Sülhməramlılardan Azərbaycana YENİ HƏDƏ: Qarabağdakı postlar boşaldılır və…
Sülhməramlılardan Azərbaycana YENİ HƏDƏ: Qarabağdakı postlar boşaldılır və…
Hərbi ekspert: “Qarabağda yerləşən hərbi qüvvələri dünyada heç kim sülhməramlı qüvvə olaraq tanımır; postlarının sayı 27-dən artıq ola bilməz”
Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları iki nəzarət-buraxılış məntəqəsini ləğv edərək oradan çıxıblar. Erməni mediası xəbər verir ki, sökülən hər iki nəzarət-buraxılış məntəqəsi Xocavənd və Xocalı (Sos və Xaçmaç kəndləri) rayonlarında yerləşirdi.
Bildirilib ki, sülhməramlılar həmin kəndlərdə nəzarət-buraxılış məntəqəsi saxlamağı mənasız hesab edib, ona görə də onu söküblər. Ərazidən çıxan rusiyalı hərbçilərin hara köçürülməsi haqqında məlumat verilməyib.
Qeyd edək ki, ötən ay Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında dərc edilmiş xəritələrdən belə məlum olmuşdu ki, sülhməramlıların müşahidə post və məntəqələrinin sayı artırılıb. Bildirilirdi ki, sülhməramlıların məsuliyyət zonasındakı xəritədə müşahidə postlarının sayının 27-dən 33-ə qaldırıldığı qeyd olunub. Ancaq bir gün sonra xəritədə yenidən düzəliş edilib və postların sayı 10 noyabr razılaşmasında nəzərdə tutulduğu kimi 27-yə endirilib.
Bu arada Qarabağda yerləşən sülhməramlıların qolunda kvadrat içində “Z” hərfli şevron olan şəkillər yayılıb. Aydın görünür ki, bölgədə müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları bununla öz missiyalarından kənara çıxırlar.
Bu məlumat nə dərəcədə həqiqəti əks etdirə bilər və doğrudursa, sülhməramlılar bunu Bakının razılığı olmadan edə bilərmi? Ümumiyyətlə, postların sayını artırmaq səlahiyyətləri varmı? “Z” hərfi Rusiya ordusunun simvolunamı çevrilir?
Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, Rusiya sülhməramlı qüvvələri Azərbaycan ərazisinə daxil olduqdan indiyə qədər sülhün müdafiəsindən başqa hər cür işlərlə məşğuldurlar: “Nəticədə biz bu müddətdə ən müxtəlif problemlərlə üzləşmişik. Şuşa postunda Azərbaycan əsgərlərinin üzərinə qumbara atan erməni terrorçunu sülhməramlılar tutdular və dərhal azad etdilər. Separatçıları ruhlandıran, qızışdıran ən müxtəlif hərəkətlərə də sülhməramlılar dəfələrlə yol veriblər. Sülhməramlıların iştirakı ilə qanunsuz erməni silahlı dəstələri Azərbaycan ərazisində səngərlər qazıblar. Sülhməramlıların gözləri önündə silahlı ermənilər Ağdərə-Kəlbəcər yolunda Azərbaycanın yük daşıyan hərbi karvanına hücum ediblər. Bu kimi ən müxtəlif çoxsaylı hadisələr yaşanıb və yaşanmaqdadır ki, bu da Rusiya sülhməramlılarının öz missiyasını yerinə yetirmədiyini sübuta yetirir. Rusiyanın Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən qüvvələrinin davranışları sülhməramlı missiyası ilə uyğun gəlmir. 10 noyabr üçtərəfli bəyanatında göstərilir ki, Rusiya sülhməramlılarının 27 postu ola bilər və postların sayı Azərbaycanla razılaşmadan həyata keçirilə bilməz. İndi onlar Azərbaycanla razılaşmadan postların sayını artırırsa, əvvəla, bu, üçtərəfli bəyanatın pozulmasıdır, ikincisi, Azərbaycanın əsəblərini tarıma çəkməkdir. Ümumiyyətlə, Rusiya Müdafiə Nazirliyi son aylarda Azərbaycan Konstitusiyasına, beynəlxalq qanunlara və üçtərəfli bəyanata hörmətsizlik etməklə məşğuldur. Azərbaycana qarşı təxribatlara yol verilir. İndi bu post məsələsi də Azərbaycana qarşı növbəti təxribatdır. Ruslar Azərbaycanın ədalətli qələbəsini, yeni reallığı daxilən qəbul edə bilmirlər. Ona görə tez-tez təxribatlara, çirkin oyunlara əl atırlar. Bir daha deyirəm ki, 27 postdan yuxarı say tərkibini ruslar artıra bilməz. Artırıblarsa, tamamilə qanunsuzluq ediblər və artırılan postlar Azərbaycan ərazisində Azərbaycan dövləti ilə razılaşdırılmadan qurulmuş qanunsuz postlar sayılır”.
Hərbi ekspert onu da qeyd etdi ki, əslində Qarabağda yerləşən hərbi qüvvələri dünyada heç kim sülhməramlı qüvvə olaraq tanımır: “Onları dünyada sülhməramlı kimi tanıyan yoxdur. Nə BMT, nə də digər hansısa böyük bir beynəlxalq təşkilat Rusiya hərbçilərinə sülhməramlı statusu verib. Dünya birliyi də yaxşı bilir ki, Rusiya hərbi qüvvələri heç zaman sülhyaratma, sülhün qorunması ilə məşğul deyillər və olmayacaqlar da. Rusiya Silahlı Qüvvələrinin olduğu heç bir yerdə sülhün olması mümkün deyil. Çünki onlar sülhə qarşıdırlar, sülhün olmaması üçün hər cür təxribatlara əl atırlar”.
Hərbi polisin sabiq rəisi Rövşən Məhərrəmov: "Allah vətənimizi, dövlətimizi, Ordumuzu və əsgərlərimizi qorusun » Gundelik-Baku.Com
Rövşən Məhərrəmov
R.Məhərrəmov onu da dedi ki, rus sülhməramlılarının təcrübəli hərbçilərinin əksəriyyəti Ukraynaya aparılıb. Onların əvəzinə, təcrübəsiz yeni hərbi çağırışçılar Qarabağa gətirilib. Hazırda sülhməramlıların tərkibində zabit heyətinin sayı əvvəlki dövrlə müqayisədə çox azdır:
“O ki qaldı “Z” hərfinin rus sülhməramlı qüvvələrinin hərbçilərinin qoluna emblem kimi yazılmasına, bu da daha bir təxribatdır. Ukrayna müharibəsində Rusiya ”Z” hərfini bütün hərbi texnikasının, hərbçilərinin geyiminin üzərinə yazıb. Artıq bütün dünyada bu işarə işğalı, zorakılığı simvolizə etməkdədir. İndi rus sülhməramlılar qollarına “Z” hərfini yazmaqla həm də Azərbaycanı öz aləmlərində hədələyirlər. “Z” hərfi rus ordusunun işğalçılıq simvoluna çevrilib. Onların kənar ərazilərə çıxmasına gəlincə, buna Azərbaycan Silahlı Qüvvələri imkan verməməlidir. Sülhməramlı adlanan qüvvələrin nəzarətində hansı ərazilər olmalıdır, hamısı üçtərəfli bəyanatda əksini tapır. O ərazilərdən kənara çıxa bilməzlər”.
Həmsöhbətimiz vurğuladı ki, Azərbaycanın istənilən an qanunsuzluq edən sülhməramlıların ərazimizdən çıxarılması tələbini qoymaq hüququ var: “Azərbaycan bu hüququnun olduğunu Rusiyanın nəzərinə çatdırmalıdır. Mən hesab edirəm ki, rus sülhməramlıların Azərbaycan ərazisində yerləşməsi üçün nəzərdə tutulan beş il tamam olan kimi dərhal, həmin gün həmin qüvvələr Azərbaycan ərazisindən çıxarılmalıdır. Bu məsələni vaxtaşırı Rusiyanın diqqətinə çatdırmaq gərəkdir. Moskva əmin olmalıdır ki, Azərbaycanın mövqeyi qətidir. Əslində Azərbaycan sülhməramlı missiyadan uzaq olan rus hərbçilərinə qarşıdakı 3 il üçün güzəşt etdiyini Rusiyaya xatırlatmalıdır”.