azia.az
azia.az

Dərdmizin bahalı dərmanı: Nə istehsal var, nə sığorta - NƏ ETMƏLİ?

1-08-2022, 11:43

Dərdmizin bahalı dərmanı: Nə istehsal var, nə sığorta - NƏ ETMƏLİ?
Azərbaycanda dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi “Dərman vasitələri haqqında” Qanunla və bir necə normativ-hüquqi aktla həyata keçirilir.

Bir faktı nəzərə almaq lazımdır ki, Azərbaycan dərman vasitələrinin mütləq əksəriyyətini idxal edir.

Dərman vasitələri bazarının tənzimlənməsinə 2015-ci ilin ortalarından başlanılıb və sonuncu tənzimləmə Tarif Şurasının bu il iyulun 26-da keçirilmiş növbəti iclasında yeni dövlət qeydiyyatına alınan 337 dərman vasitəsini əhatə etməklə aparılıb. Beləliklə, müxtəlif doza və qablaşdırma miqdarı nəzərə alınmaqla indiyə qədər dövlət qeydiyyatına alınmış 13 369 dərman vasitəsinin qiyməti təsdiq edilib. Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla indiyədək topdan və pərakəndə satış qiymətləri və qüvvəyə minmə tarixi təsdiq edilən vasitəsinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində yerləşdirilib.

Qeyd edək ki, son illər dərmanların qiymətləri bir neçə dəfə bahalaşıb. Hətta vətəndaşlar maddi vəziyyəti ilə əlaqədar həkimin onlara mələhət gördüyü dərmanları almaqda çətinlik çəkirlər. Bəzi insanlar dərmanların bahalığı ilə əlaqədar tam müalicə kursunu qəbul edə bilmir. Son qiymət artımının 1 ay öncə olduğunu deyən əczaşıların sözlərinə görə, Tarif Şurasının yeni qərarından sonra yenidən bahalaşma ola bilər.

Əczaçılar onu da vurğulayırlar ki, baha qiymətə olduğundan alıcılar dərmanları bütöv şəkildə ala bimirlər. Yəni əksər alıcılar dərmanları hissə-hissə alırlar, hətta dərmanı ədədlə alan alıcılar da var. Hazırda ölkədə yalnız bəzi xəstəliklər üzrə dərmanlar pulsuz verilsə də, əhalinin digər hissəsi baha qiymətə olan dərmanları almaq üçün əməkhaqqının yarısını sərf etməli olurlar.

Belə olduğu təqdirdə dərmanların sığorta sisteminə daxil edilməsi nə vaxt reallaşacaq? Dia.az-ın məlumatına görə, farmokoloq Aydın Əliyev Cebhe.info-ya bildirib ki, İcbari Tibbi Sığorta məsələsi əhalinin səhiyyə sistemində müəyyən dərəcədə maddi məsrəflərini azaltmaq məqsədi güdür:

“Digər tərəfdən, dərmanların qiymətinin dəyişməsi və s. məsələlərlə bağlı problemlər çoxdur. Tarif Şurası tərəfindən dərmanların qiymətinin dəyişməsi əvəllər də olub. Bu, onu göstərir ki, Azərbaycan özünü hələlik dərmanlarla təmin edə bilmir və xaricdən gətirilir. Hazırda bu sahədə bir sıra problemlər mövcuddur ki, buraya keyfiyyət- eyni dərmanın xaricdə və ölkəmizdə başqa tərkibdə olması, qiymət fərqləri daxildir. Bunlar ölkəmizdə dərman istehsalına başlanılana qədər davam edəcək. Artıq bizim buna gücümüz var. Bu problem həll olunmalıdır. Ölkədə imkanlı şəxslər var. Dərman zavodu işə düşməlidir. Bu zavod işə düşənə qədər Tarif Şurası bir qiymət deyəcək, bir müddət sonra həmin qiymətlərlə bağlı apteklərdə “bazar qiymətləri” söhbəti ortaya çıxacaq. Bundan başqa dərmanları gətirən sahibkarlar, ayrı-ayrı şəxslər tərəfindən müxtəlif qiymətlər təqdim ediləcək”.

O bildirib ki, Tarif Şurasının qiymətləri tam nəzarətdə saxlaması mümkün deyil:

“Ona görə də gərək dərman zavodlarımız işə düşsün və ondan sonra həm qiymətlərdə, həm də keyfiyyətdə əhalidə müəyyən razılıq yarana biləcək”.

Ancaq hansı dərmanın sığortaya daxil edilib-edilmədiyinə gəldikdə isə farmokoloq deyir ki, bunu nəinki əhali, həkimlər bilməyəcək:

“Bu məsələlərin kökü həll olunmayana qədər çoxsaylı problemlər ortaya çıxacaq və əhalinin də səhiyyəyə olan inamı zəif olacaq. Özümüz dərman istehsal etsək, hökumət qiymətləri idarə edə biləcək. Ancaq indi mümkün deyil. Nəinki əhali Tarif Şurasının qiymətləri dəyişdiyini, heç həkimlər bilmir. Mövcud problemin də kökü var. Məsələn, taxılı gətirə də bilərik, özümüz də yetişdirə bilərik. Dərman da eynidir. Ona görə də arzulayaq ki, imkanlarımız çoxalsın, dərman zavodlarımız işə düşsün. Hamı artıq hiss edir ki, dərman dünyada ən çox maliyyə gətirən vasitələrdən biridir. Bəlkə də silah alverindən sonra ikinci yerdədir. Ona görə də bu çox strateji məhsuldur. Tarif Şurasının qərarına hörmətlə yanaşırıq, ancaq özümüz istehsal etmədiyimizə görə tam nəzarət etmək mümkün deyil. Nəhayət, hökumətin bu zavodları işə salacağına inanıram”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi