə aparılan arxeoloji qazıntılar bölgənin tarixi və mədəniyyəti, etnoqrafiyası haqqında ətraflı biliklər verir və bu da ölkəmizə gələn turistlərə arxeoturizm proqramları çərçivəsində maddi mədəniyyət nümunələri ilə əyani tanış olmaq imkanı yaradır.

Tədbirdə səhiyyə nazirinin müavini Nadir Zeynalov, ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, Azərbaycan Turizm Bürosunun İdarə heyətinin sədri Florian Zenqstşmit, SOCAR prezidentinin müşaviri Xalik Məmmədov, Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş konsulu Recep Öztop, “PMD Hospitality”nin Baş tibb inzibatçısı Çingiz Hacıyev, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktor vəzifəsini icra edən Fərhad Quliyev, QHT-lərə dövlət dəstəyi agentliyinin icraçı direktoru Aygün Əliyeva çıxış edərək sağlamlıq və turizm fəaliyyətinin stimullaşdırılması, mövcud turizm potensialından istifadə imkanlarının qiymətləndirilməsi, turizm sənayesində maraqlı tərəflər arasında qarşılıqlı əlaqələrin qurulması, müalicəvi və tibbi, arxeo, aqro və eko turizmin inkişafı, beynəlxalq aləmdə Naftalanın turizm potensialının təbliğinə və təşviqinə imkan yaradılması yollarından danışıblar.

Sonra Litvanın Druskininkay şəhər merinin müavini Linas Urmanaviçius, Türkiyənin Yalova şəhərinin bələdiyyə sədrinin köməkçisi Fatih Şahin, Almaniya Tibbi Sağlamlıq Assosiasiyasının prezidenti Lutz Lungvits, Rusiyanın Kazan şəhərinin Turizm inkişafı komitəsinin şöbə müdiri Anna Strelkova, Qazaxıstanın Astana şəhərinin Daxili siyasət şöbəsi rəhbərinin müavini Miras Abdurahman, Özbəkistanın Tibbi Turizm Assosiasiyası prezidentinin müavini Axmad Axmedov çıxış edib, Naftalan neftinin möcüzəvi faydalarından danışıblar.

Daha sonra konfrans işini üç panel üzrə davam etdirib. Panellərdə “Naftalanın sağlamlıq turizmi destinasiyasının qlobal marketinq perspektivləri”, “Naftalanda dayanıqlı turizm idarəçiliyi: risklərin qorunması, təhlükəsizlik, elmi araşdırmalar və keyfiyyət standartlarının tətbiqi”, “Naftalan və alternativ turizm imkanları: arxeologiya, aqroturizm və ekoturizm perspektivləri” mövzusunda müzakirələr aparılıb. Müzakirələrdə AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşları da iştirak və çıxış ediblər.

İki gün davam edən beynəlxalq konfransa 8 xarici ölkənin nümayəndələri, ümumilikdə isə 100-dən çox iştirakçı qatılıb.

Konfransın keçirilməsində əsas məqsəd tibbi turizm sahəsində qabaqcıl təcrübələrin və bu sahədə aparılmış elmi tədqiqatların nəticələrinin öyrənilməsi, turizm sənayesində maraqlı tərəflər arasında qarşılıqlı əlaqələrin qurulması, mədəni mübadiləni aktivləşdirmək üçün turizmin inkişafını təşviq etmək və tibbi turizm sektorunun inkişaf perspektivlərini müəyyənləşdirməkdən ibarət olub.

AMEA Rəyasət Heyəti aparatının

İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi