Bakıda ərəbləri gəzdirən narkotacir oteldə necə yaxalandı...
Bakıda ərəbləri gəzdirən narkotacir oteldə necə yaxalandı...
Taksi fəaliyyəti ilə məşğul olan, daha çox ərəb turistlərinə xidmət edən, onları turistik yerlərə aparıb-gətirən 30 yaşlı Bakı sakini Vaqif Əsgərovun cinayət işi üzrə məhkəməsi yekunlaşıb. Elə ərəblərin qaldığı otellərdən birində saxlanılan Əsgərov narkotik maddələrin satışında təqsirli bilinib.
virtualaz.org xəbər verir ki, Nizami rayonu ərazisində gizlədilən narkotik vasitəni (metamfetamin) İran vətəndaşı “Rza” adlı şəxsin internet üzərindən ötürdüyü koordinatlar əsasında götürən Vaqif Əsgərov onu yaşadığı evə gətirərək bükümlərə ayırıb. İki gün sonra - sentyabrın 13-də Nərimanov rayonu ərazisində fəaliyyət göstərən otellərdən birinə gəlib. Polis əməkdaşlarının həmin mehmanxanada keçirdikləri əməliyyat tədbirləri zamanı V.Əsgərov saxlanılıb. Onun üzərinə baxış keçirilərkən 4 bükümdə ümumilikdə 10,839 qram metamfetamin aşkarlanaraq götürülüb.
V.Əsgərova qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.
Təqsirləndirilən Vaqif Əsgərov ifadəsində taksi sürücüsü işlədiyini, əsasən xarici qonaqları otellərə, otellərdən turistik yerlərə aparmaqla, onları qarşılayıb yola salmaqla məşğul olduğunu deyib. İşi ilə əlaqədar çox zaman gecələri oyaq qaldığını bildirib. Köklükdən əziyyət çəkən V.Əsgərov “patı”nın insanı arıqlatdığını və yuxusuzluq gətirdiyini öyrənib. Bu səbəbdən də “patı”dan istifadə etməyə başlayıb. İki il ərzində 135 kiloqramdan 95 kiloqrama düşüb.
V.Əsgərovun ifadəsinə görə, metamfetamini həbs olunmamışdan təxminən 20 gün əvvəl İran vətəndaşı kimi tanıdığı “Rza” adlı şəxsdən alıb.
“Onu sosial şəbəkədən qiyabi tanıyırdım. “Rza” ilə heç vaxt görüşməmişəm, yalnız “WhatsApp web”vasitəsilə əlaqə saxlamışam. “Rza”ya hər dəfə metamfetamin sifariş verdikdən sonra hər qramına 20 manat olmaqla hesabına pul köçürmüşəm. Ərazinin şəklini çəkib atdığı yerlərə gedərək “patı”nı oradan götürmüşəm”- təqsirləndirilən şəxs ifadəsində göstərib.
V.Əsgərov həbs olunmamışdan bir gün əvvəl “Rza”ya “WhatsApp”la zəng vurub 15 qram “patı” sifariş edib və onun hesabına əvvəlcə 200, sonrasa 100 manat köçürəcəyini deyib.
Sentyabrın 11-də Vaqif iranlının dediyi ünvana - “Sapfir” şadlıq sarayının yaxınlığına gəlib. Həmin ərazidə “Rza”nın ona koordinatlarını izah etdiyi yerdən “patı”nı götürüb. Zəng vurub “əmanət”i götürməsi ilə bağlı iranlını xəbərdarlıq edib: “Metamfetamini hissələrə böldüm. İki gün ərzində beş qramını özüm istifadə etdim. Yerdə qalan dörd bükümü şalvarımın cibində gizlətdim”.
V.Əsgərovun ifadəsinə görə, gecə saatlarında müştəri gözlədiyindən ailə üzvləri narahat olmasınlar deyə gecələmək üçün otelə gedib: ”Ərəb turistlərinin qaldıqları otellərdə demək olar ki, hamı məni tanıyırdı, hörmətimi saxlayırdı. Özümə bir otaq götürdüm, “patı”dan istifadə etdim. Müştəri mənimlə əlaqə saxlamadığından yatıb qaldım. Səhər saatlarında mülki geyimli üç nəfər şəxs otel otağına daxil oldular, özlərini təqdim etdilər, onlarla birgə Nərimanov Rayon Polis İdarəsinə getməyimi tələb etdilər. “Rza”dan aldığım “patı”nın bir hissəsi cibimdə idi. Başqa çıxış yolum olmadığını anladım və onlarla birgə polis idarəsinə getdim. Baxış zamanı cibimdəki bükümləri “Rza”dan aldığımı, narkotiki əldə etmə üsulunu polislərə söylədim”.
Təqsirləndirilən şəxs ifadəsində “patı” və “şüşə” qəbul etdiyini, əməlindən peşman olduğunu, lakin narkotik vasitələrin satışı ilə məşğul olmadığını deyib.
Məhkəmənin hökmü ilə Vaqif Əsgərov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İnarə Rafiqqızı