Mehdiyevin icazəsi ilə Rəfael Hüseynov Ədəbiyyat Muzeyini bazara döndərmişdi - ƏTRAFLI
Bu gün kim çəkəcək AMEA reportajını? Ramiz Mehdiyevin kabinetdən karobkayığmaq mərasimi bitmədi? Bəlkə də oturub kreslosunda kiməsə torba tikir?…
AMEA-da Mahmud Kərimovun prezidentliyi dönəmində “Nizami muzeyi”nin direktoru, Ramiz Mehdiyevin “любимчик”i Rafael Hüseynov binanın birinci mərtəbəsini bazara döndərmişdi. Türkiyənin ünlü alimləri yox, bərbərləri Rafaelin adını tutub Bakıya gəlir, muzeyin birinci mərtəbəsində od qiymətinə yer kirayələyir, 50 manata saç kəsirdilər. Yves Rocher mağazası dönərxanaya, şərf dükanı təsbeh dükanına qarışmışdı.
Rəfael Hüseynov bu qədər mağazanı uzun illər birinci mərtəbədə yerləşən “Azərkitab”ın yerini qarış-qarış daraltmaqla açırdı. İş o yerə gəlmişdi ki, kitab mağazası 25-30 kv metrə sıxışdırılmış, müdir Vüqar Zeynalov bir küncdən taxta pilləkan düzəldib bodrum qatına qalxmış, 7-8 kv metrlik pəncərəsiz bir “otağa” yerləşməyə məcbur olmuşdu.
İndi Səbayelin İH başçısıdır Vüqar Zeynalov. Elə o damdakı kabinetdən ölkənin ən gözdə rayonunun başçılığına gedən yol da bizim “birgə mübarizəmizdən” başladı. Hərdən görürəm Nizami küçəsində… 6-7 nəfərlə gəzir, gözü də ayağının altını görmür) Sözüm onda yox…)
O zaman “Turan” İA-da işləyirdim. Vüqar indi deputat qoyulan bir nəfər vasitəsilə Mehman Əliyevdən xahiş etmişdi ki, Rəfael Hüseynovun Ədəbiyyat Muzeyini bazara döndərməsindən yazaq. Mehman bəy işi mənə tapşırdı. Vəziyyət gerçəkdən bərbad, həm də göz qabağında idi – xüsusi araşdırmaya gərək qalmırdı. Ancaq muzeyə ayrılan büdcə və xərclərlə bağlı faktları mənə ötürmüşdülər… Təkcə birini deyim – Rafael Hüseynov 14 ayda binanın parket döşəməsini 3 dəfə dəyişdirmişdi. Başdan-başa… Təsəvvür edirsiz? O boyda binanın parketini… Hər kəs bilir ki, parket tikinti materialları içərisində ən bahalılarından, həm də ən gec korlananlarındandır. Ən iti dişli siçovul belə bunu bacarmazdı.
Sonra büdcədən çırpışdırdıqlarını Ramiz əmisinə ötürüb əvəzində mandat aldı… Mandat alana qədər dil boğaza qoymayan, səhnələrdən, efirlərdən düşməyən Hüseynov birdən-birə oldu tikinti “uzmanı”. Vaxt onu belə “ucaltdı”. Sözüm onda da deyil…
O zaman ölkənin bütün ciddi çap mediası Turanın abunəçisi idi – eyni gündə bütün bu faktların sadalandığı yazı bəlkə, 10 qəzetdə çıxdı. Neçəsi manşetdən vermişdi. Aləm dəymişdi…
Mövzu gündəmdən düşmürdü. Rəfael də o başdan nələrsə döşəyirdi… Amma nə fayda? Yazdıqları birinci mərtəbədəki dönərxanaların tüstüsündə görünməz olurdu.
Növbəti yazıda qərara gəldik ki, AMEA prezidentinin də münasibətini öyrənməliyik. Getdim Rəyasət Heyətinə. 1-2 dəfə rəhmətlik Mahmud müəllimi yerində tapmadım. Bir gün saat 12.50-də ordan keçirdim, fikirləşdim ki, burdadırsa, 10 dəqiqəyə çıxıb nahara gedəcək. Düz 13.05-də gördüm akademik binadan çıxdı. Yaxınlaşdım, özümü təqdim elədim, dedim, burdan da görünən Nizami muzeyinin birinci mərtəbəsində nələr baş verdiyindən xəbərdarsınızmı, kitabı sıxışdırıb yerini əl-üz kreminə, dönərə, pərdəyə, şarfa veriblər? Dedi, qalxaq kabinetdə danışaq. O möhtəşəm binanın üçüncü mərtəbəsinə qalxdıq.
AMEA prezidentinin kabinetini ilk dəfə onda gördüm. Mirəsədulla Mirqasımovun, Yusif Məmmədəliyevin iş otağını… Bakının ən möhtəşəm tarixi abidələrindən birinin baş salonunun təkrarsız aurası var. Bundan sonra sağlam adama qismət olsun.
Mahmud Kərimov hər şeyi detallı danışdı. Bəlli oldu ki, Rafael Hüseynov bu işləri onunla məsləhətləşmədən edir, ad çəkmədən anlatdı ki, onun Rafaeli müdafiə edən adama gücü çatmır… Çox pərt idi. Dedi, o tərəfə baxanda xəcalət çəkirəm, amma bir şansımız var – Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanı ora dəvət etmək. Rəhmətlik onu da xahiş etdi ki, həm bu, həm də başqa kitab dükanları məsələsini gündəmdə saxlayaq.
Heç 1 həftə keçmədi Mehriban xanım mağazaya baş çəkdi. Düz 1 ay sonra bütün ticarət obyektləri ordan çıxarıldı, yanılmıramsa, 300 kv metr “Azərkitab”a ayrıldı. Vüqar Zeynalov xoşbəxt idi. Sonra onu başqa vəzifələrə irəli çəkdilər. Bakı İH Mədəniyyət İdarəsi, Nizami kinoteatrı ona tapşırıldı, sonda Səbayelə “başçı” təyin edildi. Kitab hərənin həyatında bir cür rol oynayır
Jurnalist həyatımın bu epizodu dünən Ramiz Mehdiyev AMEA binasının önündə müsahibə verməyəndə yadıma düşdü… Özünə akademik titulu yapışdırmaq asandır, adam olmaq çətin. Sözümün canı budur)KONKRET.az