Mərkəzi Elmi Kitabxananın oxucuları üçün 2022-ci ildə istifadəyə verilən beynəlxalq e-resurslar
Son dönəmlərdə çap halında olan informasiyaların elektron versiyaya keçirilməsi halı geniş vüsət aldığından, ANKOSLİNK universitet və dünyanın müxtəlif elmi tədqiqat kitabxanalarını data bazalarla görüşdürməyi qarşısına məqsəd qoymuşdur. Ötən ilin 21-25 noyabr tarixlərində Mərkəzi Elmi Kitabxananın əməkdaşları Türkiyə Cümhuriyyətinin Antalya şəhərinə ezam olunaraq ANKOSLİNK konfransına qatılmış, orada sərgilənən müxtəlif məlumat bazaları ilə əlaqələr yaratmışlar. Xatırladaq ki, yarandığı gündən bu işi layiqincə yerinə yetirən ANKOSLİNK 60-dan çox nəşriyyatın 81 data bazaları ilə əməkdaşlıq edən beynəlxalq konfransdır. Konfransda iştirakın nəticəsi kimi 2022-ci ilin yanvar ayında Mərkəzi Elmi Kitabxananın baş direktoru professor Məmməd Əliyev “MC Grow Hill”in Türkiyə təmsilçisi Gaye Bağırsakçı və digər məlumat bazalarının təmsilçiləri ilə görüş keçirmişdir. Bu görüşün nəticəsində dünya səviyyəli müəlliflər tərəfindən hazırlanmış yüksək keyfiyyətli resursları özündə əks etdirən “MC Grow Hill” və “DataTurkey” məlumat bazaları Mərkəzi Elmi Kitabxananın oxucularının istifadəsinə verilmişdir.
“MC Grow Hill” – 134 ildən çox tarixə söykənən Amerika, İspaniya, İtaliya, London, Yaponiya, Çin, Avstraliya kimi 28 ölkədə fəaliyyət göstərir, qlobal miqyasda 3900-dən çox işçiyə malikdir və 60 dildə 135-dən çox ölkəyə məhsul və xidmətlər təklif edir. Şirkət eyni zamanda elm, tibb, mühəndislik sahələrini əhatə edən əhəmiyyətli rerursları istifadəçilərin istifadəsinə verməkdədir.
Mərkəzi Elmi kitabxananın rəsmi saytının beynəlxalq resurslar bölməsindən databazanın ingilis dilində tibb elminin Kardiologiya, Farmakologiya, Pediatriya, Hematologiya, Dermatologiya, Psixoterapiya sahələri üzrə elektron kitablar, elmi nəşrlər, CD formatında məlumatlar, habelə elmi məqalələr video görüntülər, mühəndislik sahəsində əhəmiyyətli nəşrlər öz əksini tapmaqdadır.
“Data Turkey” - iqtisadi, sosial və regional verilənləri birləşdirən məlumat bazasıdır. Müxtəlif dövlət və özəl universitetlər (Türkiyə Statistika Agentliyi, Türkiyə Mərkəzi Bankı) tərəfindən yaradılmış məlumatlara asanlıqla çıxışı və bu məlumatları bir platforma altında əldə etmək imkanını təmin edir. Daim yenilənən baza statistik, dinamik hesabat hazırlamaq, zaman seriyası, panel məlumat cədvəli yaratmaq, onları müxtəlif formatlarda yükləmək, müqayisəli cədvəllər yaratmaq və s. imkanı yaradan databaza eyni zamanda həm çap, həm elektron formatda müxtəlif kitab, jurnal, qəzet materialları ilə istifadəçilərə xidmət edir, məqalə yazanlar üçün geniş imkanlar yaradır.
Qeyd etmək istərdik ki, dünyanın əhəmiyyətli resursları hesab edilən bu məlumat bazalarından Mərkəzi Elmi Kitabxananın oxucusu olan hər bir kəs yararlana bilər. Alimlər bu sahələr üzrə ehtiyacları olan məlumatlardan Mərkəzi Elmi Kitabxananın xidmətindən istifadə edərək araşdırmalar apara bilərlər.
Sura Məmmədova və Aytən Xudiyeva
Azərbaycanşünaslıq və MRY şöbəsinin əməkdaşları