"Urmiya gölü yayın sonuna qədər tamamilə quruyacaq"-ALİMDƏN xəbərdarlıq
“Proqnozlara görə, Urmiya gölü yayın sonuna qədər tamamilə quruyacaq”.
“Report” xəbər verir ki, bunu Güney Azərbaycan milli hərəkatı üzrə ekspert, "Ərk" insan hüquqlarının müdafiəsi təşkilatının həmtəsisçisi, ekoloji məsələlər üzrə tədqiqatçı Maşallah Rəzmi bildirib.
Urmiya gölünün hazırda kritik vəziyyətdə olduğunu söyləyən eskpert deyib ki, göl qurumaq üzrədir.
Urmiya gölündə təbii halda 33 milyard kubmetr suyun olduğunu və dünyada ikinci duzlu su gölü hesab edildiyini xatırladan M.Rəzmi vurğulayıb ki, hazırda burada su, təxminən, bir milyard kubmetrə qədər azalıb.
Tədqiqatçının sözlərinə görə, Urmiya gölünün bərpasına nəzarət edən Şərif Texnologiya Universitetinin dərc etdiyi son araşdırmaya əsasən, göldə suyun səviyyəsi ən aşağı həddə düşüb və təcili tədbirlər görülməsə, yayın sonuna qədər tamamilə quruyacağı gözlənilir.
M.Rəzmi Urmiya gölünün qurumasının əsas səbəbi kimi buraya axan çaylar üzərində 40 böyük bəndin tikilməsini göstərib. O qeyd edib ki, bu bəndlər 20 il əvvəl gölə tökülən 22 çayın üzərində inşa olunub: “Beləliklə, suyun gölə axmasının qarşısı alınıb. Həm də əhalini ərzaq məhsulu ilə təmin etmək bəhanəsi ilə gölün su hövzəsində əkin sahəsini ikiqat artırıblar və gölün ətrafında minlərlə dərin su quyusu qazıblar”.
Ötən illərdə keçirilən etiraz aksiyaları nəticəsində bəzi bəndlərin tikintisinin dayandırıldığını söyləyən ətraf mühit məsələlərinin tədqiqatçısı bildirib ki, indi Urmiya gölü tamamilə quruduğundan, İranın energetika naziri Əli Əkbər Mehrabiani Nazlı və Bərandüz çayları üzərində yeni bəndlərin tikintisinə icazə verib.
O, 2016-cı ildə ictimai rəyin təzyiqi ilə Şərif Texnologiya Universitetinin nəzarəti altında Urmiya gölünün bərpası ilə bağlı qərargahın yaradıldığını xatırladıb:
“Bu gölün on il ərzində əvvəlki ekoloji səviyyəsinə çatması və bərpası nəzərdə tutulurdu. Lakin əməli addımlar atmaq əvəzinə bərpa qərargahı yüzlərlə konfrans və komitələr təşkil etdi. Qərargahın yaradılmasından 7 il sonra göl indi son nəfəsini verir. Əslində, bütün bu reklam və təbliğatlara baxmayaraq, göldə heç bir canlanma baş verməyib. Kiçik Zab çayının suyu da gölə çatmayıb. Gölün bərpasına büdcədən ayrılan maliyyə vəsaitləri isə mənimsənilib”.
Hüquq müdafiəçisi Urmiya gölünün tamamilə quruması ilə göl ətrafında yaşayan 15 milyon insanın həyatının ciddi təhlükə altına düşəcəyini vurğulayıb.
Onun sözlərinə görə, bununla da külək və duz fırtınaları nəticəsində 500 km radiusda bütün bölgədə həyat imkanlarının məhv ediləcəyi gözlənilir.
M.Rəzmi həmçinin ölkənin ətraf mühitin mühafizəsi təşkilatının keçmiş rəsmisinin fikirlərinə əsasən, yaxın gələcəkdə 3 milyonluq Təbriz şəhərində yaşayışın mümkün olmayacağını vurğulayıb:
"Göldə duzların hazırkı vəziyyəti ilə bağlı yetərincə araşdırma aparılmayıb. Amma duzlar indi kristal şəklində ətraf ərazilərə yayılıb və zamanla toz halına gətiriləcək. Bundan sonra tufanlar və tornadolar o duzları asanlıqla Tehrana və Kərəcə yayacaq və dediyim kimi, indiki tendensiyanın davam etməsi ilə İranın paytaxtında yaşamaq çox çətin olacaq. Hazırda Urmiya gölünün ətrafındakı 40 kənd bu məsələyə görə boşaldılıb və orada artıq əkinçiliklə məşğul olmaq mümkün deyil. Bu proses xüsusilə kristal duzlarının toz halına salınması ilə getdikcə daha böyük radiusa çatacaq və ehtimal ki, beş-on il davam edəcək, ətraf mühit və həmin radiusdakı ərazilərin sakinləri üçün çox təhlükəli vəziyyət yaranacaq”.
M. Rəzmi Urmiya gölünün bərpası üçün təcili atılacaq addımlarla bağlı təkliflər də verib. O bildirib ki, regional ekoloji fəlakətin qarşısını almaq üçün İran hakimiyyəti, beynəlxalq qurumlar, o cümlədən BMT-nin Ətraf Mühit Departamenti ən qısa zamanda ciddi və təcili tədbirlər görməlidir.
Ekoloji məsələlər üzrə ekspert qeyd edib ki, bəndlərin qarşısını kəsdiyi su dərhal buraxılmalı və bütün çaylardan gölə su gəlməsi təmin edilməlidir. Həmçinin yeni bəndlərin, eləcə də Nazlı çay və Barandüz çay bəndlərinin tikintisinin davam etdirilməsinin qarşısı alınmalıdır.