azia.az
azia.az

17 yaşlı qızın arzusu, 12 yaşlı oğlanın soyuq əli, arzuları qarsan müharibə

7-07-2019, 14:31


Hələ onda müharibə təzə alovlanırdı... Az qala hər ailədən bir nəfər döyüşə getmişdi. Rayonda evlərin qapısı ya döyüşə gedənlərə açılırdı, ya da tələm-tələsik doğmalarına baş çəkməyə gələnlərin qədəminə... Bəzən isə şəhid xəbəri hansısa isti ocağın qapısından qara yaylıq asırdı...
17 yaşlı qızın arzusu, 12 yaşlı oğlanın soyuq əli, arzuları qarsan müharibə
Rayon döyüşürdü... Amma Ağdam şəhər sakini Misir Əliyevin ailəsindən döyüşdə olan heç kim yox idi. Evin tək oğlu balaca idi. 50 yaşlı ata isə işlətdiyi avtobusla, gah yaralı daşıyırdı, gah silah-sursat, gah da sərnişin. Maşının hər tərəfi hər gün güllə izləri ilə “bəzənirdi”.

Nilufər onda Yevlaxdakı tibb məktəbinin 2-ci kursunda oxuyurdu. Bir gün ailə hamı bir yerə toplananda 2-ci kurs tələbəsi olan qızı atasına cəbhəyə getmək istədiyini deyir. Ata bu istəyi tam sakit qarşılayır. Cəbhədə hər gün baş verənləri görən Misir kişi bilirdi ki, döyüşdə tibb işçilərinə ciddi ehtiyac var. “Getmək istəyirsənsə, hospitala gedib kömək edə bilərsən”, - deyə bildirir. Ata-bala arasındakı bu söhbətdən iki gün sonra Ağdam Mərkəzi Xəstəxanasının bir hissəsində yerləşən 1 nömrəli Ağdam Hərbi Səhra Cərrahiyə Hospitalının kollektivinə 2-ci kurs tələbəsi olan gənc bir qız da qoşulur. Atası ilə hospitala gedən Nilufər Əliyevanı cərrahiyə şöbəsində palata tibb bacısı kimi işə götürürlər.

Ölümlə tanışlıq...

İlk iş günündə gənc tibb başçısı hospitalda qalmalı olur. İş rejimi sutka boyu idi. Artıq hərbi hospitalda işə başlayan qızından ayrılmalı olan ata gedəndə əyilib Nilufərə “heç nədən qorxma, hamı insandır, nəfəs almayanda isə, deməli, rəhəmətə gedib” deyə pıçıldayır. 17 yaşlı qız bir müddət yerindəcə donub qalır və atasının nə demək istədiyini başa düşməyə çalışırdı.

Həmin vaxt hərbi hospitala məxsus cəmi bir palatada çoxlu yaralı döyüşçü vardı. Nilufər xanım ilk iş gününü belə xatırlayır:

- Orda gördüklərimi heç vaxt unuda bilmərəm... Bizim necə dəyanətli, mətin hərbiçilərimiz vardı. O cür şəraitdə nəinki şikayət edərdilər, heç səslərini də çıxarmazdılar. Baxmayaraq ki, aralarında elələri vardı ki, çox ağır yaralıydı.

Cəmi bir neçə gündən sonra hospitalın dəhlizində xərəyin üstündə 12-13 yaşlarında bir uşaq gördüm. Üzüüstə uzanmışdı. İstədim ki, qaldırım keçib palatada uzansın. Üstü örtülü idi. Əlindən tutdum. Buza dönmüşdü. Ölümün soyuq üzü ilə ilk tanışlığım onda oldu...

Yaralılar arasında ailə sorağı...

Müharibə şiddətlənirdi. Ağdam şəhəri tez-tez artilleriya atəşinə məruz qaldığından, hospital rayonun Qaradağlı və Mahrızlı kəndlərində yerləşdirilir. Ağdam şəhəri ermənilər tərəfindən işğal olunduqdan sonra isə hərbi müalicə müəssisəsi qonşu Ağcabədi rayonuna köçürülür.
17 yaşlı qızın arzusu, 12 yaşlı oğlanın soyuq əli, arzuları qarsan müharibə
Gənc tibb bacısını isə bütün həyatı boyu görəcəyi ən dəhşətli mənzərələr gözləyirdi. O, şəhərin ermənilər tərəfindən işğalından sonra evlərinin dağıldığını bilsə də, ailəsindən xəbər tuta bilmir. Bir tərəfdən də yaralıların sayı o qədər çox idi ki, hətta Hərbi Tibb İdarəsinin balansında olan tibbi aviasiya vasitələri ən ağır yaralıları Ağcabədidən Bakıya daşımağa çatdıra bilmirdi... Qismən yüngül yaralıları hospitalın şəxsi heyəti növbə ilə təcili tibbi yardım maşınlarında paytaxta aparırdı.

Nilufər xanım deyir ki, müharibənin bütün amansızlıqları fonunda təzə yaranmaqda olan bir ordunun komandir və əsgər heyətinin qarşılıqlı münasibətini unutmaq olmur:

- Biz onları ancaq yaralı döyüşçü yoldaşlarını hospitala gətirəndə görürdük. İstər əsgər olsun, istər komandir, bir-birilərindən ötrü canlarından keçməyə hazır idilər. Həm döyüşürdülər, həm də tez-tez yaralılara baş çəkib səngərə qayıdırdılar. Kiməsə qan lazım olanda isə hərbiçilər özləri donorluq edirdilər.

