“Azərbaycanda dini sahədə Türkiyə modeli...” - QMİ “budanır”!
Milli Məclis Azərbaycanda İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimlərinin təyinatı səlahiyyətinin Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) alınması ilə bağlı layihəni 3-cü oxunuşda müzakirəyə çıxarıb.“Dini etiqad azadlığı haqqında” qanunun 8-ci maddəsinə təklif olunan dəyişiklik layihəsinə əsasən, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimlərinin təyinatı səlahiyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (qurum) verilir. Müvafiq qurum təyinatla bağlı sadəcə Qafqaz Müsəlmanları İdarəsinə məlumat verəcək.
Qeyd edək ki, qanunun 8-ci maddəsinin hazırkı variantı belədir: “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimləri müvafiq icra hakimiyyəti orqanına məlumat verilməklə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyin olunur və hər beş ildən bir attestasiyadan keçir”.
Müzakirələrdən sonra qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib. DİA.AZ-ın məlumatına görə, məsələ ilə bağlı “Sherg.az”a danışan ilahiyyatçı-alim Elşad Miri bildirib ki, əslində bu sahədə islahatlar çoxdan başlayıb, bu birinci dəfə deyil:
“Hər dəfə Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyi bir yanlış etdiyi zaman bunlar islahat adı altında, yaxud da başqa formada həyata keçirilir. Dövlət Komitəsinin qurulmasının səbəbi də həmin vaxtı QMİ sədrinin güc göstərməsi idi. Bundan sonrakı son baş verən hadisələrdə də QMİ sədrinin Şuşada olarkən Qarabağın zəfərini İranın dini liderinin fətvası ilə əlaqələndirməsi idi. Yəni, bu proseslər yeni deyil. Hər dəfə belə hadisələr baş verdikcə onlara kimin kim olduğu göstərilir”.
E.Mirinin fikrincə, bu sahədəki işlər Türkiyə təcrübəsinə uyğun olaraq aparılır:
“Amma faktiki olaraq, prosesin yəqin ki, başlanğıcı var. Sanki Azərbaycanda dini məsələdə iki hakimiyyətlilik var. Ona görə də məsələyə son qoyulur. Fikrimcə, ola bilsin ki, Türkiyə modeli Azərbaycanda həyata keçirilməyə çalışılır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nizamnaməsində də yəqin, müəyyən dəyişikliklər edilərək, yaxud əlavə səlahiyyətlər verilərək, Türkiyənin “Diyanet İşleri Bakanlığı” kimi bir qurum formalaşdırırlar.QMİ-dən sonra həmin qurumun mövcudluğu üçün indidən təməli qoyulur”.
Mənbə:My Webpage