azia.az
azia.az

Azərbaycan Milli Elmlər Akademiyasında hansı islahatları və necə həyata keçirməli

14-03-2022, 21:54

Azərbaycan Milli Elmlər Akademiyasında hansı islahatları və necə həyata keçirməli
Lüdviq Feyerbax haqqında tezislər: Filosoflar ancaq dünyanı müxtəlif şəkildə izah etmişlər, mətləb isə onu dəyişdirməkdan ibarətdir.

Elm - bəşəri mədəniyyətin çox vacib fenomeni olmaqla insan fəaliyyətinin xüsusi formasıdır. Ona görə də elmə və elm adamlarına olan münasibət də müəyyən xüsusiyyətlərə malik olmalıdır.
ABŞ milyarderi Henri Ford deyirdi ki, elm çətin peşədir, ona görə hər adam elmlə məşğul ola bilmir. Başqa sözlə rəssamlar, bəstəkarlar, şairlər, musiqiçilər və digər istedad tələb edən peşələr kimi elmlə hər adam yox, istedadı olan və həyatını elmə həsr etməyə hazır olan adamlar məşğul olmalıdır. Reallıqda isə bu heç də belə deyil. Bu gün elmə və elm adamlarının xeyli hissəsinə skeptik münasibətin formalaşmasında əsas səbəblərdən bəlkə də biri budur (“Radix mali”). Müvafiq sahədə istedadı olmayan heç kəs bəstəkar və ya rəssam olmağa çalışmır, lakin nədənsə çoxları hesab edir ki, elmlə hamı məşğul ola bilər. Bunun ilkin səbəbini ötən əsrin 50-60-cı illərində axtarmaq lazımdır. O dövrdə alim olmaq, ali məktəbdə dərs demək yüksək prestij, nüfuz və yüksək məvacib baxımından çox cəlbedici və eyni zamanda çoxları üçün əlçatmaz hesab edilirdi. Lakin zaman keçdikcə elm adamı olmaq üçün lazım olan tələblər SSRİ məkanında xeyli yumşalmağa başladı ki, bu da təsadüfi deyildi.
2-ci Dünya müharibəsindən sonrakı dövrdə SSRİ ilə ABŞ arasında elm sahəsində ciddi rəqabət gedirdi. Həmin dövrdə ABŞ senatı “millətin gələcəyi nədən aslıdır” sualına cavab vermək üçün professor Pimentalın sədrliyi ilə yaratdığı böyük bir komissiya 3 il işləyəndən sonra senata təqribən 1000 səhifəlik hesabat təqdim etdi. Komissiyanın gəldiyi son nəticə belə idi ki, millətin gələcəyi nə əhalinin sayından, nə ərazisinin böyüklüyündən, nə təbii sərvətlərindən, nə də hərbi qüdrətindən asılı olmayıb yalnız təhsilin və bununla sıx bağlı olan elmin səviyyəsindən asılıdır. Elə o dövrdən başlayaraq ABŞ elmi tədqiqatlar üçün yeni avadanlıq yaradılmasını və onlarla təchizatı ciddi artırdı. SSRİ-də isə ekstensiv (əməkdaşların sayının artırılması hesabına) inkişaf ilk vaxtlar özünü göstərsə də zaman geçdikcə ABŞ-dan daha çox geri qalmağa başladı. Elmə axının kütləvi xarakter alaraq sürətlə artması və elmi işçilərə olan tələbatın getdikcə zəifləməsi elmi səviyyənin də azalmasına gətirib çıxardı. Son 40 - 50 ildə bu meyllərin getdikcə güclənməsi və 90-cı illərdə baş verən hadisələrdən sonra daha da sürətlənməsi hazırda müşahidə edilən vəziyyətin yaranmasına səbəb oldu.
Dünya elminə bir çox görkəmli şəxsiyyətlər bəxş etmiş Azərbaycan, təəssüflər olsun ki, başqa respublikalar ilə müqayisədə 90-cı illərdə baş vermiş hadisələrdən, Qarabağ müharibəsindən daha çox əziyyət çəkmişdir. Dərin tənəzzül dövrü, ağır iqtisadi vəziyyət, sonralar bir birini əvəz edən tənəzzülün dayandırılması, dirçəlis, bərpa və son illərdəki inkişaf dövrləri müəyyən uğurlara gətirib çıxarsa da, inkişaf etmiş ölkələrin səviyyəsinə az da olsa yaxınlaşmaq və dünya elminə inteqrasiya kimi məqsədlər kifayət qədər mürəkkəb və ciddi islahatlar tələb edən bir problemə çevirmişdir.
Son vaxtlar AMEA-da tənəzzül, idarəetmədə nöqsanlar və maliyyənin azlığı haqqında müxtəlif və haqlı tənqidi fikirlər səslənir. Yeri gəlmişkən, məşhur “Xaç atası” filmində deyilən bir fikir çox maraqlıdır: “Bütün deyilənlər doğrudur, lakin heç də hamısı deyilməyib”. AMEA elmini müasir tələblərə cavab verən səviyyəyə çatdırmaq üçün “nə lazımdır” deyəndə ilk növbədə maliyyə azlığı, kadr problemi, elmi nəticələrin kommersiyalaşdırılması kimi fikirlər səslənir və dəfələrlə təkrar olunur. Lakin əsas mətləb ondan ibarətdir ki, müharibə şəraitində, işğaldan azad olunmuş ərazilərin bərpa prosesində, dünyada baş verən qlobal proseslər fonunda və bunlarla əlaqədar, Azərbaycan Respublikasının indiki iqtisadi durumunda innovativ inkişaf, elm və təhsilin real inteqrasiyası və digər məsələlər hansı islahatlar və ən vacibi, necə(!) həyata keçirilməlidir.
Son 30-40 ildə bəzi ölkələrdə başlayan islahatlar və onların nəticələrinə diqqət yetirsək əsrlərlə davam edən inkişaf nəticəsində formalaşmış ABŞ və Avropa ölkələrinin elmindən fərqli olaraq Çin, Cənubi Koreya və Sinqapur kimi ölkələrin təcrübəsi ilə qısa tanışlıq onların hər birinin elmin inkişafında özlərinə məxsus xüsusiyyətlərə malik olmasını üzə çıxarır.
Çin Elmlər Akademiyasında 1965-ci ildə 106 elmi mərkəz və 25 min tədqiqatçı olduğu halda, 10 ildən sonra “mədəni inqilab” nəticəsində cəmi 13 institut və 1800 alim qalmışdı. Çinin görkəmli dövlət, partiya və ictimai xadimi Den Syaopinin 1978-ci ildə ölkədə başladığı islahatların 4 əsas istiqamətləri: kənd təsərrüfatının, sənayenin, ordunun, elm və texnologiyaların modernləşdirilməsi 20-25 ildən sonra öz möhtəşəm bəhrəsini verməyə başladı. Hazırda Çində Dövlət Şurasının tərkibində Çin Elmlər Akademiyası, Çin Mühəndislik Akademiyası və Çin İctimai Elmlər Akademiyası fəaliyyət göstərir. 2019-cu ildə Çində Ümumdaxili məhsulun 0,4%-i elmə ayrılmışdı (Rusiyada bu rəqəm 0,2 % -dir). Bu gün Çin Elmlər Akademiyasında 68.000 adam fundamental tədqiqatlar sahəsində çalışır ki, onların da 56.000-i peşəkar alim və tədqiqatçıdır, 28.000-i professor və dosentlərdir. Çin Elmlər Akademiyasında 5 bölmə, 104 elmi-tədqiqat institutu, 12 sahə akademiyası və 3 universitet fəaliyyət göstərir. Çin İctimai Elmlər Akademiyasında hazırda 4.000-ə yaxın əməkdaş çalışır, 31 tədqiqat institutu və bir neçə tədqiqat mərkəzi fəaliyyət göstərir. Beynəlxalq reytinqin nəticələri göstərir ki, 2020 - ci ildə Çin elmi məhsuldarlığa görə dünyada 1-ci yerə çıxmışdır.
Əhalisi cəmi 5,5 mln olan Sinqapurda elm və texnologiyaların inkişafı üçün 70-ci illərdə təşkil olunan Elmi Şura 4 prioritet istiqamət müəyyən etdi: mühəndislik fəaliyyəti, təbii ehtiyatlar (onların istifadəsi daxil olmaqla), təbiət və ictimai elmlər. 80-ci illərin iqtisadi böhranı göstərdi ki, işçi qüvvə sahəsində Çin və Hindistan kimi nəhənglərlə rəqabət aparmaq mümkün deyil. 90-cı illərdə yaradılan elm və texnologiyalar üzrə Milli Şura, 2006-cı ildən isə fəaliyyət göstərən Milli tədqiqatlar fondu perspektiv elmi istiqamətlərin gündəliyini formalaşdırır və onlara maliyyə dəstəyi göstərir. Qeyd etmək maraqlı olar ki, özünün nefti, qazı və hətta içməli suyu olmayan Sinqapurda 50 il ərzində adam başına düşən ümumdaxili məhsul 80% artmışdır.
Əhalisi 1,5 mlrd və 5,5 mln olan 2 ölkədə elmi və texnologiyaların inkişaf yollarını qısa şəkildə xatırlayandan sonra Azərbaycan Milli Elmlər Akademiyası üçün mövcud şəraitə uyğun hansı islahatların məqsəduyğun olması haqqında bəzi düşüncələr və mülahizələrlə bölüşmək olar.
Hər şeydən əvvəl bir daha qeyd edilməlidir ki, Qarabağ hadisələri başlayandan indiyə qədər Azərbaycanın rastlaşdığı çətin problemlərə baxmayaraq ölkəmizin Prezidenti cənab İlham Əliyev elm və təhsilə həmişə qayğı göstərmişdir. Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondu, SOCAR-ın Elm Fondu, AMEA-nın büdcəsi hesabına maliyyələşən bəzi elmi layihələr alimlərin əməyini stimullaşdırmaq üçün müsbət rol oynamışlar. Eyni zamanda o da aydındır ki, elm bir yerdə dayanmır, daima inkişafdadır və A.Eynşteynin yazdığı kimi “velosipedçinin müvazinətini saxlaması üçün o həmişə irəli hərəkət etməlidir” prinsipi özünü göstərir.
AMEA-da ciddi problemlərin mövcudluğu inkar edilmir. Lakin nədənsə Azərbaycan elmi haqqında deyilən bütün tənqidi fikirlər yalnız AMEA-a ünvanlanır. Doğrudur, ölkədə tətbiqi və fundamental tədqiqatların generatoru rolunu AMEA oynayır. Lakin nəzərə almaq lazımdır ki, respublikada 130-dan çox elmi müəssisə, AMEA-da isə 34 elmi tədqiqat institutu var. Ölkədə elmi tədqiqatla məşğul olanların (elmi işçilər və universitetlərin kafedra əməkdaşları) cəmi 25%-i, elmlər və fəlsəfə doktorlarının isə 30%-dən azı AMEA-da işləyir. Buna baxmayaraq AMEA-nın Beynəlxalq reytinqlərdə göstərilən elmi məhsuldarlığı digər elmi müəssisələrin və ali məktəblərin birlikdə əldə etdikləri elmi məhsuldarlıqdan aşağı deyil. Bu müqayisə heç də elmin ənənəvi idarəetmə və maliyyələşdirmə sisteminin saxlanılmasına əsas vermir. Əksinə akademik elmin inkişafı və elmi nəticələrin reallaşdırılması hökmən prinsipcə yeni yanaşmaların tətbiq edilməsini, ciddi islahatların keçirilməsini zəruri edir.
Hesab etmək ki, təkcə AMEA-da islahat aparmaqla ölkədə elmin bütövlükdə səmərəsini yüksəltmək mümkün olacaq, səhv fikir olardı. AMEA-da islahatların təcrid olunmuş şəkildə aparılması çətin ki, müsbət nəticə versin. Bu məsələ şübhəsiz ki, sosial və iqtisadi sahələrdəki tərəqqi və islahatlarla əlaqəli şəkildə həyata keçirildiyi halda baxılması arzu olunan nəticəni verə bilər. Elm və təhsil tərəqqinin qoşa qanadıdır. Hər iki sahədə islahatların aparılması uzun müddətli, ətalətli proses olub ən yaxşı halda öz bəhrəsini 8-10 ildən sonra verə bilər. Bu dövrdə vacib olan vəzifələrin həyata keçirilməsində dövlət dəstəyi ilə yanaşı elmi müəssisələrin özlərindən də asılı olan müəyyən daxili islahatların həyata keçirilməlidir:
- elmi müəssisələrdə əməkdaşların ciddi və obyektiv attestasiyası bal-reytinq sistemi əsasında keçirilməli, elmi məhsuldarlıq baxımından kollektivlər “sağlamlaşdırılmalı”, əməkdaşların sayı həll ediləcək problemlərə uyğun olaraq nizamlanmalı, elmi işçilərin əməkdaşların ümumi sayına olan nisbəti optimallaşdırılmalı, bir əməkdaşa düşən elmi məhsuldarlıq yüksəldilməli, beynəlxalq qrantlar müsabiqəsində fəallıq artırılmalıdır;
- AMEA-da mövcud olan təbiət elmləri bölmələri ilə ictimai və humanitar elmləri bölmələrinin xüsusiyyətləri nəzərə alınmaqla onların elmi fəaliyyətinin qiymətləndirilmə meyarları, idraəetmə və maliyyələşdirmə üsulları fərqləndirilməlidir. Lakin istənilən halda akademik elm novatorluq, inkişaf, yeni texnologiyalardan istifadə və çevik biznes təşkili baxımından perspektivli olmalıdır;
- elmi müəssisələrin fəaliyyətində əsas tələb həll ediləcək problemin düzgün və konkret qoyulması, xırda, əhəmiyyətsiz, uzun illər mühüm nəticəsi olmayan mövzuların kəskin azaldılması olmalıdır. Bu yolla elmi nəticələrin reallaşmasına, onlara ehtiyac olmasına nail olmaq olar. Nahaq yerə demirlər ki, problemin düzgün qoyuluşu onun həllinin yarısını təşkil edir. Problemlərin prioritetlərə görə seçilməsi və elmi müəssisənin profilinə uyğun onların sayının müəyyənləşdirilməsi ekspertiza əsasında həyata keçirilə bilər;
- təbiət elmləri sahəsində fundamental tədqiqatların yüksək səviyyədə aparılmasında müasir avadanlıq parkının yaradılması ilə bərabər, həm də onların təmirinə və servisinə xüsusi diqqət tələb olunur. Bu sahədə əsas problem qiymətli cihaz və avadanlıqların təkcə çatışmamazlığında deyil, onların heç də hamısının işlək vəziyyətdə olmamasında və lazımı problemlərin həllinə cəlb edilməməsindədir;
- AMEA-nın strukturu bir daha baxılmalı, profilcə yaxın olan bir neçə institut bazasında oxşar məqsədi və proqramı olan elmi mərkəzlərin yaradılması, lüzumsuz qurumların birləşdirilməsi və ya ixtisar edilməsi, yeni elmi-innovasion strukturların yaradılması nəzərdən keçirilməlidir. Dünya praktikasında əməkdaşların sayı çox olmayan, lakin konkret məqsədi olan elmi tədqiqat institutları üstünlük təşkil edir. Bu baxımdan institutların birləşdirmək yolu ilə daha da iriləşdirilməsi əvəzinə əməkdaşların sayı çox olan institutlarda bilavasitə elmi araşdırmalarla məşğul olmayan əməkdaşların sayını minimuma endirmək, bunun hesabına məhsuldar işləyən tədqiqatçıların maddi durumunu yaxşılaşdırmaq daha məqsədəuyğun olardı.
Ümumiyyətlə, Azərbaycan elminin tərəqqisi, müasir çağırışlara və tələblərə cavab verən səviyyəyə yaxınlaşması üçün təkcə AMEA-nın daxilində aparılan islahatlar kifayət deyil. Elmə və elmi işçilərə olan tələblər, münasibətlər və onların statusu köklü surətdə dəyişməlidir. Bu isə yalnız dövlətin xüsusi qanunları, Dövlət başçısının müvafiq fərman və sərəncamları əsasında mümkün ola bilər. Onlardan ən vaciblərinə diqqət yetirmək olar:
- keyfiyyətli təhsil olmadan elmi tərəqqiyə nail olmaq mümkün olmadığından elm və təhsildə islahatların paralel və əlaqəli şəkildə aparılması üçün ümumi konsepsiyanın hazırlanması məqsədəuyğun olardı;
- gənc tədqiqatçıların AMEA-da sayını artırmaq, onlara dəstək olmaq üçün yeganə yol onların maddi təminatının yaxşılaşdırılması, tədqiqat aparan istedadlı gənclər üçün müxtəlif adlı təqaüdlərin təsis edilməsi, xarici elmi mərkəzlərə təcrübə keçmə və ya doktorantura təhsili üçün göndərilməsi, müasir cihaz və avadanlıqda işləyə bilən kadrların hazırlanmasında önəmli güzəştlərin nəzərdə tutulmasıdır;
- nəzərə almaq lazımdır ki, gənc nəsildən bizim kimi olmağı, bizim kimi düşünməyi tələb etmək özu yaşlı nəslin eqoizmindən başqa bir şey deyil. Müasir gəncliyi daha çox qısa müddətli və yaxın gələcəyin perspektivləri, nəticənin daha tez əldə edilməsi, onun maraqlı və təminat nöqteyi nəzərindən cəlbedici olması daha çox maraqlandırır;
- fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təbiət və ictimai elmlər sahəsində müdafiə edən iddiaçılara bu elmlərin xüsusiyyətləri nəzərə alınmaqla Ali Attestasiya Komissiyasının tələbləri eyni olmamalıdır. Müdafiə etmək üçün çoxlu sayda sənədlərin toplanması və tələb edilməsi bir çox istedadlı, lakin maddi imkanları aşağı olan gənclərin elmdən uzaqlaşaraq başqa sahələrə getməsinə gətirib çıxarır. İctimai elmlərdən fərqli olaraq eksperimentlərə əsaslanan təbiət elmləri sahəsində gənc doktorantın mono-məqalə çap etdirməsi kimi tələblər heç bir məntiqə uyğun gəlmir;
- ölkədə təbiət və texnika elmləri sahəsində çalışan istedadlı gənc kadrları elmdə saxlamaq üçün xarici ölkələrdə olduğu kimi 2 mərhələli müdafiə sistemi ləğv edilməli, fəlsəfə doktoru hazırlığı üzrə 4 illik əyani doktorantura saxlanılmalı (yüksək səviyyəli təhsil proqramları əlavə edilməklə), elmlər doktoru dərəcəsi isə AAK-ın onsuz da tələb etdiyi nüfuzlu “Web of Science”, “Scopus” bazalarına düşən jurnallarda çap olunan məqalələrə, nəşr olunan sanballı monoqrafiyalara, dəvət olunan məruzəçi qismində beynəlxalq konfrans və konqreslərdə çıxışlara, qalibi olduğu qrantlara görə, bir sözlə, çap edilmiş əsərlər külliyatına görə, dissertasiya tərtibatına və müdafiəsinə 2-3 il vaxt itirmədən və emosional gərginlik keçirmədən verilməlidir. Bu qayda gənc fəlsəfə doktorlarının böyük həvəslə elmi müəssisələrdə tədqiqatlarını davam etdirmək üçün çox önəmli stimul ola bilər;
- AMEA-nı təkcə tətbiqi işlərlə məşğul olan qurum kimi təsəvvür etmək yanlışlıq olardı. Fudnamental tədqiqatlara əsaslanmayan məhsullar və texnologiyalar çətin ki, rəqabətə davam gətirsinlər. İnnovativ inkişaf üçün yeni ideyalar və yüksək texnologiyalar önəmlidir, onların əsasında isə fundamental tədqiqatlar durur. Lakin fundamental tədqiqatlar da yalnız məqalə çap etdirmək və dissertasiya yazmaq xatirinə olmamalı, onların ölkə əhəmiyyətli konkret hədəfi olmalıdır. 10 mln əhalisi olan ölkədə fundamental elmin geniş cəbhəsi üzrə tədqiqatlar aparmaq qeyri-mümkündür. Ona görə də fundamental elmlər üzrə prioritetlər ciddi şəkildə müəyyənləşdirilməli və ölkənin iqtisadi mənafeyinə uyğunlaşdırılmalıdır;
- ümumtəhsil müəssisələrindən başlayaraq xarici dillərin öyrənilməsi prioritet elan edilməli, gənclərdə heç olmasa ingilis dilini mükəmməl bilmək vacib meyarlardan biri olmalıdır. Müasir dünyada xarici dil bilmədən böyük elmi uğurlar əldə etmək, yüksək mənsəbə qalxmaq qeyri mümkündür. Bir misal, Qazaxıstanda yüksək vəzifəyə təyin olunmaq üçün azı iki xarici dil bilmək tələb olunur. İngiltərədə professor vəzifəsini tutmaq üçün bir neçə xarici dil bilmək vacibdir. Ona görə təhsilin magistratura və doktorantura səviyyəsinə qəbul olunanlar xarici dil sertifikatına malik olmalıdırlar;
- elmi müəssisələrdə çalışan sıravi əməkdaşlar və fəlsəfə doktorları üçün nisbətən yuxarı yaş həddi (məsələn, 65-70 və 70-75) müəyyən edilməli, müstəsna hallarda işçilərin ümumi sayının müəyyən faizindən çox olmamaq şərtilə 1 illik müqavilə ilə işə cəlb etmək hüquqi verilməlidir. Elmlər doktorları üçün yaş həddi fəlsəfə doktorlarına nisbətən daha yuxarı ola bilər. Eyni zamanda elmi işçilərin təqaüd təminatı bir qədər də yaxşılaşdırılmalıdır;
- satınalma, tender, kotirovka prosedurlarında, ölkəyə valyuta gətirən beynəlxalq elmi qrantların qeydiyyatında, vergilərin tutulmasında akademik elmin xüsusiyyətləri nəzərə alınmalı, bu prosedurlar elmi müəssisələr və başqa təşkilatlar üçün fərqli olmalıdır. Elmi tədqiqat institutlarının rəhbərləri satınalma mübahisələri və digər təsərrüfat işləri əvəzinə elmi problemlərə vaxt ayırması daha çox səmərə verər;
Bütün bunlarla yanaşı nəzərə alınmalıdır ki, islahatlar zamanı tələsik və əsaslandırılmamış radikal qərarlar qəbul etmək də yol verilməzdir. Qeyd edildiyi kimi elmdə islahatların nəticə verməsi müəyyən vaxt, maliyyə və səbr tələb edir. Bunların hər üçünün müasir dövrümüzdə defisit olmasına baxmayaraq, bəzi MDB ölkələrində özünü doğrultmayan “islahatları” təkrar etməkdən sığortalanmaq lazımdır. AMEA-da yaxşı nə varsa onları qoruyub saxlamaq, daha da təkmilləşdirməklə yanaşı müasir tələb və çağırışlara cavab verməyən, inkişafı tormozlayan hər şeyə qarşı qəti mövqe tutmaq lazımdır. Elmin özünə, elmin təşkilinə elmi obyet kimi baxmaqla C.Bernalın, R.Mentonun və digər alimlərin formalaşdırdığı, bu gün də xüsusilə mühüm əhəmiyyət kəsb edən elmin sosiologiyasının əsas prinsiplərindən olan elmdə düzgünlük və vicdanlılıq, plagiata qarşı mübarizə kimi əsas tələblər öz aktuallığını saxlamalıdır.
Hazırda müxtəlif alimlərin AMEA-nın cəmiyyətdə yeri, inkişaf etmiş ölkələrlə müqayisəsi və təklif olunan islahatlarla bağlı maraqlı fikiləri mətbuatda çap olunur. Səriştəli alimlər tərəfindən belə müzakirələrin və fikir mübadiləsinin aparılması müsbət haldır. Lakin görünür təkcə arzu olunan təkliflər vermək kifayət deyil. Dövlət qurumlarının səlahiyyətli nümayəndələrinin də iştirak etdiyi xüsusi komissiyanın, və ya daha yaxşı olar ki, ölkə başçısının bilavasitə tabeliyində olan Ali Elmi şuranın yaradılmasına, Azərbaycanda elmi tərəqqini təmin edə biləcək təsirli real addımların atılmasına və özünü doğrultmayan bir çox köhnəlmiş qaydaların ləğv edilməsinə böyük ehtiyac var. Elmdə müxtəlif neqativ hallarla qarşı ciddi mübarizə aparılmalı, keyfiyyət kəmiyyətə qurban verilməməlidir.
Ümid etmək olar ki, elm, təhsil və dövlət qurumlarının nüfuzlu nümayəndələrinin təmsil olunduğu səlahiyyətli qurum ciddi işlər aparacaq, millətin gələcəyi üçün vacib olan elmi strategiyanı və prioritetləri müəyyən edəcəkdir.

Dilqəm Tağıyev, AMEA-nın vitse-prezidenti, akademik


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi