MEK-də Heydər Əliyev və Azərbaycan təhsili mövzusunda lektoriya
Görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin nəzəri irsində təhsil məsələləri hər zaman xüsusi yer tutub. Ulu öndər ölkənin və xalqın taleyində, inkişafında, təhsilin rolunu hər zaman yüksək dəyərləndirib. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) mütəmadi şəkildə keçirilən Heydər Əliyev lektoriyasının növbəti məşğələsi məhz “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusuna həsr edilib.
Təhsil işçilərinin, elm adamlarının, magistr, doktorant və dissertantların iştirakı ilə baş tutan lektoriyada MEK-in baş direktoru, professor Məmməd Əliyev ölkəyə istər birinci, istərsə də, ikinci dəfə rəhbərliyi dövründə ümummilli lider Heydər Əliyevin xalqın tərəqqisi üçün daim təhsilə verdiyi yüksək qiymətdən, Azərbaycan təhsilinin inkişafı naminə son dərəcə gördüyü böyük işlərdən, təhsillərini davam etdirmələri üçün dövlət hesabına tələbələrin xarici ölkələrə göndərilməsindən, ölkənin ən ucqar kəndlərində dünya standartlarına cavab verən məktəb binalarının tikilərək istifadəyə verilməsindən, təhsilin bugünkü inkişafında dahi liderin layiqli davamçısı, ölkə başçısı İlham Əliyevin gördüyü əvəzsiz xidmətlərdən danışıb, intellektual və savadlı gəncliyin, yüksəkixtisaslı kadrların yetişdirilməsində dövlət dəstəyindən bəhs edib. Baş direktor həmçinin, dahi liderin irisinin araşdırılmasında MEK-in oxucular üçün verdiyi əvəzsiz töhfələrdən də danışıb.
AMEA-nın müxbir üzvü, Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor, Əməkdar elm xadimi Misir Mərdanovun mövzu ətrafında geniş məruzəsi dinlənilib. Alim, ümummilli lider Heydər Əliyevi ölkəmizə rəhbərlik etdiyi dövrlərdə bütün sahələrin inkişafı üçün müdrik və məqsədyönlü siyasət həyata keçirən qüdrətli lider kimi xarakterizə edib. Vurğulanıb ki, dahi rəhbər SSRİ-nin ən nüfuzlu təhsil müəssisələrində azərbaycanlıların oxumasına çalışmış və bu istiqamətdə əsaslı dönüş olaraq milli kadr potensialının daha da gücləndirilməsinə şərait yaratmışdır. “SSRİ məkanında Azərbaycanda icbari təhsilin 11 illik pilləsinin təsdiqi, dərsliklərin şagirdlərə pulsuz paylanması ənənəsi, sentyabr ayının 1-i Bilik günü kimi qeyd edilməsi məhz dahi liderin təşəbbüsü ilə həyata keçirilib”-deyə professor Misir Mərdanov qeyd edib. Daha sonra natiq təhsil naziri işlədiyi dövrlərdə dahi liderlə bağlı xoş xatirələrini bölüşüb.
Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin dekanı, tarix elmləri doktoru, dosent İbrahim Kazımbəyli mövzu ətrafında çıxış edərək, ümimmilli lider Heydər Əliyevin rəhbərliyi ilə milli məfkurə, azərbaycançılıq ideologiyası istiqamətində görülən işlərdən söz açıb:- “Məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi o illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı, kadr korpusunun milliləşdirilməsi istiqamətində qətiyyətli addımlar atıldı. Azərbaycanın hərb tarixində təhsilli zabitlərin yetişdirilməsində Cəmşid Naxçivanski adına hərbi liseyin yaradılması da ümummilli liderimizin birbaşa diqqəti sayəsində həyata keçirildi. Məhz 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Zəfərimizdə, bu liseyin yetirmələrinin də xidməti əvəzsiz oldu”, deyə dosent İbrahim Kazımbəyli vurğulayıb.
Tədbirdə, həmçinin Bakı şəhər Nəsimi rayon Eldar Tağızadə adına 164№-li tam orta məktəbin direktoru Kəmalə Qədirova çıxış edərək ümummilli liderin dövlətçiliyimizinmöhkəmləndirilməsi istiqamətində gördüyü işlərdən, elmə, təhsilə, Azərbaycan müəlliminə verdiyi dəyərdən bəhs edib. Kəmalə Qədirova həmçinin çıxışında, Heydər Əliyev Fondu və bu fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, vitse prezident Mehriban xanım Əliyevanın daim təhsilin inkişafına verdiyi böyük töhfələrdən, fondun maliyyə vəsaiti hesabına respublikamızda təhsil müəssisələrinin təmirindən, tikilib istifadəyə verilməsindən danışıb.
Sonda tədbir iştirakçıları dahi lider Heydər Əliyevin təhsil sahəsində əvəzsiz xidmətlərindən bəhs edən nəşrlərdən ibarət sərgiyə baxıblar. Sərgidə professor Misir Mərdanovun “Azərbaycanın təhsil tarixi” 4 cilddə, “Azərbaycan təhsili: islahatların uğurlu nəticələri 2009-2010-cu illər”, akademik İsa Həbibbəylinin “Heydər Əliyev və Naxçıvan Dövlət Universiteti”, Habil Həmidovun “Heydər Əliyev və Azərbaycanda təhsil siyasəti”, Aynur Əliyevanın “Heydər Əliyev Fondunun Azərbaycan Respublikasında təhsil, səhiyyə, idmanın inkişafı və milli mənəvi dəyərlərin qorunmasında fəaliyyəti”, “Prezident İlham Əliyev və Azərbaycanda təhsilin inkişafı” və digər kitablar nümayiş olunub.
AMEA Mərkəzi Elmi Kitabxanasının
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
[email protected]
(012) 539-73-67 (daxili 14-14)