Ölümə qalib gələn səhra həkimləri


Müharibə illərində həkimlərin peşəkarlıq səviyyəsinin nə yerdə olduğuna dair sualımıza həmsöhbətimiz belə cavab verir:

- Tibb bacısının həkim haqqında nəsə deməyi düz deyil. Amma onu deyə bilərəm ki, savadlı, güclü həkimlərimiz çox idi. Onların o dövrdə çəkdiyi əziyyətləri itirmək olmaz. Əllərindən gələndən daha çox çalışırdılar. Elə olurdu ki, yaralı o qədər çox olurdu ki, sutka ərzində əməliyyat otağından, palatadan çıxa bilmirdilər ki, heç olmaya, gün ərzində bir dəfə yemək yeyə bilsinlər.

Nəzərə alsaq ki, o vaxt biz müharibəyə hazır deyildik. Hər şey birdən başlamışdı. Bəzən tibbi ləvazimata, dərmanlara ciddi ehtiyac yaranırdı. Amma həkimlərimiz, şəxsi heyətimiz gərəkli olan vəsaitlərin vaxtlı-vaxtında hospitala çatdırılması üçün əlindən gələni əsirgəmirdi.

Həmin illərdə tibb xidmətinin keyfiyyəti, həkimin savadsızlığı və ya səhlənkarlığı üzündən həyatını itirənlərin olub-olmadığını soruşuruq.

Müsahibimiz “Müharibə sözünü eşidəndə ancaq həlak olanları və yaralıları xatırlayıram deyir. Biz hər bir yaralını xilas etmək üçün özümüzün ən doğma adamımızı ölümdən qurtarmağa çalışdığımız kimi davranırdıq. Bəzən kiməsə qan lazım olanda tibb heyətindən kimin göstəricisi uyğun gəlirdisə, gecikmədən qan verirdik.

Nə qədər çətin olsa da, hər kəs öz üzərinə düşən bu ağır, şərəfli vəzifənin öhdəsindən gəlməyə çalışırdı. Elə ona görə də bizim hospitalda həkim səhlənkarlığından, biganəliyindən həyatını itirən bir nəfər də yaralı olmadı.

“Müharibə Sizə nəyi öyrətdi?” sualına diksinən kimi olur həmsöhbətimiz.

- İnsan itkisini... Torpaq, yurd, ev həsrəti çəkməyi və uşaqlıq, gənclik arzularımın nə qədər çətinliklərlə əvəzləndiyinə öyrəşdim...

Müharibə və qadın



- Deyirlər, qadınlar zəif cinsdir, amma müharibədə qadınların rolu danılmazdır. Gülllə altında çalışmaq və zəriflik... Sualımızın nədən ibarət olduğunu bilir və sözümüzü kəsir.

- Bizim qızlar heç vaxt gözləmədi ki, kişi həmkarlarımız gəlib yaralını ya əməliyyat otağına aparsın, ya da cərrahiyə masasından palataya... Özümüz bacardığımız qədər hər işdə kömək edirdik. O vaxt döyüşdə də qızlarımız çox idi. Əgər Vətən dardadırsa, bunun güclü və ya zərif, kişi və ya qadın deyə bir anlamı yoxdur. Hər kəs bacardığı sahədə döyüşə getməlidir.

- Daha çox kim üçün darıxdırdınız?

- Darıxmaq üçün adama vaxt lazım deyilmi? Amma bizim vaxtımız olanda “material otağı” deyilən yer vardı, gedirdik ora, sarğıları, başqa tibbi ləvazimatlarını hazırlayırdıq. Çünki yaralıların ardı-arası kəsilmirdi. Dəhşətli döyüşlər gedirdi. Ona görə də biz hər an gələn yaralılara yardım etmək üçün hazır olmalıydıq.

- Müharibə və gənc bir qızın həyatı... Bu zaman kəsiyi Sizin taleyinizdə hansı rolları oynadı?

- Müharibə hansı rolu oynamadı ki? Heç bilmirəm hansını deyim! Tanıdığım, bir yerdə böyüdüyüm uşaqların həlak olduğunumu, yaralandığınımı deyim?! Gözümün önündə şəhid olan sinif yoldaşım... İtirilən torpağımız... Evimiz...

Ağdamın işğalından iki il sonra dözməyib həyatdan köçən atam... Müharibənin mənə bəxş elədiyi o qədər dərd yükü var ki...

- Əgər müharibə yenidən başlasa, səngərdə olacaqsınızmı?

- Əgər 17 yaşımda getmişəmsə, indi niyə kənara durum ki? Hər zaman bir insan, bir vətəndaş kimi əlimdən gələni edərəm Vətən üçün.

- Təbii ki, müharibədə döyüşənlərin böyük əksəriyyəti gənc oğlanlar, kişilər olur. Onlardan kimsə şəhid olanda, meyiti tapılmayanda onların analarının, bacılarının, həyat yoldaşlarının, qızlarının ağrılarını necə təsəvvür edirdiniz? O anda həmin qadınlara nəsə demək istəyirdinizmi, yadınızda qalıb keçirdiyiniz o ağrılar, hisslər?

- “Oğul çölün, qız evin bəzəyidir” deyib atalar. Şəhidlik ən uca zirvədir, hər kəsə nəsib olmur. Əgər Tanrı şəhidlərimizə o ucalığı nəsib edibsə, deməli, onların doğmalarına da mətanətli, dözümlü olmağı əta edib. Qoy, şəhid uşaqları həmişə öz ataları ilə fəxr etsinlər... Şəhidlərin həyat yoldaşları ərlərinə layiq övlad böyütsünlər. Bütün şəhid analarının isə əllərindən öpürəm...

P.S. Müharibə Nilufər xanımdan heç vaxt uzaq durmur. Hərbiçi zabitlə ailə qurur. Ailə həyatının böyük bir hissəsi cəbhədə xidmət aparan həyat yoldaşını gözləməklə, ona qulluq etməklə keçir. Elə bu gün də...

Teymur Zahidoğlu


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi