"Avropada eynicinslilərin nikahı var, biz onu da götürməli deyilik ki…" - deputat
“Azərbaycan xalqının özünəməxsus mənəvi adət-ənənələri var. Bunlar çox qiymətlidir. Azərbaycanda bu kimi halların şəbəkələnməsi, yaradılmasının qəti əleyhinəyəm. Belə şey heç vaxt mümkün ola bilməz. Gələcəkdə, uzaq olsun, bu yaxın qohum evliliklərinə gətirib çıxara bilər. Bu Azərbaycan xalqının mental dəyərlərinə uyğun deyil”. Açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli Azərbaycanda sperma bankının yaradılmasının mümkünlüyü məsələsini şərh edərkən bildirib.
Deputat qeyd edib ki, əgər qanunvericlikdə xüsusi dəyişiklik olmazsa, bunu yaratmaq düzgün deyil: “Yalnız parlamentdə qəbul ediləcək qanun vasitəsilə belə halın yaranması mümkün olar. Əgər kimsə qanuna zidd şəkildə səhiyyədə belə bir sistem yaradıbsa, bunu özbaşnalıq hesab edirəm. Qanunvericilik qaydasında da bunun yaradılmasının tam əleyhinəyəm. Parlamentdə belə bir məsələ müzakirə olunsa birmənalı şəkildə əleyhinə çıxış edəcəm və deputat yoldaşlarıma da bildirəcəm ki, Azərbaycan xalqının milli dəyərlərinə uyğun olmayan bu kimi məsələlər gündəmə gəlməsin.”
Tahir Kərimli, həmçinin Qərb dövlətlərinin bu məsələyə olan yanaşmasına fikir bildirib. “Eşitdiyimə görə, hətta bəzi islam dövlətlərində də belə hallar müşahidə edilir. Bizdə belə bir şeyin olması qəti mümkün deyil. Ümumiyyətlə, belə şeylər cəmiyyətimiz üçün gərəksiz və lazımsızdır. Avropaya baxanda, iraq olsun, eynicinslilərin nikahı da var orda, biz indi onu da götürməli deyilik ki. Avropanın müsbət dəyərlərini, elmini götürək, belə şeyləri yox. Bildiyimə görə, hətta bəzi Qərb dövlətlərinin özündə belə bu kimi şeylərə qadağa var. Labaratoriya şəraitində bu kimi təcrübələrin aparılması, insanın genetik modifikasiyası, yaxud klonlaşma bir sıra dövlətlərdə birmənalı olaraq qadağandır. Azərbaycan üçün isə bu məsələ. ümumiyyətlə, qəbuledilməzdir.”
Mənbə:My Webpage