“Əbədiyaşar ulu öndərimiz Heydər Əliyev” mövzusunda tədbir keçirilib
“Əbədiyaşar ulu öndərimiz Heydər Əliyev” mövzusunda tədbir keçirilib
Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatında YAP Yasamal rayon təşkilatı, Yasamal rayon İcra Hakimiyyəti və AMEA Mərkəzi Elmi Kitabxanasının təşkilatçılığı ilə 12 dekabr ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Əbədiyaşar ulu öndərimiz Heydər Əliyev” mövzusunda tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə ümumilli lider Heydər Əliyevin büstünün üzərinə qızılgül dəstələri düzüblər, daha sonra foyedə AMEA Mərkəzi Elmi Kitabxanası tərəfindən hazırlanan ulu öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətini özündə əks etdirən kitablardan ibarət sərgi ilə tanış olublar.
Tədbirin rəsmi hissəsindən öncə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev iştirakçıları salamlayıb və qeyd edib ki, bu gün Azərbaycan xalqını dünyaya tanıdan, xalqımız üçün çox böyük xidmətlər göstərən, ölkəmizin adını bəşər tarixinə qızıl hərflərlə yazdıran bir şəxs, xalqımızın böyük oğlu, dahi insan, ulu öndər Heydər Əliyevin xatirəsinin işığına toplaşmışıq. Biz dahi şəxsiyyət Heydər Əliyevin qurucusu olduğu güclü və müasir bir ölkə olan Azərbaycanın vətəndaşı olmağımızla qürur duyuruq.
Daha sonra ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Çıxış edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bildirib ki, Heydər Əliyev həyatı boyu hansı məqamda, hansı vəzifədə olmağından asılı olmayaraq yalnız ürəyi Azərbaycanla döyünüb. Elşad Həsənov qeyd edib ki, müstəqil Azərbaycan yaşadıqca, ulu öndər Heydər Əliyev də ürəklərdə yaşayacaqdır.
Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, AMEA Riyaziyyat və Mexanika İnstitutunu direktoru, professor Misir Mərdanov Heydər Əliyevlə olan xatirələrini bölüşərək söyləyib ki, ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqımızın, dövlətimizin maraqlarını qoruyacaq və xalqımızın inkişafı ilə bağlı ən düzgün qərar verəcəkdir.
Sonra çıxış edən AMEA Mərkəzi Elmi Kitabxanasının baş direktoru, professor Məmməd Əliyev ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının qəlbində zamanla ölçülə bilməyəcək bir ömür əbədilik qazandığını bildirib.
Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov öz növbəsində qeyd edib ki, ulu öndər olmasaydı Azərbaycan adlı dövlətin mövcudluğundan, Azərbaycan xalqı olaraq mənəvi varlığımızdan söhbət belə gedə bilməzdi.
Sonra çıxış edən Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi, millət vəkili Telman İbadov Heydər Əliyevin həyatı və fəaliyyətinin gənclərimiz üçün əsl məktəb olduğunu, hər kəsin bu məktəbdən bəhrələnməyinin vacibliyini vurğulayıb.
Tədbirin bədii hissəsində xalq artisti Məleykə Əsədova çıxış edərək, ümummilli lider Heydər Əliyevə həsr etdiyi şeirini səsləndirib. Respublika İncəsənət Gimnaziyasının hazırladığı kompozisiya təqdim olunub.
Sonda xatirə şəkli çəkilib.
YAP Yasamal rayon təşkilatı