“Vəkil qurumlarının təşkili və fəaliyyəti haqqında” Qaydada dəyişiklik edildi
Bu gün Vəkillər Kollegiyası Rəyasət Heyətinin videokonfrans formatında növbəti iclası keçirilmişdir.
E-huquq.az xəbər verir ki, iclasda son dövrlər Vəkillər Kollegiyası tərəfindən görülən işlərin vəziyyəti və Kollegiyanın cari fəaliyyəti barədə ümumi məlumat verilmişdir.
Sonra vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və Ədliyyə Akademiyasında icbari təlimi uğurla başa vurmuş vəkilliyə namizədin onlayn andiçmə mərasimi keçirilmişdir.
Bunun yanaşı, “Vəkil qurumlarının təşkili və fəaliyyəti haqqında” Qaydada dəyişiklik edilməsi və dövlət hesabına göstərilən hüquqi yardımla bağlı vəkil hesabatının yeni forması ilə bağlı məsələlərə baxılmış və müsbət qərarlar qəbul edilmişdir. Həmçinin, dövlət hesabına göstərilən hüquqi yardımla bağlı mart ayı üzrə növbətçilik siyahıları təsdiq olunmuşdur.
Daha sonra, Vəkillər Kollegiyasının Vəkil Klubu tərəfindən təşkil edilmiş və 44 günlük şanlı Vətən Müharibəsinə həsr olunmuş “Qarabağ Azərbaycandır!” II Vəkil bədii yaradıcılıq müsabiqəsinin yekunlaşması, Vəkillər arasında “Nə? Harada? Nə zaman?” oyunu üzrə “I vəkil kuboku” tədbirinin təşkil edilməsi, o cümlədən 3 mart tarixində qadın vəkillərin görüşü ilə bağlı tədbirin təşkilati məsələləri iclas çərçivəsində müzakirə edilmişdir.
Bundan başqa, Bakı Dövlət Universitetinin Hüquq fakültəsi dekanlığının müraciətinə əsasən, həmin fakültənin tələbələrindən ibarət komandanın onlayn qaydada keçirilən Villem C. Vis Beynəlxalq Kommersiya Arbitrajı Müsabiqəsinə qatılmaq üçün nəzərdə tutulmuş qeydiyyat xərcləri və məşğələlərdə iştirak üçün texniki avadanlıqların olması barədə məsələyə baxılmış və iclasda 1000 (min) manat məbləğində maddi dəstək göstərilməsi ilə bağlı Rəyasət Heyəti tərəfindən müsbət qərar qəbul olunmuşdur.
Həmçinin, iclasda, vəkillərin başqa vəkil qurumuna keçmək, vəkil kabinetlərinin yaradılması və sairə məsələlərə baxılmış və müsbət qərarlar verilmişdir.
Bundan başqa, iclas çərçivəsində bir sıra intizam məsələlərinə baxılaraq müvafiq qərarlar qəbul edilmişdir.
Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılmışdır.