azia.az
azia.az

Şəkinin icra başçısına dərdini desə də... - GİLEY

14-04-2022, 10:51

Şəkinin icra başçısına dərdini desə də... - GİLEY
“İki həftədir evim yanıb, yeni doğulmuş körpəylə ortada çarəsiz qalmışam. İcra hakimiyyətinə müraciət etmişəm, deyir, gözlə… Nə bir sığınacaq verilir, nə bir yardım göstərilir”.

Martın 30-da Şəkidəki Cəfər Cabbarlı küçəsində 6 ailənin yaşadığı binada yanğın olub. Nəticədə binanın yanar konstruksiyaları və ailələrə məxsus ev əşyaları yanıb.

Yanğından zərər çəkənlərdən biri də evlərdən birinin sahibi Elxan Ağabalayev olub. Onun sözlərinə görə, aradan iki həftə keçsə də, sakinlər nə sığınacaqla təmin olunub, nə də kirayə ev tutulub:

“Səhər saat 10-da qonşuda qısaqapanmadan qəfil yanğın başladı, yanğınsöndürənlər gəlincə evlərimiz yandı, mənim evimin əsasən dam örtüyü yanıb, tamamilə yararsız vəziyyətə düşüb. İndi də yaz ayıdır, leysan vaxtıdır, bir yağış başlasa, evlərimiz suyun altında qalacaq”.

Ağabalayevlər ailəsinin durumunu çətinə salan səbəblərdən biri də yanğın hadisəsindən 3 gün sonra dünyaya gələn körpədir:

“Aprelin 3-də övladım dünyaya gəlib. 10 günlük körpəylə dam örtüyü olmayan evdə yaşamağa məcburam. Həm soyuq, həm yağış təhlükəsi… Kirayə ev tutmağa maddi imkanım yoxdur, yeni doğulmuş körpəylə kiminsə evinə sığınmaq da mümkün deyil”.
Elxan Ağabalayev Şəki Şəhər İcra Hakimiyyətinə, Memarlıq və Tikinti Şöbəsinə üz tutub. Ancaq ona bildirilib ki, yanğınla bağlı müvafiq ekspertizaların nəticələri 1 aydan sonra bəlli olacaq. Bu müddət ərzində isə hər hansı köməklik göstərə bilməzlər.

“İcra hakimiyyətinə getmişəm, vəziyyəti başa salmışam, deyirlər: “Birtəhər döz, nazirlikdən cavab gəlməlidir ki, həmin cavaba görə hərəkət edək”. Körpəni başa salmaq olmur ki, 1 ay soyuğa, yağışa dözmək lazımdır. Nə kirayəhaqqı verilir ki, ev tutaq, nə özləri ev tutur, nə də başqa bir sığınacaq verir ki, 1 ayı orada keçirək”.

Şəki Şəhər İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, barəsində danışılan yanğının səbəbləri ekspertiza rəyindən sonra bəlli olacaq. Əgər yanğın gərginliyin yüksək verilməsindən və ya naqillərdəki nasazlıqdan baş veribsə, vətəndaşlar kompensasiya üçün “Azərenerji”yə müraciət etməlidir. Əgər qonşunun səhlənkarlığından, texniki təhlükəsizliyə riayət etməməsindən baş veribsə, həmin mənzilləri yanğına səbəbkar olmuş qonşu təmir etdirməlidir.
Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi