Mətbuatı saymayan icra başçıları... - Onlar kimlərdir? - SORĞU
Müxtəlif vaxtlarda regionlardan və Bakı şəhərindən vətəndaşların şikayəti üzrə icra hakimiyyətiləri ilə əlaqə saxlamağa çalışır, onların e-poçt ünvanına sorğularımızı göndəririk.
Eyni zamanda, təcilli açıqlama sözügedən qurumların internet saytında əlaqələri yerləşdirilən aidiyyəti şöbələrini yığırıq. Lakin bir neçə icra hakimiyyətləri istisna olmaqla telefon zənglərinə və e-poçt sorğularına operativ cavab verən olmur. Hətta çox vaxt günlərlə o sorğulara cavab gözləməli oluruq.
İcra hakimiyyətləri media ilə işini necə təşkil edib? Jurnalistlər onların media ilə işindən razıdırmı?
Bakupost.az məsələ ilə bağlı jurnalistlərin fikirlərini öyrənib.
Editor.az infomasiya portalının baş redaktoru Fərid Şahbazlı icra hakimiyyətlərində mətbuatla işin təşkili arzu olunan səviyyədə deyil:
“Bəzilərində bu struktur sadəcə formal xarakter daşıyır. Təəssüf ki, rayonlarda baş verən hadisələrlə bağlı icra hakimiyyətlərinin müvafiq şöbəsinin reaksiyasını çox gec görürük. Bu da sonradan arxadan atılan daşa bənzəyir. Həmçinin dəfələrlə icra hakimiyyətinin müvafiq şöbəsindən hansısa informasiyanı dəqiqləşdirməyə çalışmışıq, amma ya cavab olmayıb, ya çox çətinliklə hansısa bir cavab olub, ya da verdikləri cavab qaneedici səviyyədə olmayıb”.
Baş redaktorun fikrincə, icra hakimiyyətlərində bu şöbələrə jurnalistlərlə işləyəcək peşəkarlar təyin olunmalıdır:
“Sıradan bir məmuru bu vəzifəyə təyin etmək işin gedişini çətinləşdirir, jurnalistlərlə təmasın istənilən səviyyədə qurulmasına imkan vermir. Eyni zamanda icra hakimiyyətləri artıq qapalı qurum olmaqdan, “qala” kimi qorunmaqdan çıxmalıdır. Rayonlarda baş verən hadisələrə, verilən sorğulara operativ cavab verməlidirlər. Fəaliyyətimdə şahidi olmuşam ki, hətta icra hakimiyyətlərinin ictimai-siyasi məsələlər şöbəsi nəinki jurnalistləri tanımır, hətta qeyri-hökumət təşkilatlarının nə olduğunu başa düşə bilmirlər. Bunlar fəaliyyətimdə qarşılaşdığım problemlərdəndir. Hesab edirəm ki, icra hakimiyyətlərinin informasiya sektoru, eyni zamanda İctimai-siyasi məsələlər şöbəsinə peşəkar kadrlar cəlb olunmalıdır”.
Medianews.az saytının baş redaktoru Xəyalə Rəis məsələni belə şərh edib:
“Son bir neçə ildə icra hakimiyyətlərinin media əlaqələndiriciləri jurnalistlərin suallarını cavablandırmaq əvəzinə, "özümüz məlumat yayacağıq" deyib, medianı press-relizlərdən asılı vəziyyətə salmağa çalışırlar. Bu da heç xoşagələn hal deyil. O ki qaldı hansı icra hakimiyyətlərinin media ilə daha rahat çalışmasına, bu baxımdan Bakı şəhər İcra Hakimiyyəti və Abşeron Rayon İcra Hakimiyyətinin media ilə qurduğu iş qənaətbəxşdir”.
Trend informasiya agentliyinin əməkdaşı Samir Əli bildirib ki, rayon icra hakimiyyətlərinin əksəriyyətinin media ilə əlaqəsi sıfırdır:
"Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidməti digər qurumlara nisbətən normal fəaliyyət göstərir. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi də, mətbuat katibi də var. Hər iki şəxs media ilə tam normal əməkdaşlıq edir, jurnalist sorğularını cavabsız qoymurlar. Sumqayıt Şəhər İcra Hakimiyyətinin də Mətbuat xidməti media ilə əməkdaşlıqda maraqlıdır. Bu qurumun media ilə işi əvvəllər normal deyildi. Son illərdə bu vəzifə Eyvaz Qocayevə tapşırılandan sonra Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətinin fəaliyyətində müsbətə doğru xeyli irəliləyiş var. Hiss olunur ki mətbuat xidməti media ilə əməkdaşlığa maraqlıdır”.
S. Əlinin sözlərinə görə, Gəncə Şəhər İcra Hakimiyyətinin də mətbuat xidmətinin fəaliyyətini qənaətbəxş hesab etmək olar:
“Bu qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Gülnar Fazilqızı İH-nin fəaliyyəti barədə mətbuata mütəmadi açıqlamalar verir, rayon ərazisində baş verən hadisələrlə bağlı sorğuları gec olmadan cavablandırır”.
S. Əli qeyd edib ki, rayonlar arasında media ilə əməkdaşlığa maraq göstərən icra hakimiyyətləri arasında ən əlçatanı Abşeron Rayon İcra Hakimiyyətidir:
“Abşeron rayon İcra Hakimiyyətinin mətbuat katibi vəzifəsi olmasa belə, qurumun bu sahəyə məsul əməkdaşları medianın suallarını vaxtında və operativ cavablandırır. Abşeron rayonu ilə bağlı hər hansısa bir sorğu olarsa, qurumun əməkdaşı Seymur Qasımbəyli medianın sorğusunun hərtərəfli və operativ cavablandırılmasına yardım edir, jurnalistin hər hansısa bir sualını cavabsız qoymur.
Amma əksər rayon icra hakimiyyətlərində, ümumiyyətlə mətbuat katibi vəzifəsi yoxdur. Mətbuat katibi səlahiyyəti icra hakimiyyətlərinin məktublar, ictimai-siyasi şöbələrinə tapşırıldıqdan sonra onlar da media ilə əməkdaşlığa önəm vermir. İcra hakimiyyətlərində media ilə işləyən mətbuat katibi ştatı yaradılmalıdır. Bu ştat isə yaradılmır, ya icra başçıları bu məsələdə maraqlı deyil, ya da media ilə işləmək anlayışları yoxdur. Buna görə də rayon icra hakimiyyətlərinin əksəriyyətinin media ilə əlaqəsi sıfırdır”.
“Bakı-Xəbər” qəzetinin əməkdaşı İradə Sarıyeva icra hakimiyyətlərinin mətbuat xidmətlərinin əksəriyyətinin passiv olduğunu bildirib:
“Əvvəllər icra hakimiyyətlərinin mətbuat xidmətləri daha hazırlıqlı və operativ idilər. Bu gün bəziləri istisna olmaqla əksəriyyəti suallardan qaçır. Bütün güclərini səfərbər edirlər ki, jurnalist onu işıqlandırmasın. Demək olar ki, icra hakimiyyətlərinin mətbuat xidmətləri passivdir. Lakin bir qismi isə, əksinə, çalışır ki, jurnalistlərin sorğusuna operativ şəkildə cavab versin. Bir məqamı da qeyd edim ki, hansı mətbuat katibi mediadan o sahəyə təyin olunubsa, o, sorğuları cavablandırmaqda maraqlı olur. Amma hansılar ki təsadüfən o sahəyə gəliblər, onlar sualları cavablandırmaqdan qaçırlar. Amma özlərinin mətbuata işi düşəndə isə vəziyyət fərqli olur”.
Jurnalist qeyd edib ki, bu sahədə də qruplaşmalar var:
“Bu gün əksər qurumlarda olduğu kimi İcra Hakimiyyətləri də bir qrup media nümayəndələri və KİV-lə işləyirlər. Bu problem dövlət qurumlarının hamısında var və bu da jurnalistlərə problem yaradır. Yazılı sorğu göndərdiyimiz zaman operativ cavab almırıq. Ən azı üç gün gözləyirik. Bütün dövlət qurumları bunu nəzərə almalı və telefonla cavablandırmanı təmin etməlidir. Çünki hansısa məlumat onların xeyrinə getməyəndə mətbuat katibləri dərhal hay-küy salırlar ki, niyə bizim mövqeyimizi öyrənməmiş vermisiniz. O zaman biz jurnalistlər də konkret şəkildə “telefonunuza və e-poçt adresinizə baxın, görərsiniz sizi neçə dəfə aramışıq” deyirik. Ona görə də bu sahədə peşəkarları görmək istərdik”.
APA TV-nin əməkdaşı Aytən Sakitqızı vurğulayıb ki, icra hakimiyyətlərinin mətbuat xidməti ilə jurnalistlər arasında müəyyən balans pozulub:
“İstənilən qurumun Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə rəhbər təyin olunan şəxs bunun vəzifə yox, məsuliyyət olduğunu dərk etməlidir. Əgər vəzifən mətbuat və ictimaiyyətlə işləməkdirsə, o zaman operativ olmaq əsas şərtdir. Cənab Prezident İlham Əliyev etimad göstərib hansısa şəxsi rayona icra hakimiyyətinin başçısı təyin edirsə, o başçıların ən birinci vəzifəsi cənab Prezidentin etimadını doğrultmaqdır. Bu etimadı doğrultmağın yeganə yolu vətəndaş məmunluğuna nail olmaqdır. Nəzərə alınmalıdır ki, media da birbaşa vətəndaşlarla çalışır ,onların qurumlar, xüsusilə rayon icra hakimiyyətlərində qarşılaşdıqları süründürməçiliklər və digər problemlərlə bağlı çoxsaylı şikayətləri əsasında araşdırma aparlarır, açıqlama alır. Lakin bu gün bir qisim icra aidiyyəti şəxsləri işlərinin məsuliyyətini anlamırlar”.
A. Sakitqızının sözlərinə görə, icra hakimiyyətlərindən hansısa açıqlama almaq üçün günlərlə gözləmək lazım olur:
“Bu gün biz niyə hansısa sosial şəbəkələrdə bəzi mətbuat nümayəndələrini tənqid edirik? Çünki onların işinə qeyri-ciddi yanaşdığını görürük. Görünür, mətbuatla işin təşkili təkcə icra hakimiyyətlərindəki problemlə bitmir. Lakin mən özüm mətbuatla əlaqəmi geniş qurmuşam və istənilən vaxt da açıqlama alıram”.
Jurnalist Dilşad Xanlarqızı icra hakimiyyətləri ilə əlaqə qurmağın çox çətin oluğunu vurğulayıb:
“İcra hakimiyyətlərindən çox vaxt suallarımıza cavab verən şəxs tapılmır. Ümumiyyətlə, bəzən heç saytdakı nömrələri də cavab vermir”.
SİA informasiya agentliyinin jurnalisti Kəmalə Nəsibova qeyd edib ki, icra hakimiyyətləri ilə əlaqə qurmaqda heç bir problem yaşamır:
“İstər bölgələrdə, istərsə də Bakıda olan icra hakimiyyətləri ilə çox rahat əlaqə saxlaya və hər hansı bir hadisəyə münasibət öyrənə bilirəm. Xüsusilə də Gəncə şəhər, Şirvan, Cəlilabad rayonlarının icra hakimiyyətləri çox aktivdir”.
"Yeni Müsavat" qəzetinin əməkdaşı Xalidə Gərayın fikrincə, ötən illərlə müqayisədə bu il mətbuat xidmətlərinin rəhbərləri daha aktivdirlər:
"Mən Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən kifayət qədər razıyam. İstənilən sualımıza istər telefon, istərsə də vatsap üzərindən dərhal, qənaətbəxş cavab verilib. Halbuki 2-3 il əvvələ qədər jurnalistlər BŞİH-nin mətbuat xidmətindən hər zaman narazı qalırdılar.
Həmçinin Gəncə Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən müəyyən qədər razıyam. Suallarımız operativ olmasa da, yazılı şəkildə hər zaman cavablandırılıb.
Digər bölgələrdəki icra hakimiyyətlərinin mətbuat xidmətlərinə gəldikdə isə, bəzən onları tapmaq müşkül məsələyə çevrilir.
Ümumiyyətlə, istənilən qurumun mətbuat xidmətləri mətbuat, media ilə aktiv işləməlidir. Bu həm də onların özü üçün yaxşıdır. Çünki hansısa suallara cavab tapılmayanda ortaya bəzi əmmalar çıxır ki, belə olan halda artıq qurumlar tələsik açıqlama vermək məcburiyyətində qalırlar”.