General Rüstəm Muradovun sülhməramlılarla bağlı münəccimliyi
Rusiya sülhməramlı kontingentinin keçmiş komandiri general-leytenant Rüstəm Muradov Mahaçqalada keçirilən görüşdə TASS müxbirinə bildirib ki, Qarabağdakı sülhməramlı missiyanın müddətinin uzadılması barədə qərar qəbul ediləcək.
Muradov həmçinin qeyd edib ki, o, Rusiya sülhməramlılarının Dağlıq Qarabağdakı fəaliyyətini müsbət qiymətləndirir. Xankəndinə sığınmış separatçı qurumun "xarici işlər naziri" David Babayan da Rusiya sülhməramlılarının missiyasının uzadılacağına inanır. O da jurnalistlərlə görüşündə bildirib ki, Rusiya region üçün mənəvi məsuliyyət daşıyır: "Düşünürəm ki, Rusiya sülhməramlılarının missiyası uzadılacaq. Sadəcə olaraq, bunun alternativi yoxdur, çünki münaqişə hələ həll olunmayıb".
Azərbaycanın nəzarətində olan Fərrux kəndi ilə bağlı məsələyə toxunan Babayan deyib ki, bu, "Rusiya sülhməramlılarının nüfuzuna vurulmuş zərbə oldu". Babayan İrəvanı da şantaj edib: "Artsaxı itirsək, Ermənistan da olmayacaq. Bizim Azərbaycanda gələcəyimiz yoxdur. Biz indi de-fakto müstəqil ölkəyik".
General Rüstəm Muradovda bu əminlik haradandır? Rusiya sülhməramlılarının mandatının uzadılıb-uzadılmamasına Bakı qərar verəcəksə, ermənilər niyə indidən qalması üçün yalvarırlar? Babayanın "biz olmasaq, Ermənistan da olmayacaq" şantajı nə deməkdir? Gəlib Ermənistanı dağıdacağıq, yoxsa...
Milli.Az yeni müsavat-da dərc olunan məqaləni təqdim edir. Siyasi şərhçi Elçin Mirzəbəyli Muradovun başından yekə qələtə yol verdiyini qeyd etdi: "Ərazilərimizdəki Rusiya sülhməramlılarının missiyasının müddətinin uzadılması hüquqi baxımdan tamamilə Azərbaycanın səlahiyyətinə aid olan məsələdir. Nəinki Rüstəm Muradovun, heç onun Ali Baş Komandanının da missiyanın uzadılacağı barədə proqnoz vermək hüququ yoxdur. Hüquqi baxımdan, Muradovun açıqlaması məsuliyyətsizlik, siyasi aspektdən etik normaların pozulmasıdır. Sadə Azərbaycan dilində isə tərbiyəsizlik, "başından böyük qələt etmək" deməkdir. Məsələnin digər tərəfi isə Muradovun hətta öz siyasi rəhbərliyinin də səlahiyyətlərini mənimsəməsidir. Sülhməramlıların missiyasının müddəti yalnız Azərbaycan və Rusiyanın siyasi rəhbərliyinin razılaşması əsasında baş verə bilər. Görünür, Rüstəm Muradov özünü Rusiyanın gələcək prezidenti gözündə görür və 3 il sonra müzakirə ediləcək bir məsələnin nəticəsi ilə bağlı indidən "dəqiq proqnoz" verməyə çalışır. Amma Muradov unudur ki, qarşıdakı bir neçə il ərzində çox şey dəyişəcək və artıq dəyişməkdədir. Mənim proqnozlarıma görə, sülhməramlıların missiyası 10 noyabr bəyanatında nəzərdə tutulan vaxtdan da tez bitə bilər. Proqnoz verməyə nə var ki?
Əgər Rusiya siyasətçiləri və hərbçilərinin son 20 ildə verdikləri proqnozlar özünü doğrultsaydı, indi Rusiya dünyanın birinci iqtisadiyyatına malik idi və bütün bəşəriyyət saatını Moskva saatı ilə qururdu. Hər şeyi bir kənara qoyuram. Doğrusu, hərdən düşünürəm ki, Rusiya siyasətçiləri və hərbçiləri nə yeyib-içirlər ki, bu qədər səfeh iddialarla, məntiqsiz, arqumentsiz mülahizələrlə çıxış edə bilirlər? Heç bir tutarlı əsas gətirmədən, qüvvələr nisbətini, güc əmsalını, iqtisadi-siyasi aspektləri nəzərə almadan proqnoz verirlər? Rusiya aqressiv siyasəti ilə, əzici, hikkəli iddiaları ilə postsovet məkanındakı bütün xalqların sonsuz nifrətini qazanmaqdadır. Bilmirəm, bunların rus xalqının boğazından kəsərək yemlədikləri casus şəbəkələri, "beşinci kolon"larının təmsilçiləri onlara hansı məlumatları ötürürlər, amma əminliklə deyə bilərəm ki, soyuq müharibədən üzü bu yana Qərbin edə bilmədiklərini Putinin ətrafındakılar və onların ucuz təbliğatçıları 2008-ci ildən başlayaraq, "ən yüksək səviyyədə" ediblər və bu gün şər imperiyasından qurtulan xalqların təmsilçilərinin mütləq əksəriyyəti Rusiyanı özünə ən böyük təhlükə görür və bu ölkə ilə nəinki birlikdə olmaq, heç adını belə eşitmək istəmirlər. Mövcud siyasi mahiyyətinə görə Rusiya bəşəriyyətin dünənidir, keçmişidir. Ruslar bunu 1917-ci ildə, burjua inqilabı dönəmində anlaya, müasir dünyanın bir parçası ola bilmədilər və ona görə də özləri ilə yanaşı on milyonlarla insanı 70 il ərzində şərin girovuna çevirdilər. İndi XXI əsrdir və onlar yenə də 1917-ci ilin təfəkkürü və hikkəsi ilə yaşayırlar. Bu baxımdan, Rusiya siyasətçiləri ilk növbədə öz ölkələrinin gələcəyi haqqında düşünməli və proqnozlarını da bu istiqamətdə verməlidirlər. David Babayan adlı, hələlik ermənilərin özləri ilə İrəvana apara bilmədikləri "unitaz"dan gələn səsləri isə ciddi almamağı tövsiyə edirəm. Doğrudur, bu səsləri sülhməramlıların "başbilənləri"nin ifrazatının "doğurduğuna" şübhə etmirəm. İndiki şəraitdə, Moskvanın məqsədi Xankəndindəki "unitazları"nı qoruyub saxlamaqdan ibarətdir. Çünki bununla, öz düşüncələrinə görə, həm Bakını, həm də İrəvanı qıcıqlandırmaq istəyirlər. Amma Babayan bir məsələdə haqlıdır. Onun kimilərin Azərbaycan ərazilərində gələcəyi yoxdur. Niyyəti Azərbaycan dövlətini parçalamaq olan istənilən separatçını ya ədalət məhkəməsi, ya da antiterror əməliyyatında cəhənnəmə vasil olmaq perspektivi gözləyir".
Siyasi yazar Kənan Rövşənoğlunun isə mövqeyi bir qədər fərqlidir: "Muradov haqlıdır. Bu barədə qərar bəyanatda da göstərildiyi kimi, sazişin bitməsinə azı altı ay qalmış qəbul olunacaq. Və sənədə görə əgər tərəflər onun uzadılması barədə müraciət etmədiyi təqdirdə sülhməramlı qüvvələrin fəaliyyəti bitəcək. Amma aydın məsələdir ki, indiki halda Rusiya Qarabağdan çıxmaq istəməyəcək. Sülhməramlı qüvvələrin qalması üçün müxtəlif vasitələrə əl atılacaq. Separatçıların təmsilçisinin nə deməsi mühüm deyil. Mühüm olan Rusiya və Ermənistan rəhbərliyinin qərarı olacaq. Amma düşünürəm ki, qarşıda ən azı iki il var. Qarabağda Rusiya sülhməramlı qüvvələrinin taleyi həm də beynəlxalq siyasi vəziyyətdən asılı olacaq".
Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi Tural İsmayılov: "Qarabağda qalan çox az sayda separatçının bütün imkanları tükənib. Ümumilikdə, Xankəndindən qaçan ermənilərin sayında ciddi artımlar müşahidə edilir. Həmçinin Qarabağ terrorçularının yerli əhali arasında hansısa nüfuzu da yoxdur. Miqrasiya axınları qarşısında heç nə edə bilmirlər. Nəticədə Araik Arutyunyan və David Babayan kimi terrorçuların Paşinyan hakimiyyətini şantaj meyarları genişlənir. Rüstəm Muradov hazırda proseslə bağlı hansısa açıqlama verməməlidir. Azərbaycan dövlətinin sülhməramlıların sonrakı taleyi ilə bağlı hələ ki mövqeyi yoxdur. Azərbaycan tərəfindən münasibət olmamış və hələ 5 ilin tamam olmağına vaxt var ikən Muradovun bu özbaşına açıqlamaları etik və peşəkar deyil. Güman etmək olar ki, 5 ilin tamamında hələ də Xankəndində separatçılar təmizlənməmiş olsun və ümumilikdə 5 il ərzində bütün işləri yekunlaşdırmaq da çətindir. Azərbaycan hazırda köçkünlərin öz yurdlarına qayıtmağı üçün böyük yenidənqurma işləri həyata keçirir. Hər bir halda Muradovun sülhməramlıların sonrakı fəaliyyəti barədə indiki fikirləri hadisələri qabaqlamaq cəhdləridir. Eyni zamanda Xankəndi quldurlarının tək ümid yeri Rusiya olduğu üçün yalvarışları da davamlı olacaq. Hətta Paşinyan Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması barədə pozitiv açıqlama verərkən separatçılardan təzyiq kimi istifadə edirlər. Hazırkı Ermənistan iqtidarı ilə separatçılar arasında əlaqələr də əvvələ baxanda daha kövrəkdir. Xankəndi Azərbaycan ərazisidir və orada da bütün hüquqlarımız bərpa olacaq".