Sumqayıtda ictimai iştirakçılıqla bağlı maarifləndirici tədbir keçirilib - FOTOLAR
Aprelin 1-də Sumqayıt Poeziya Evində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyi tərəfindən icra edilən “Regionlarda ictimai iştirakçılığın təşviqi” layihəsi çərçivəsində ictimai iştirakçılıqla bağlı maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən mütəmadi olaraq ictimai iştirakçılıq, ictimai nəzarətin gücləndirilməsi ilə bağlı vacib çağırışlar səsləndirilib: “Bu çağırışları əsas götürən “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyi bir neçə ildir ki, ictimai iştiraklılıq sahəsində maarifləndirmə və monitorinqlər həyata keçirir.”
Təşkilat olaraq hesab etdik ki, ictimai iştiraklılıq ilə bağlı təkcə mərkəzdə deyil, həmçinin regionlarda fəaliyyətlər genişlənməlidir. Bu baxımdan Sumqayıt şəhəri ictimai təşəbbüslərin icrası üçün real potensiala malik olduğu üçün bu şəhərdə ictimai iştirakçılığın və ictimai nəzarətin gücləndirilməsi üçün davamlı fəaliyyətlər həyata icra olunmalıdır – deyə Cəsarət Hüseynzadə qeyd edib.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Fərman Kazımov çıxışında Sumqayıtda vətəndaş cəmiyyəti təşkilatları ilə qurulan əməkdaşlıq əlaqələri və ötən il yaradılan İctimai Şura haqqında məlumat verib.
Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Layihələrin İdarə Edilməsi üzrə meneceri Xatirə Bəşirova təmsil etdiyi qurumun “Açıq hökumətin və ictimai nəzarətin təşviqi” mövzusunu prioritet hesab etdiyini və bu mövzuda layihələrə dəstək verdiklərini diqqətə çatdırıb.
Daha sonra layihə rəhbəri Cəsarət Hüseynzadə ictimai iştirakçılıqla bağlı təqdimatla çıxış edib. O, təqdimatında layihənin məqsədi, ictimai iştirakçılığa dair beynəlxalq sənədlər, ictimai iştirakçılığın əsas dəyərləri, Azərbaycan qanunvericiliyində ictimai iştirakçılıq, ictimai iştirakçılığın prinsipləri və formaları, Azərbaycanda ictimai şuraların yaradılması prosesi və digər vacib məqamlara toxunub.
Tədbir müzakirələr ilə davam edib. Sumqayıt Şəhəri İcra hakimiyyəti yanında İctimai Şuranın üzvləri, Sumqayıtda fəaliyyət göstərən qeyri – hökumət təşkilatları sədrləri və ictimai fəallar mövzu ətrafında çıxış ediblər.
Tədbirin sonunda iştirakçılara təşəkkürnamələr təqdim edilib.