azia.az
azia.az

Azərbaycanla bağlı şok zəlzələ proqnozları - elmi təxminlər, yoxsa özünüreklam?

6-06-2023, 08:50

Ənvər Əliyev:  “Heç kim7,5 gücündə zəlzələni proqnozlaşdıra bilməz”

Türkiyədə 6 fevral tarixində baş verən dağıdıcı zəlzələdən sonra seysmoloqlar camiəsində sanki bir canlanma yaranıb. Təkcə qardaş ölkədə deyil, regionda zəlzələ ilə bağlı ən müxtəlif proqnozlar səslənməkdədir. Xəbərdarlıq edənlərdən biri də türkiyəli məşhur geoloq Cəlal Şengördur. 

“Piri babanın nağılını danışırlar, qışda qar, yayda cəhənnəm istisi, payızda yağış-leysan olacaq. Cəlal Şengör desin görək, zəlzələ hansı tarixdə olacaq. Zəlzələnin proqnozunu verən idinsə, Kahramanmaraşda insanları təxliyə edərdin. Gəlib mütəxəssislərin qarşısında proqnoz versin, ona sual verim, zəlzələni hansı parametrlərlə və nə zaman olacağını söyləsin”.

“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri Teleqraf.com-a açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bir müddət öncə Bakıda səfərdə ikən Azərbaycanda 7,5 bal gücündə zəlzələ olacağını deyən türkiyəli məşhur geoloq Cəlal Şengörün fikirlərinə münasibət bildirərkən deyib.

Daşlı adada vulkanın püskürməsi 8 dəqiqə davam edib - Qurban Yetirmişli |  Kaspi.az

Qurban Yetirmişli 

“Alp dağlarından tutmuş, Himalay dağlarına qədər böyük bir seysmik qurşaq keçir. Gürcüstan, Ermənistan, İran, Türkiyə seysmik bölgədir və bu ərazilərdə zəlzələ olmalıdır. Azərbaycanın elə nöqtəsi varmı ki, orada yeraltı təkan baş verməsin? Əlbəttə, ölkəmiz aktiv bölgədir, hər gün hiss olunmayan zəlzələlər baş verir. Özlərini tanıtmaqdan, şou yaratmaqdan ötəri populist çıxışlar edirlər. Dünyanın hər yerində o cür ”professorlar" var. Boğazından yapışıb soruşmaq lazımdır ki, proqnoz verirsən, dəqiq günlərini göstər, biz də əhalini təxliyə edək. Türkiyədə 30 seysmoloq tanıyıram, Cəlal Şengör adında birini eşitməmişəm. Geoloqdursa, çəkic götürsün, çuxur qazsın, sonra versin laboratoriyaya... Ay geoloq, sənin zəlzələ ilə nə işin var? İstanbuldan gəlmir, istəyir Aydan gəlsin, amma sübut eləsin", - deyə Qurban Yetirmişli qeyd edib.

Xatırladaq ki, Cəlal Şengör İspaniyadan başlayıb Çinə qədər uzanan bu ərazilərin seysmik aktiv zonalar olduğunu və ona görə də Azərbaycanda hər an zəlzələ ola biləcəyini bildirib: “Zəlzələnin 7,5 bala qədər olma ehtimalı var”.

Quraqlığın qarşısını almaq üçün hansı işlər görülməlidir - Ənvər Əliyev  açıqlayır - 27.07.2021, Sputnik Azərbaycan

AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri, seysmoloq alim Ənvər Əliyev hər iki alimin sözündə həqiqət payı olduğunu dedi. O xatırlatdı ki, planetin ən böyük quru hissəsini təşkil edən Avrasiya materikinin tən ortasında nəhəng aktiv tektonik zona var: “Bu zonada bölgədən asılı olaraq zəlzələ, vulkanizm və s. olması adi haldır. Dağəmələgəlmə prosesinin sonu olacaq. Bu proses milyon illər ərzində yekunlaşacaq. Tarix boyu Azərbaycanda, Türkiyədə, Qafqazda, Aralıq dənizi sahillərində, Atlantik okeanının şərq sahillərində zəlzələlər baş verib, indi də baş verməkdədir. O ki qaldı Azərbaycan ərazisinə, Böyük Qafqazın cənub yamacı, o cümlədən Şamaxı, Quba, Xızı daha aktiv seysmoloji ərazilərdir. Tarix boyu ən çox zəlzələ bu ərazilərdə olub. 1192-ci ildə baş verən zəlzələnin 7-8 bal gücündə olduğu qeyd olunur. Təbii ki, zəlzələnin gücü törətdiyi fəsadlar əsasında təyin edilib, çünki o zaman ölçmə cihazları bugünkü kimi inkişaf etməmişdi. Şamaxıdakı ciddi dağıntılar haqqında tarixdə ciddi məlumatlar var. 1665-ci ildə Şamaxı yenidən dağıldı. Dəqiq məlumat olmasa da, şahidlərin sözlərinə görə, 6-7 min ev dağılmış, təxminən 80 min insan həlak olmuşdu. O zaman Avropanın ən böyük şəhərlərində belə 80 min əhali olmayıb. 1859-cu ilin may ayının 31-də Şamaxıda yenidən dağıdıcı zəlzələ baş verdi. Bu səbəbdən də quberniya mərkəzi olan Şamaxını təcili Bakıya köçürdülər. Sonrakı dövrdə 1902-ci ildə yanvarın 31-də yenidən Şamaxıda, İsmayıllıda 1981-ci ildə, Ağdaşda 1998-ci ildə, Bakıda 2000-ci ildə zəlzələ baş verib. Azərbaycan ərazisində hər gün hiss olunmayan, təxminən 3, maksimum 4 bal gücündə silkələnmələr olur. Onları yalnız seysmoloji stansiyalar qeydə alır. Geoloji, seysmoloji proseslə məşğul olanlar ancaq bu məlumatları verə bilərlər. Dünyada 3 qurşaq var ki, zəlzələnin olması labüddür. Birincisi, Avrasiyanın şimal-qərbindən cənub-şərq istiqamətində İndoneziyaya qədər uzanan sahədə; ikincisi Sakit okeanın qərb hissəsi-ABŞ-dan Odlu torpaq arxipelaqına qədər olan ərazisində; üçüncüsü Yaponiya sahillərində zəlzələlər baş verməkdə davam edəcək”.

Alim qeyd etdi ki, bu barədə dəqiq proqnoz vermək çox çətindir: “Dağəmələgəlmə prosesində təzyiqlə qalxan yer qabığında çatlar əmələ gəlir.  Bakı da daxil olmaqla, Böyük Qafqaz ərazisində bu proses hər gün gedir. 2-2,7 sm qalxmalar var. Bu da o deməkdir ki, Bakı şəhəri ərazisində yer qabığında çatlar var. Dağəmələgəlmə proses davam edəcək. O ki qaldı 7,5 gücündə zəlzələni proqnozlaşdırmağa, bunu heç kim dəqiq deyə bilməz. Bu Yaponiyada belə mümkün deyil. Məsələn, rus düzənliyində heç zaman zəlzələ ola bilməz, çünki bu ərazi yerin tərpənməyən hissəsidir”.

Ə.Əliyev vurğuladı ki, zəlzələni qorxu, vahimə ilə izah etmək olmaz, buna hazır olmaq lazımdır: “Zəlzələ insan öldürmür. Orta gücdə zəlzələlər zamanı insan ölümünə səbəb məsuliyyətsizlikdir, yəni keyfiyyətsiz tikintilərdir”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi