Press-Reliz QHT imtiyazlı şəxslərə psixoloji yardım göstərir
“Beynəlxalq Əlillər Cəmiyyəti” İB Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Həssas sosial qruplara aid vətəndaşlar üçün tibbi, hüquqi və psixoloji xidmətlərin təşkili” adlı layihə həyata keçirir.
Layihənin icrası zamanı həssas sosial qruplara aid imtiyazlı vətəndaşların - bütün kateqoriyadan olan əlilliyi olan şəxslər, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşüb əlil olmuş şəxslər və döyüşçülər, şəhid ailələri və Milli Qəhrəman ailələri, məcburi köçkünlər, həmçinin əlilliyi olan məhbusların və onların ailə üzvlərinin tibbi-sosial, hüquqi, psixoloji problemləri öyrənilərək həlli istiqamətində işlər görüləcək, onlarla maarifləndirmə işləri aparılacaq, eyni zamnada onlara psixoloji xidmət göstəriləcək.
Bu gün İctimai Birliyin psixoloqu İbrahim Əsədli şəhid ailəsi ilə görüşmüşdür. Səyyarə Nəcəfovanın həyat yoldaşı Nəcəfov Qəhrəman Şadman oğlu birinci Qarabağ müharibəsində özünümüdafiə batalyonunda döyüşərək şəhid olmuşdur. Oğlu Səbuhi Nəcəfov isə DİN Daxili Qoşunlarının əməkdaşı olmuş, Ağdərə-Tərtər istiqamətində gedən döyüşlər zamanı şəhid olmuşdur. 30 ildir ki, oğlunun və həyat yoldaşının dərdini ürəyində daşıyan Səyyarə xanım, həm də kirayələrdə məcburi köçkün həyatı yaşayır. Bu illər ərzində keçirdiyi sarsıntılar ona çox əziyyət verir. Psixoloq İbrahim Əsədlinin Səyyarə xanımla apardığı psixoloji söhbətlər ona xeyli dəstək oldu.
Onu da qeyd edək ki, şəhid ailəsinin digər problemi ilə bağlı BƏC İB tərəfindən aidiyyəti dövlət təşkilatlarına rəsmi məktubla müraciət edilib.
Mətbuat Xidməti
10 mart 2022-ci il