Iki istiqamətdə HÜCUM PLANI QURULDU
İranın Azərbaycanla ulduzları barışmaq bilmir. Düzü, bunun ən yaxın tarix üçün mümkün olacağı da inandırıcı deyil. Çünki rəsmi Tehran Azərbaycanın Zəngəzur dəhlizindən istifadə etməsinə görə Ermənistandan çox narahat olmağa başlayıb və bunu prezident səviyyəsində belə hər dəfəsində müxətlif təhdid formaları ilə də etiraf edir.
Daxilində bu qədər problem varkən, şəhərlərində etirazlar səngiməzkən, Tehran sərhəddə hərbi təlimlərlə kimə və nəyi sübut etməyə çalışır?
Ölkədaxili vəziyyəti xaos halında olsa da İran müxtəlif vasitələrlə başqa dövlətlərə, xüsusilə də Azərbaycana göstərməyə çalışır ki, bu durum onun ordusuna yansımayıb və Tehranın maraqlarına zidd addım tərəflərindən adekvat tədbirlərlə nəticələnə bilər. Bəli, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) quru qoşunlarının "Güc" adı ilə təlim keçirməsini məhz Azərbaycana qarşı "əzələ nümayişi" kimi də şərh etmək olar. Çünki istənilən hərbi təlimlərin məqsədi olur və bir sıra hallarda kiməsə mesaj göndərmək üçün nəzərdə tutulur.
Ermənistanın sərhədini "qırmızı xətti" elan edən İran daxildəki etirazlar fonunda "sionizm", "terror" iddialarını yenidən aktuallaşdıraraq bir də bunun üzərinə Araz vadisində "terrorçuların saxlanılması" kimi bir qondarma ssenari düz-qoş edərək "xarici təhlükə" ssenarisini gündəmə atmaqla Bakıya "müdaxilə planını" əyani şəkildə nümayiş etdirmək üçün belə bir təlimlərlə Azərbaycana gözdağı vermək qərarına gəldi.
Bakı ilə İrəvan arasında davamlı sülh müqaviləsi üzrə danışıqlar sürətlənib və ilin sonuna qədər razılaşmanın olması, xüsusilə sərhədlərin delimitasiyası məsələsinin həlli gözləntilərinin reallaşacağı ilə bağlı ümidlərin xeyli artdığı bir vaxtda İran mümkün sərhəd dəyişikliyinə qarşı Azərbaycanla təmas xəttinə hərbiçisini və hərbi texnikasını yığması hadisəsi Qərbin Ermənistanla qurduğu planının eynisidir.
Belə ki, İranın təlim adı ilə Azərbaycan sərhədinə göndərdiyi silahlı qüvvələri eyni ilə Avropa ittifaqının Praqa görüşü zamanı Ermənistanla razılaşdırdığı mülki missiya adı altında Ermənistana 40 nəfərlik nümayəndə heyyəti göndərərək müntəzəm olaraq Azərbaycanla sərhəddə monitorinqlər təşkil edəcəyi prosesinə bənzətmək olar.
Nəzərə alsaq ki, Qərbin adı "mülki missiya" olan bu Qrupu əslində diplomatlar və kəşfiyyatçılardan ibarət olmaqla, Fransa və digər dövlətlərin hərbi kəşfiyyatçılarından təşkil olunmuş bir qrup olacaq və onların sayı deyildiyindən 10 dəfə çoxdur (Ermənistan mənbələrinin məlumatına görə Aİ "mülki missiyasının heyyəti nə az, nə çox, düz 400 nəfərdir), o zaman demək olar ki, Azərbaycan sərhəddinə eyni anda Cənubdan İran qoşun yeridib, Qərbdən isə ABŞ-ın dəstək verdiyi AB Fransa başda olmaqla öz xüsusi hazırlıqlı kəşfiyyat qrupu ilə Ermənistan ordusunun tərkibində Azərbaycanla sərhəddə yerləşdirilir. Gələcəkdə bu rəqəmlərin daha da artacağı istisna edilmir.
Nəticədə üzdə bir-birinə zidd olan, münasibətlərinin nə zamansa normallaşacağı inandırıcı belə görünməyən İran ilə Qərbin rəsmi Bakıya qarşı tandem olmaqda heç də çətinlik yaşamadıqlarının şahidiyik. Və onların sərhədlərimizdə hazırladıqları ssenari əslində bir-birini tamamlayan gizli sövdələşmənin də tərkib hissəsi kimi görünməyə başlayır. Baxmayaraq ki, Praqa görüşündən sonra Ermənistana göndəriləcəyi elan edilən Aİ-nin "mülki missiyası" ilə bağlı İran dildə guya narahatlığını bildirdi, amma bununla bağlı elə ən sonuncu narahatlıq ifadələri də elə o səhnə ilə bitdi. Düşünsək ki, artıq Qərb düz İran sərhədlərinə qədər gəlib və böyük bir Qrupla Ermənistan sərhəddində fəaliyyətə başlayır, amma bu məsələ Tehranı növbəti bəyanatlara və yaxud adekvat tədbirlərə vadar etmir, o zaman demək ki, İran əslində bu durumdan heç də narahat olan tərəf deyilmiş.
Özlərinə umac ova bilməyən iki "fərqli dünyanın" qüvvələri indi burnuzumuzun ucuna kimi gələrək, burada Azərbaycana əriştə kəsmək niyyətlərini gizlətmirlər.
Ən maraqlısı isə SEPAH-ın Azərbaycanla sərhəddə - Araz çayı boyunca təlimlər zamanı hansı ssenarini tətbiq edəcəyini açıqlaması zamanı ortaya çıxdı. İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının komandanı-briqada generalı Məhəmməd Pakpur bildirib ki, təlimlərin gündəliyinə paraşütlə helikopter əməliyyatları, gecə əməliyyatları, döyüş və kamikadze pilotsuz uçuş aparatları ilə əməliyyatlar, o cümlədən Araz çayı üzərində körpülərin atılması, yollara nəzarət, yüksəkliklərin ələ keçirilməsi və məhv edilməsi daxildir.
Burada ən diqqətçəkən məqam Araz çayı üzərindən körpülərin atılması təlimlərinin əlavə edilməsidir ki, əslində bunun səbəbi də sirr deyil. Bu, sərhədə toplanan ordunun Araz çayı üzərindən Azərbaycan ərazisinə keçərək yollara nəzarət, yüksəkliklərin ələ keçirilməsi planını icra etmək üçün nəzərdə tutulub. İran ordusunun məşhur generalının bütün bu proseslərin ardında "məhv edilməsi" ifadəsinə yer verməsi isə, İranın Azərbaycanın əlindən zəncir çeynədiyini rəsmi Tehranın dilindən elan etməsi deməkdir. Beləcə, Tehran Araz çayı üzərində körpünün inşa edilməsini məşq etməklə Bakıya lazım gələrsə real addımların da atıla biləcəyi mesajını verməyə çalışır. Bu, düşünməyə kifayət edir ki, molla rejimi açıq şəkildə Azərbaycanı təhdid edir.
Doğrudur, SEPAH-ın quru qoşunlarının İranın şimal-qərb hissəsində, Azərbaycanla sərhədboyu ərazilərdə "Qüdrətli İran" adlandırdığı bu hərbi təlimlərdən öncə də ötən ilin payızında həmin bölgələrdə təlimlər həyata keçirmişdi. Lakin "Xeybər fatehləri" adı altında keçirilən ötənilki təlimləri İranın dövlət ordusu olan "Ərteş" həyata keçirmişdisə və "Ərteş"in əsasən müdafiə xarakterli ordu olduğunu nəzərə alsaq, Sepah ondan fərqli olaraq hücum əməliyyatlarını daicra etməsi ilə tanınır. Buradan belə nəticə çıxır ki, İran bu təlimlərlə Azərbaycana "bizim dediyimizi dinləməsən, istənilən an Arazı aşıb ərazilərinizdə yerləşə bilərik" mesajı verməyə çalışır.
İran görünür Zəngəzurla bağlı bir müddətdir Bakıya etdiyi "sərhədlər dəyişəcəksə, hərbi müdaxilə edəcəyik" təhdidinin real olduğunu praktiki müstəvidə göstərməyə çalışır. Tehran Arazın o tayından verdiyi mesajlarla bu tayda baş verən proseslərə təsir etmək istəsə də qarşılığında onu hansı proseslərin gözlədiyini də yaxşı bilir. İstisna edilmir ki, İranın təlimlərinə qarşılıq olaraq Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirilsin (İranın ötənilki təlimlərindən dərhal sonra Azərbaycan və Türkiyə ordularının Naxçıvanda "Sarsılmaz Qardaşlıq" təlimləri başlamışdı) və bu, məhz Şərqi Zəngəzur, yaxud Naxçıvan istiqamətində gerçəkləşsin.
İstənilən halda isə İran yaxşısı firənglərlə Azərbaycana qarşı iş mevirməyə çalışmaqdansa, ilk növbədə özünə gün ağlamaq barədə biraz düşünsün. Çünki rəsmi Tehranın Azərbaycana qarşı düşmənləri ilə dostlaşmaq siyasəti heç də planlaşdırdığı şəkildə yekunlaşmayacaq. Ermənsitan rəsmi Bakı qarşısında öhdəlik götürüb, üçtərəfli bəyanatlar var və Brüssel gündəliyi də sülhə gedən yolda prosesin daha sürətlənməsinə təkan verməkdədir. Demək ki, Bakı İrəvanla "vəkilsiz" danışıqlar prosesinə artıq çoxdan keçib və Ermənistanın başqa yolu yoxdur.
Təhməz Əsədov